YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Onların mövqeyinin xəyanətdən başqa adı yoxdur

Əli Hüseynli

Milli Məclisin deputatı

Azərbaycan Ordusu Vətən müharibəsindən sonra dislokasiya işləri apararaq mövqelərini möhkəmlədirməkdə davam edir. Bu prosesin davamı kimi martın 24-25-də aparılan əməliyyatlar nəticəsində Xocalı rayonunun Fərrux kəndi də Azərbaycanın tam nəzarəti altına keçib.

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Eyni zamanda Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atdı və beləliklə, 10 noyabr 2020-ci il tarixində üçtərəfli Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin imzası ilə təsdiq olunmuş bəyanat imzalandı.

Sənədə əsasən ərazilərimizin bir hissəsində, tarixi torpaqlarımızda müvəqqəti olaraq Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Fərrux kəndi də həmin ərazidədir. Bu yaşayış məntəqəsinin Azərbaycanın nəzarəti altına keçməsi 10 noyabr  üçtərəfli Moskva Bəyannaməsinin icrası istiqamətində həyata keçirilən tədbirlər planının tərkib hissəsi olaraq ən yüksək səviyyədə reallaşdırılan uğurlu hərbi və siyasi-diplomatik fəaliyyətin nəticəsidir. Ona görə də Azərbaycan Prezidentinin “nəyi, nə vaxt, necə edəcəyi” ifadəsi indi öz yerini bir daha təsdiqləmiş oldu.

Xalqımız bu müjdənin sevincini yaşadığı bir zamanda, təəssüf ki, bu tarixi prosesin gedişindən  əndişələnənlər də yox deyil. Məhz mətbuatda Rusiya tərəfinin Azərbaycanın sərt təpkisinə reaksiyasından sonra AXCP sədri Kərimov Əlinin, “cəbhə” funksioneri Fuad Qəhrəmanlının və onların havadarlarının guya “Azərbaycan iqtidarının bacarmadığı işlə məşğul olması” kimi qeybətlər üzərindən   dil-dil ötməsi bu şəxlərin Rusiyadaki antiazərbaycan klanı ilə əməkdaşlığının birbaşa sübutudur. Burada maraqlı bir sual yaranır: özlərini vətənpərvər sayan bu şəxslər martın 24-də Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi ilə bağlı xəbərin sevincini niyə bölüşmədilər, əcəba? Sadə məntiqlə belə çıxır ki, qarşı tərəfin reaksiyasını gözləyirmişlər... Bu baxımdan onların mövqeyinin  xəyanətdən başqa adı yoxdur.

Tarixi paralellər aparsaq, Kərimov Əli və onun dəstəsinin fəaliyyətində milli xəyanət kimi qiymətləndiriləcək belə faktların müxtəlif tarixi mərhələlərdə dəfələrlə təkrarlandığını müşahidə edə bilərik. Ötən əsrin 90-cı illərində onların Rusuiyadakı Qorbaçov-Yeltsin “demokratları” qruplaşması ilə əməkdaşlığı danılmaz fakt olaraq Azərbaycanın müstəqilliyi əleyhinə işləyirdi.

“Rəngli inqilab”ların, “ərəb baharı”nın bir nümunəsini də ölkəmizdə həyata keçirmək istəyən AXCP və üzdəniraq Milli Şuranın 2013-cü ilin Prezident seçkiləri ərəfəsində Rusiyadakı “milyonerlər ittifaqı” ilə isti münasibətlərinin üzə çıxmasını da xatırlatmaq yerinə düşər.

44 günlük Vətən müharibəsi zamanı ölkədə formalaşmış yeni milli birlik və siyasi həmrəylik çağırışına qoşulmayan AXCP bu davranışı ilə milli maraqlara heç də tam uyğun olmayan  bir mövqe sərgiləmiş oldu.

Hər zaman olduğu kimi, son aylar Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı dünyada yaranmış mürəkkəb geosiyasi vəziyyətdə də Azərbaycan xalqının maraqları naminə ölkə rəhbərinin ortaya qoyduğu çevik diplomatik gedişlərə, uzaq perspektivlərə hesablanmış siyasi kursa xələl gətirmək cəhdləri tamamilə iflasa uğrayıb.