YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda sakinlərlə növbəti səyyar görüş keçirilib

Xətai Rayon İcra Hakimiyyəti başçısı və aparatın rəhbər işçiləri tərəfindən vətəndaşların qəbulu ilə yanaşı mövcud problemlərin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə səyyar görüşlər keçirilir.

Aprelin 7-də rayon ərazisindəki 17 saylı tam orta məktəbdə keçirilən növbəti görüşdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

Rafiq Quluyev Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizin və Zəfərimizdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin məhz dövlətimizin başçısının uğurlu siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayıb.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında bildirib ki, ölkəmizin hər bir bölgəsində, o cümlədən Xətai rayonunda geniş tikinti, abadlıq-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, sosial layihələr reallaşdırılır. Onun sözlərinə görə, ölkəmizin hər bölgəsində insanların rahatlığının təmin olunması, sahibkarlığın inkişafı üçün bütün lazımi işlər görülür. Vətəndaş məmnunluğunun artırılması üçün dövlət zəruri olan bütün addımları atır. Dövlətimizin başçısının əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində imzaladığı fərman və sərəncamlar vətəndaşlarımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndirən sakinlər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.