YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın hər zaman alternativ seçimləri və imkanları var

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Postmüharibə dövründə Azərbaycan çox mühüm təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında atılan addımlar ölkəmizin hərbi Qələbəsinin diplomatik müstəvidə möhkəmlənməsini təmin edir. Bu, həm də regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması baxımından əhəmiyyətlidir.

Azərbaycan indiyə qədər vacib strateji layihələr reallaşdırıb, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən dizayn edib. 44 günlük Vətən müharibəsindən sonra bölgədə kommunikasiyaların bərpası da Prezident İlham Əliyevin diqqət mərkəzindədir və Azərbaycanın strateji gündəliyinin mühüm tərkib hissəsidir. Bu istiqamətdə zəruri addımlar atılır. Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması da bu səpkidə böyük önəm daşıyır.

Memorandumun imzalanması həm geosiyasi, həm də iqtisadi əhəmiyyətə malikdir. Çünki bununla Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsi, eləcə də rabitə və enerji təminatı xətləri yaradılır. Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək.

Layihənin icrası Naxçıvan MR-in blokadadan çıxması, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılması baxımından da olduqca önəmlidir. Bu isə Azərbaycanın əsas strateji məqsədlərindən birinə nail olacağını göstərir. Bütün bunlar deməyə əsas verir ki, Anlaşma Memorandumunun imzalanması Azərbaycanın yeni diplomatik nailiyyəti və tarixi hadisədir.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan qətiyyətli mövqe sərgiləsə və müvafiq addımlar atsa da, Ermənistan bir sıra öhdəliklərin yerinə yetirilməsindən yayınmağa çalışıb. Xüsusilə də, regionda kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar İrəvan bu günə qədər vaxtı uzatmağa çalışıb, konkret mövqe ortaya qoymayıb. Azərbaycan isə təsdiqləyib ki, bütün hallarda, hər cür şəraitdə alternativ seçimləri və imkanları var. Ölkəmizin bəhs olunan Anlaşma Memorandumunun imzalanması ilə Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısının yaradılmasına nail olması da bunun əyani təsdiqidir.

İndi zaman Azərbaycanın lehinə, Ermənistanın isə əleyhinə işləyir. Ölkəmiz öz strateji hədəflərinə doğru addım-addım irəliləyir. Məğlub ölkənin isə regional təcrid vəziyyəti dərinləşir. Azərbaycan strateji seçimini edib – rifah və inkişafa yönəlik yeni regional nizam yaradır. İndi söz sırası İrəvandadır. Ya konstruktiv davranıb yeni reallıqlardan faydalanacaq, ya da siyasi xaos və iqtisadi tənəzzül şəraitində çırpınışlarını davam etdirəcək.