YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı milli həmrəylik, yüksək mənəviyyat bayramıdır

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Azərbaycan təkcə iqtisadiyyatı, resursları, sosial inkişafı, sabitlik məkanı kimi deyil, eyni zamanda maddi-mədəni, tarixi, dini abidələri, gözəl adət-ənənələri, folkloru, incəsənəti, musiqisi ilə fəxr edə biləcək ölkələrdəndir. Çox zəngin potensiala malik olan Azərbaycanın özünəməxsus  dəyərlərinə dünya dövlətlərinin maraq göstərməsinin bir çox obyektiv səbəbləri vardır. Bunların sırasında  ölkəmizin reallıqları, tarixi, bu günü və bəşəriyyətin mədəni inkişafına, mədəniyyətlər arası və sivilizasiyalar arası dialoqa, tolerantlığın, humanizmin tərəqqisinə verdiyi töhfəsi dayanır.  Azərbaycan xalqının min illər boyu formalaşan milli-mənəvi dəyərləri, mədəniyyəti xalqımızın keçmişi ilə bu günü və gələcəyi arasında mənəvi körpü yaradıb. Belə dəyərlərin öyrənilməsi, onların təbliği, hər zaman aktualdır. Məlumdur ki, sovet imperiyası dövründə yaşadığımız zaman kommunist ideoloji mühiti milli-mənəvi dəyərlərimizin, dini-milli adət və ənənələrimizin öyrənilməsinə və təbliğinə müəyyən qədər qadağalar qoysa da, Azərbaycan azad, müstəqil dövlətə çevrildikdən sonra xalqımızın bu və ya digər dəyərlərinə xüsusi olaraq diqqət yetirilməyə başlandı. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi xalqın fəxr mənbəyi olaraq dünya mədəniyyətinə töhfələrini vermiş oldu. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın milli dəyərlərinə maraq və məhəbbət hissini daha da artırdı. Təsadüfi deyil ki, milli və ailə dəyərlərinin, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyirdi. “Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən, Prezident İlham Əliyevin dövlət-din sahəsində həyata keçirdiyi siyasət əslində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır.

Xalqımızın milli-mənəvi irsinin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısına və etibarlı müdafiəçisinə çevrilmişdir. Azərbaycanın birinci xanımının milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliğ olunması üçün həyata keçirdiyi layihələr onun əsl vətəndaşlıq mövqeyinin, yüksək mənəvi keyfiyyətlərə malik olmasının bariz nümunələridir. Onun səyi nəticəsində 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunmuşdur.

Bir məsələni də vurğulamaq lazımdır ki, dünyada gedən qloballaşma prosesində milli dövlətçilik ideyaları, milli mədəniyyətin və dəyərlərin qorunması və ötürülməsi məsələsi xüsusi olaraq diqqətdə saxlanılmılıdır.   Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, “müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Biz öz mədəniyyətimizi, adət-ənənələrimizi daha geniş miqyasda təbliğ etmək, qorumaq, gələcək nəsillərə çatdırmaq kimi çox mühüm vəzifənin öhdəsindən ləyaqətlə gəlməliyik. Ölkəmizi daim müstəqil saxlamaq, kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır”. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli- mənəvi dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var.  Burada ailə dəyərləri, ailə mühiti, ailədə yetişən yeni nəslə verilən tərbiyə də xüsusi olaraq qeyd edilməlidir. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, cəmiyyəti əxlaqi, milli  vətənəpərvərlik baxımından  düzgün  istiqamətə yönəltməsindən,  onları  saf  təməllər üzərində tərbiyə etməsindən  asılıdır.   Bu baxımdan bütün dövrlərdə ailə dəyərləri, ata-ana, baba-nənə tərbiyəsi, ağsaqqal - ağbirçək nəsihəti, milli mənəvi dəyərlər, adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında  əvəzsiz rol oynayır.

Hər il xalqımız bu bayramı böyük coşqu ilə qeyd edir. Azərbaycan Prezidenti cənab  İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını  təbrik edir.

Novruz- indiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram ən kütləvi xalq və həm də ailə bayramıdır.  Bu bayramın insanlara, cəmiyyətə ötürdüyü çox mühüm mənəvi ismarıcları var. Qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudar, küsülülər barışar, ziddiyyətlər aradan götürülər. Ona görə də Novruz bayramı həm də  dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində bu gün biz ölkəmizdə milli həmrəyliyi, vətəndaş  birliyinin şahidiyik. 44 günlük Vətən müharibəsində hər bir vətəndaşımız bir yumruq kimi birləşərək erməni faşizminə qalib gəldi, Qarabağı işğaldan azad etdi. Artıq işğaldan azad olan torpaqlarımızda bayram tonqalları yandırılır, burada böyük quruculuq işləri aparılır. Ölkədə yaranan siyasi dialoq və əməkdaşlıq öz mühüm töhfəsini verməkdədir. 

Novruz bayramının fəlsəfi, sosial mahiyyətinin əsasında bir harmoniya vardır. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən bu bayram  milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır. Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın. Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, döstlarımızı  unutmuruq, onlara bayram payı göndərilirik. Belə yüksək  əxlaqi-mənəvi  keyfiyyətləri aşılayan ailələrimiz milli və bəşəri dəyərlərə hörmətlər yanaşan vətənpərvər nəsil yetişdirir.

Novruz bayramı zamanı  hər kəs yad edilir,  insanlar dünyadan köçən əzizlərini, doğmalarını ziyarət edir.  Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, etməni terrorunun qurbanı olan dinc əhalimizi dərin ehtiram və hörmət hissi ilə yad edirik. Yaralı əsgərlərimizə, vətədaşlarımıza Allahdan şəfa diləyirik! Bu əziz günlərdə heç kəs onları, ailələrini tək qoymur. Bu bizim adətlərimizdən, igid oğullarımıza, qardaşlarımıza, bacılarımıza, balalarımıza olan mənəvi borcumuzdan irəli gəlir.

Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. Arzu edirəm ki, Azərbaycanımızın dövlət müstəqilliyi daha da möhkəmlənsin, güclənsin, tərəqqi etsin! Xalqımız  sülh və əmin-amanlıq şəraitində, xoşbəxt və firavan yaşasın!