YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir

Muxtar Nağıyev

YAP Səbail rayon təşkilatının sədri

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Bu, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının ölkəmizdə idmanın inkişafına böyük diqqət yetirməsi, eləcə də idmançılarımızın dünya idman arenalarında ölkəmizi layiqincə təmsil etmələri üçün onlara bütün şəraiti yaratmasının nəticəsidir. Belə ki, bu gün Azərbaycanın bütün bölgələrində idman meydançaları, ən müasir tipli olimpiya idman kompleksləri tikilib idmançılarımızın istifadəsinə verilmişdir. İdmançılarımız da dövlətimizin onlara göstərdiyi bu qayğıdan ruhlanaraq yüksək nəaliyyətlər əldə edir, xarici dövlətlərdə Azərbaycanın bayrağını yüksəklərə qaldırır, ölkəmizi tanıdırlar. Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşdə çıxışı zamanı da idmançılarımızın böyük qələbə ilə qayıtmasından qürur duyduğunu deyib: “Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Beləliklə, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır”.

Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla və mütərəqqi liderliyi ilə davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər hər bir azərbaycanlını sevindirir və bu qələbədən qürur duyur. Keçirilən görüşdə dövlət başçısı bildirib ki, Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik: «Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi. Ona görə əminəm ki, Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq və bugünkü qələbəni mən görülən bu işlərin ilk təzahürlərindən biri kimi qəbul edirəm",- deyən fikrini vurğulamaqla həm də bir amili önə çəkib - dünyanın ən mötəbər idman tədbirlərindən olan Olimpiya Oyunlarında Azərbaycan idmançılarının möhtəşəm qələbələr qazanması xüsusi qeyd edilməlidir.

Bəli, bu günlərdə Prezident İlham Əliyevin Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalaması bir daha dövlət başçısının idmançılarımıza dövlət qayğısının göstəricisidir. Sərəncama əsasən, böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1,0 (bir) milyon manat ayrılıb.

Dövlət başçımız görüşdə qeyd edib ki, idmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır və hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir.

Bir sözlə, Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Dövlət başçımızın vurğuladığı bu fikirlər uğurlarımızın tarixi Zəfərimizdən doğan növbəti qələbələrimizin müjdəçisidir və eyni zamanda, gücümüzün, qüdrətimizin bariz nümayişidir: «Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz».