YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz dünyanın diqqət mərkəzinə çevrilib

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Dünya birliyndəki reytinqi sürətlə yüksələn, Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycan son günlər bir daha dünyanın diqqət mərkəzinə çevrilib. Deyə bilərik ki, son həftə ərzində baş verən siyasi proseslər Prezident İlham Əliyevin tam müstəqil siyasətinin, etibarlı tərəfdaşlığının yaratdığı reallığı şərtləndirir. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi, ardınca İlham Əliyevin Vladimir Putinin dəvəti ilə Rusiyaya səfəri, zəngin keçən görüş, müzakirə edilən mühüm məsələlər, ardınca 30 ölkədən 64 beyin mərkəzinin nümayəndələrinin iştirakı ilə ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda İlham Əliyevin çıxışı, verdiyi mesajlar, Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri, imzalanan yeni sənədlər, əldə olunan razılaşmalar - bütün bunlar cəmi bir neşə gün ərzində reallaşdı.

Məhz bu baxımdan Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərindəki çıxışları böyük maraqla qarşılanır. Cənab Prezidentin bu günlərdə reallaşan Almaniyaya işgüzar səfəri və bu ölkənin paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində  iştirakı, həmçinin tədbirdəki çıxışı, mətbuat konfransı və digər görüşləri beynəlxalq aləmdə diqqətlə izlənilib.

Azərbaycan daim Avropa ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verir. Son zamanlar Almaniya-Azərbaycan əlaqələrinin inkişafı da bu önəmin uğurlu icrasının göstəricisidir. Prezident İlham Əliyev Almaniya-Azərbaycan əlaqələrinin inkişafının həm ölkələrimiz üçün, həm də bütövlükdə, Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb etdiyni bildirib.

Dövlətimizin başçısı bu il Azərbaycanın COP29-a evsahibliyi edəcəyini diqqətə çatdıraraq bildirib ki, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Prezident qeyd edib ki, Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Bu məsələlər davamlı olaraq icra olunacaq.

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əsas ölkələrdən biridir. Ölkəmizin Avropaya qaz təchizatı strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb. Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır. 

Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirərək, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxınlarda Almaniyadakı görüşlərini xatırladıb. Prezident vurğulayıb ki, Almaniyanın xarici işlər naziri bu məsələdə öz dəstəyini göstərib. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, sülh sazişinin imzalanması istiqamətində əlavə addımlar atılır: “Dövlətimizin başçısı Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək, öz ərazi bütövlüyünü hərbi-siyasi yollarla təmin etdiyini diqqətə çatdırdı. Hazırda iki ölkə arasında sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırmışdır, buna artıq ehtiyac duyulmur”.

Azərbaycanın beynəlxalq aləmdə rolu getdikcə artır. Gələcəkdə daha da artacaq.  Cənab Prezident dünyanın indikindən də yekdil olmasına və dövlətlərin iş birliyi ilə yaxınlaşmasına hesablanmış neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmaq niyyətini açıq şəkildə bəyan edirdi: “Azər­baycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən, yaşıl enerjiyə ke­çidlə və iqlim dəyişikliyi ilə bağlı”.

“Petersberq İqlim Dialoqu”nda iştirak etmək üçün Berlinə getmiş Azərbaycan Prezidenti Almaniya kansleri ilə fikir mübadiləsi aparmış, Olaf Şolts Azərbaycanı Almaniya­ya “vacib tərəfdaş” adlandırmış və 2024-cü ilin bölgədə sülh ili olması arzusunu ifadə etmiş, Azərbaycanla Ermənistan arasında uzun­müddətli və davamlı sülhün həllinin tapılmasında Almaniyanın dəstək göstərməyə hazır olduğunu bil­dirirmişdir. Bütün bunlar göstərir ki, Almaniya-Azərbaycan əlaqələri  sürətlə inkişaf edir.