YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlıların soyqırımı həqiqətlərinin üzə çıxarılması tarixi ədalətin bərpa olunması üçün böyük əhəmiyyətə malikdir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Tarixdən məlumdur ki, iki yüz ildən bəri Azərbaycan xalqı erməni şovinist-millətçi ünsürlərinin “Böyük Ermənistan” ideyası əsasında ərazi iddiaları, soyqırımı və etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdır. Bu müddət ərzində azərbaycanlılar amansız hücumlara məruz qalmış, öz doğma yurdlarından qovulmuş və ərazilərinin böyük bir hissəsini itirmişlər.

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxdı.

10 minlərlə insan öz torpaqlarından qovuldu. Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində qətlə yetirilənlərin sayı on minlərlə ölçülür ki, əllərinə düşən fürsətdən istifadə edərək uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qılıncdan, süngüdən keçirərək diri-diri yandırmaqla qətlə yetirərək törədilmiş soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamış və 31 martı “Azərbaycanlıların Soyqırımı Günü” elan etmişdir. Fərmanda  deyilirdi: “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlanan kütləvi məzarlıqdan tapılan insanların cəsədləri üzərində aparılan tibbi ekspertiza, antropoloji araşdırmalar məzarlıqda ermənilərin Qubada törətdiyi soyqırımı qurbanlarına aid olan 500-dək insan kəlləsi olduğunu və onlardan 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun isə qadınlara aid olduğu sübuta yetirildi.

Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, o cümlədən bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Ümumi sahəsi 3,5 hektar və 5 hissədən ibarət olan Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”

Milli soykökümüzə qayıtmaq, milli şüurun və tariximizdəki qara ləkələrin silinməsi, tarixi ədalətin bərpa olunması və azərbaycanlıların soyqırımı həqiqətlərinin üzə çıxarılması istiqamətində ümummilli lider Heydər Əliyev və onun yolunu uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin cəsarətli siyasəti və qəbul etdiyi dövlət qərarları Azərbaycan tarixinin öyrənilməsi, tarixi ədalətin bərpa olunması üçün böyük əhəmiyyətə malikdir.