YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin uğurlu nəticəsi

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə görüşü siyasi baxımdan ölkəmizin milli maraqlarını və mənafeyini əks etdirməklə müsbət nəticələrin əldə edilməsində irəliyə doğru növbəti addım kimi qiymətləndirilməlidir. Budəfəki danışıqlarda da rəsmi Bakı bundan əvvəl keçirilmiş 3 görüşdə olduğu kimi iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişinin imzalanması, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi kimi məsələlərin həllinin, eləcə də 10 noyabr bəyanatının müddəalarının həyata keçməsinin vacibliyini önə çəkib.

Regionun gələcək taleyində mühüm əhəmiyyət kəsb edən Brüssel görüşü təkçə Azərbaycanda və Ermənistanda deyil bütün dünyada eləcə də qərbdə böyük maraqla gözlənilirdi. Görünən budur ki, Avropa İttifaqı da Cənubi Qafqazda birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasına maraqlıdır. Brüsseldə hesab edirlər ki, Cənubi Qafqazda kommunikasiyaların mümkün qədər tez açılması region xalqlarına rifah gətirməklə bərabər Avropa qitəsinin enerji təhlükəsizliyinə də real töhfə verə bilər.

Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

Üçtərəfli 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılması təsbit edilib. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və danışıqların bunun əsasında aparılması deməkdir. “Dağlıq Qarabağ” ifadəsinin və ya keçmişin qalığı olan Minsk Qrupunun həmsədrlik institutuna istinadın olmadığı sənəddə diqqət çəkən əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır. Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.