YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda Novruz bayramı günlərində şəhid ailələri ziyarət olunub

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə qazandığımız 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn abşeronlu şəhidlərin ailələri Novruz bayramı günlərində ziyarət olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev və hüquq-mühafizə orqanlarının rəhbərləri rayon ərazisində yaşayan şəhid ailələrinə baş çəkərək, onların qayğıları və problemləri ilə maraqlanıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid mayor Həsənov Elşad Paşa oğlunun, “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına görə” medallarına layiq görülən Musayev Vüsal Zakir oğlunun, “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunan Ağakişiyev Nurlan Etibar oğlunun, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Heydərov Qadir Ədalət oğlunun, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən Allahverdiyev Babək Bəxtiyar oğlunun əvvəllər yaşadıqları evlərə baş çəkilib. Görüşlərdə igidlərimizin göstərdiyi şücaətlərdən, Azərbaycanın döyüş meydanında qazandığı Qələbədən, regionda gedən siyasi proseslərdən, respublikamızda olan sabitlikdən söz açılıb, ölkəmizdə həyata keçirilən ordu quruculuğundan və Silahlı Qüvvələrimizin qarşıya qoyulmuş vəzifələrə çatmaq gücündə olmasından bəhs edilib.

İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri daha sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid kapitan Quliyev Hətəmxan Məti oğlunun anadan olmasının 32-ci ili ilə əlaqədar Fəxri xiyabanda məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Daha sonra şəhidin əvvəllər yaşadığı Saray qəsəbəsindəki evinə baş çəkilib, ailənin qayğı və problemləri dinlənilib.

Bundan başqa, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid kapitan Xəlilov Ruhin Müzəffər oğlunun qızı Melisa Xəlilovanın doğum günü ilə əlaqədar onun da evində olub, şəhidin qızını təbrik edərək ailənin qayğıları ilə maraqlanıb.

Şəhid atası Müzəffər Xəlilovun müraciəti əsasında onların yaşadığı məhəllədə yerləşən “Xeyir-şər evi”nin təmir edildiyi və lazımi avadanlıqla təmin olunduğu vurğulanıb.

Şəhid ailələri dövlət tərəfindən onlara daim diqqət və qayğı göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.