YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda XVIII Avrasiya İqtisadi Zirvəsi işə başlayıb

Aprelin 8-də İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVIII Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.

Tədbirə informasiya dəstəyi verən media sponsorları qrupuna Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) da daxildir.

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi açılış mərasimində əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib.

Azərbaycanın geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunduğu XVIII Avrasiya İqtisadi Zirvəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib. Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə dair maraqlı kadrlar da yer alıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Zirvə iştirakçılarına təbrik məktubunu oxuyub.

Təbrik məktubunda ölkəmizin Avrasiya məkanında inkişafın və tərəqqinin təmin olunmasında, Avropanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanıb. Dövlətimizin başçısı bu məsələlərin müzakirə olunduğu Avrasiya İqtisadi Zirvəsinin işinə uğurlar arzulayıb.

Zirvədə 50 ölkədən dövlət və hökumət rəhbərləri, hökumət üzvləri, digər rəsmi şəxslər, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, diplomatlar, deputatlar, keçmiş dövlət və hökumət başçıları iştirak edirlər.

İki gün davam edəcək tədbirin gündəliyinə “İpək yolu: iqtisadiyyat, enerji və maliyyə”, “Sülhə gedən yol”, “İnsanlıq hara gedir?” mövzularının müzakirəsi və digər məsələlər daxildir.

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin məruzəsi dinlənilib.

Daha sonra İstanbul valisi Vasip Şahinin, professorlar Erman Tuncerin, Temel Kotilin, Gökhan Murat Kalsının və digərlərinin çıxışları olub.

Çıxışlarda Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsi və Qərbə nəqli, bu sahədə həyata keçirilən siyasətin və layihələrin beynəlxalq əhəmiyyəti qeyd edilib.

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinə üzvlüyünün on ili tamam olan bir qrup şəxsə, o cümlədən Azərbaycanın energetika naziri Natiq Əliyevə qurumun təsisçisi olduğu “Şərəf” medalı təqdim edilib.

Zirvə aprelin 9-da işini davam etdirəcək.