YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

2016-cı il aprelin əvvəlində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artileriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixdə qaldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz (Suqovuşan) kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Aprelin 1-dən 2-nə keçən gecə “Aprel müharibəsi” kimi tarixə düşən döyüşlərdə Azərbaycan bayrağının işğaldan azad olunmuş torpaqlara sancılması iki onillik sonra Ermənistan üzərində ilk strateji və siyasi qələbəmiz idi.

Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə inamını daha da möhkəmləndirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşündə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azerbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşlərində əldə edilmiş qələbə ilə bağlı bəyan etmişdi: “Son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyaın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, Aprel döyüşləri Ermənistanın təxribatı idi”.

Şanlı Ordumuz Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Azərbaycan tarixinə Aprel döyüşləri kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət kimi xarakterizə edilir. Belə ki, Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı qələbə vaxtilə işğal altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici addım oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin növbəti erməni təxribatına verdiyi layiqli cavab haqq mübarizəmizdəki qələbəyə inamımızı daha da artırdı. İllərlə doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın əzəli torpaqlarımıza ilk qayıdışı məhz Aprel döyüşlərində Azərbaycan əsgərinin nümayiş etdirdiyi qəhrəmanlıq sayəsində mümkün oldu. Əldə edilmiş şanlı qələbədən sonra ən qısa zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni qəsəbə salındı və Böyük Qayıdışa start verildi. Bu gün hər bir azərbaycanlı altı il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duyur. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

DİGƏR Xəbərlər Arxiv