YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi

Mansur Quliyev

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri  

1992-ci ildə BMT-yə üzv qəbul olunmaqla Azərbaycan, ilk növbədə, beynəlxalq səviyyədə özünün maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazanmışdı. BMT ilə əməkdaşlıq çərçivəsində respublikamız bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi, BMT-nin potensial imkanlarından istifadə etməklə problemin ədalətli həllinə çalışdı. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdi. Bu qətnamələrdə Dağlıq Qarabağ və digər ərazilərin işğalı faktı qeyd edilərək, Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması tələb olundu. 

Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələri düz 30 il kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə, işğalı davam etdirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xəttini tutdu. Təəssüf ki, nə qətnamələrin müəllifi olan BMT, nə də danışıqlar prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilk gündən işğalçı Ermənistana heç bir təzyiq göstərmədi. Baxmayaraq ki, son onilliklərdə ayrı-ayrı dövlətlərlə bağlı qətnamələrin ən qısa vaxtda icra olunmasına dair təcrübədə nümunələr mövcuddur. 

Eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin ciddi xəbərdarlıqlarına məhəl qoymayan ermənistan hərbi-siyasi rəhbərliyi daha revanşist və qəsbkar planlara əl atmağa başladı.

Belə bir vəziyyətdə daha da azğınlaşan, yeni müharibə planları hazırlayan, hərbi təxribatlarla məşğul olan, vaxtilə işğal etdiyi ərazilərimizdə humanitar cinayətlər törədən Ermənistan Azərbaycanın özü tərəfindən cəzalandırıldı. Bu ölkənin 2020-ci il sentyabrın 27-də törətdiyi təxribatlara cavab olaraq Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. Beləliklə, Azərbaycanın ərazilərinin işğal altında qalması ilə barışmayacağını BMT platformasında daim bəyan edən Prezident cənab İlham Əliyev “dəmir yumruq”la torpaqlarımızı azad etdi.

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində torpaqlarımız düşmən tapdağından azad olundu, Azərbaycan öz tarixi qələbəsi ilə bütün dünyaya səs saldı.