YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar daha etibarlı qarşılıqlı münasibətlərin formalaşmasına ciddi təsir göstərməkdədir

Əli Hüseynli

Milli Məclisin deputatı

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Tədbirdə proqram xarakterli geniş nitq söyləyən ölkə başçısı respublikanın iqtisadi göstəriciləri, sosial sfera ilə bağlı problemlər, inflyasiya, ərzaq təhlükəsizliyi, islahatların gedişi, azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, növbəti mərhələ üçün nəzərdə mtutulmuş layihələr və s. məsələlərə toxunub.

Hesab edirəm ki, bütün bunlarla yanaşı ölkə başçısının diqqət yönəltdiyi 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi mənzərəni əks etdirən hərbi-siyasi aspektlərin təhlili də çox maraqlı və əhəmiyyətlidir.

İlk növbədə Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar ikitərəfli və çoxtərəfli dövlətlərarası, həmçinin beynəlxaq təşkilatlarla daha mütəhərrik və mükəmməl münasibətlər formatının təzahür etməsinə ciddi təsir göstərməkdədir.  Ölkə başçısının sözlərinə görə, postmünaqişə dövrünün nəticələri deməyə əsas verir ki, bu istiqamətdə  qarşıda duran bütün vəzifələr uğurla icra icra edilir.

Cənab İlham Əliyevin müşavirədəki nitqinin əhəmiyyətli hissəsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair praqmatik təkliflər üzərində qurulub və ATƏT kimi təşkilatların bu məsələdə üzərinə düşən vəzifələrin yeürinə yetirilməsi barədə çağırışlardan ibarətdir. Prezidentin çıxışından bir daha aydın oldu ki, artıq ATƏT də, onun mandat verdiyi Mİnsk qrupu da Azərbaycanın Ermənistan üzərindəki qələbədən sonra yaratdığı reallığı qəbul edib: "Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər". Bu yaxınlarda BMT xətti ilə Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin məhz Şuşa şəhərində keçirilməsi söylənənlərin bariz nümunəsidir: “Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur”.

Azərbaycan-Ermənistan əlaqələrinin yaranması üçün ali səviyyədə verilən bəyanatlarda münaqişənin bitdiyi vurğulanır və qondarma “Dağlıq Qarabağ” ifadəsinə yer verilmir. Dövlət başçısının fikrincə, ATƏT bundan sonra konstruktiv mövqedə durmaqla Azərbaycan-Ermənistan münaqsibətlərinin normallaşmasına töhfə verə bilər. Ermənistanın Baş naziri Nikol Paşinyan Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 maddədən ibarət baza prinsipini qəbul edib: Brüssel görüşündə isə mən aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir”.

İndi Ermənistanın təcriddən çıxması və inkişafı, Azərbaycan və Türkiyə ilə əlaqələri beynəlxalq hüquq və norma və prinsiplər əsasında formalaşmalıdır. Bundan sonrakı proseslərin müsbət mənada inkişafı həmin bu zəmin üzərində davam etməlidir, vasitəçilərın xidmətlərinə ehtiyac duyulmadığı ikitərəfli və çoxtərəfli qarşılıqlı münasibətlərə üstünlük verilməlidir. Çünki hazırda ATƏT-in Minsk qrupunun de-fakto olaraq etibarsızlığı və və yararsız olması onun hüquqi əsasını da sual altına qoyur. Bununla bağlı Prezident İlham Əliyev demişdir: “Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir”.

Azərbaycan Ermənistanın növbəti dəfə qeyri-konstruktiv mövqeyə keçəcəyi risklərini hesablayır və yeni dünya nizamı yaradılması istiqamətində aparılan mübarizədə özünün müdafiə qabiliyyətini artırır. Prezidentin müşavirədə Azərbaycanın hərbi potensialına da diqqət çəkməsi həmin ismarıcı özündə cəmləşdirir  və perspektiv istiqamətləri göstərir. Bu perspektivdə Azərbaycanın başqa ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsi dayanır. Bu isə ölkəyə ən müasir  silah və texnikaların idxalının davam etdirilməsini zəruri edir. Hərbi yöndəki digər istiqamət Azərbaycan ordusunun Türkiyə modelinə, faktiki olaraq NATO standartına keçididir. Bunun tərkib hissələrindən biri də xüsusi təyinatlı qüvvələrin daha da təkmilləşdirilməsi və komando hərbi birliklərinin sayının artırılmasıdır.  Prezidentin çıxışındakı bu məqam Azərbaycanın müdafiə və təhlükəsizliyi üçün böyük işlər görüləcəyinin anonsu kimi qiymətləndirilə bilər: Biz heç nəyi unutmamışıq və unutmayacağıq. Ona görə müharibədən dərhal sonra bütün başqa bərpa işləri ilə bərabər, biz həmişə olduğu kimi hərbi sahəyə də fikir vermişik. Bildirməliyəm ki, müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası başlanmışdır, bəzi kontraktların icrası başa çatmışdır, bəzilərinin isə icrası davam edir”.

Ölkə başçısı müşavirədə Ermənistanın silahlanma ehtimalı ilə bağlı danışarkən paralel olaraq bir neçə mesaj vermək istəyini ortaya qoyub. Əvvəla, bundan öncə də olduğu kimi, Azərbaycan Ermənistana yön alaraq silah daşıyan bütün silah trafiklərinə nəzarət edəcək. İkincisi, Ermənistanı silahlandıran ölkə Azərbaycanın dostu ola bilməz. Ermənistan ordusunu silahla qidalandıran ölkələr isə münaqişə təcrübəsindən bizə bəllidir. Üçüncü əsas məqam isə ondan ibarətdir ki, Ermənistan revanşist ideyalarından əl çəkməlidir, sülhə, barışığa gəlməlidir, əks təqdirdə Azərbaycan yenidən başqa təzyiq formullarını işə salacaq: Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq”.

Prezident çıxış zamanı, eyni zamanda, bu yaxınlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində baş verən hadisələrə, Xankəndiyə təbii qazın verilişinin bərpa edilməsinə diqqət yönəldərək bəzi beynəlxalq təşkilatların və azərbaycanofob və türkofob qüvvələrin ölkəmizin tarixi uğurlarına qısqanclıqla yanaşması və ikili standartlarla bağlı tutarlı faktlara və arqumentlərə əsaslanaraq tarixi paralellər aparmışdır: “…Yaxşı, naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşamışlar. Kim məhrum etmişdi onları? Ermənilər və Ermənistan rəhbərliyi, Ermənistan dövləti. Bir adam, bir təşkilat, bir ölkə səsini qaldırmışdı? Yox! Biganə idilər. Amma bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin - Amerikadan tutmuş Avropaya qədər… Bunlar bir həftə qazsız qalıblar, bu, humanitar fəlakətdir? Bəs, Naxçıvan 15 il qazsız qalanda niyə humanitar fəlakət deyildi. Sualdır bu. Bu suala cavab var? Var! İkili standartlar və ayrı-seçkilik”.

Başqa bir misal Azərbaycanın hərbi qüdrətinə kölgə salmaq istəyənlərə cavabdır: “Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur”.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük əminlik və qürurla “…Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq”,-deyə söyləyərək  nitqinə beynəlxalq təşkilatlara müraciətlə davam etdirib onları ədalətli və vicdanlı olmağa dəvət etmişdir: “…Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar”.