YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüssel görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir

Cavid Osmanov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan  Ordusunun 44 günlük hərbi əməliyyatları nəticəsində torpaqlarımız düşmən tapdağından azad edildi və münaqişə bitdi. Post münaqişə dövründə isə bir sıra məsələlər var ki, onlar da öz həllini tapmalıdır. Əsasən bura sərhədlərin dəqiqləşdirilməsi, qarşılıqlı olaraq hər iki ölkənin biri-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, eyni zamanda nəqliyyat və kommunikasiyaların açılması kimi bir sıra məsələlər daxildir. Bütün bunların həlli istiqamətində Avropa İttifaqı, xüsusilə də ittifaqın Prezidenti Şarl Mişel tərəfindən vasitəçilik addımları atılmaqdadır. Bu formatda ilk üçtərəfli görüş 14 dekabr      2021-ci ildə keçirilib və nəticə etibarilə, cənab Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Ümumiyyətlə, post münaqişə dövründə görüşlər və danışıqlar cənab Prezident İlham Əliyevin Brüssel sülh gündəliyinin tərkib hissəsidir. Məhz 6 aprel görüşü də bu əsasda baş tutmuşdur. 4 saat yarımdan artıq davam edən üçtərəfli görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlasın və bunun üçün iki ölkənin Xarici İşlər Nazirliklərinə müəyyən təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılığın əldə olunduğu qeyd edilir. Delimitasiyanın tərkibi və nəticəsi isə sərhəddə gərginliyin aradan qaldırılması ilə nəticələnəcəkdir. Həmçinin Bəyanatda Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Diqqət çəkən digər mühüm bir məqam isə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, iqtisadi məşvərət şurası mexanizminin yaradılmasının təsdiq olunmasıdır. 

Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin keçmişin qalığı olan ATƏT-in  Minsk Qrupunun həmsədrlik institutina istinadın olmaması deməyə əsas verir ki, şərtləri birmənalı olraq diktə edən tərəf Azərbaycandır. Təbii ki, Azərbaycan bunu qalib ölkə olaraq edir və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət öz effektini verir.

Proseslərin gedişatı göstərir ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Avropa İttifaqı qərəzsiz tərəfdir və hər iki ölkənin bu təşkilata etimadı vardır. Post münaqişə dövründə isə məsələlərin həlli istiqamətində qərəzsiz bir vasitəçiliyin olması xüsusi önəm kəsb edir ki, bu, ölkəmiz üçün daha effektlidir. Burada xüsusilə Şarl Mişelin cənab Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir.

6 aprel görüşü və verilən Bəyanatdan bir daha aydın olur k, Azərbaycan qalib ölkə olaraq öz milli maraqlarına uyğun istədiyinə nail olur. Bir sözlə, bu görüşün nəticəsi birmənalı olaraq Azərbaycanının milli maraqları uğrunda cənab Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.