YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya ölkələri üçün nümunəvi model

Mansur Quliyev 
YAP Ağdam rayon təşkilatının sədri

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik və xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilməkdədir və  bu istiqamətdə əldə olunan uğurlar Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının məntiqi nəticələridir.

Azərbaycan region və dünya ölkələri ilə hər zaman dostluq, tərəfdaşlıq prinsipləri əsasında əlaqələr qurmaqdadır. Bu gün Azərbaycanın siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki ölkə Prezidenti İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır. Azərbaycan müasir Beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünyanın siyasi arenasında özünəməxsus çəkiyə malik olan bir ölkədir və öz milli maraqlarına uyğun olaraq Beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir.

Bu gün Azərbaycan regionda, Cənubi Qafqazda, Mərkəzi və Orta Asiya ölkələri ilə siyasi, iqtisadi və bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrinə malikdir.

24 aprel 2024-cü il tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri və səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata verdiyi birgə bəyanat iki dost ölkə arasında gələcək əməkdaşlığa öz müsbət töhfələrini verəcək mühüm tarixi hadisə idi. Mətbuata birgə bəyanat zamanı Prezident İlham Əliyev iki dövlət arasında əməkdaşlığın inkişafı və gələcək prespektivləri ilə bağlı çıxış edərək bildirdi ki, “Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.”

 Azərbaycan və Qırğızıstan bütün beynəlxalq təşkilatlarda, daha doğrusu çoxtərəfli əməkdaşlıqda da hər zaman bir-birini dəstəkləyir. Belə ki, ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO , Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyir. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstanın bir mənalı olaraq açıq dəstək vermişdir. 

Azərbaycan və Qırğız xalqlarının dostluğu qədim tarixi köklərə bağlıdır. Belə ki, bu iki qardaş və dost xalqların türk mənşəli olması əsas amillərdən biridir. Eyni etnik kökə, dinə sahib Azərbaycan və Qırğızıstan  arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edib.

İki ölkə arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin, eləcə də bu sahələr üzrə əməkdaşlığın vacibliyi, güclənməsi və daha da genişləndirilməsi və perspektivləri bundan sonrada inkişaf edən xətt üzrə davam etdiriləcək.