YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uzaqgörən siyasətin məntiqi nəticəsi

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forum günümüzlə səsləşir. Çünki hazırda “yaşıl dünya” amili bütün ölkələr və xalqlar üçün olduqca aktualdır. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə böyük nüfuz qazanıb.

Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində bu istiqamətdə ölkə rəhbəri tərəfindən dövlət proqramları təsdiq edilib, müvafiq fərman və sərəncamlar imzalanıb.

Prezident İlham Əliyev Forumuda çıxışı zamanı bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. Dövlətimizin başçısı vurğulayıb ki, biz Azərbaycanın COP29-a sədrliyinə  həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq.

Forumda dövlətimizin başçısı dünyanın müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin suallarını cavablandırıb. Diqqət mərkəzində olan məsələrdən biri də Azərbaycanın dayanıqlı inkişafı ilə bağlı oldu. Cənab Prezident bildirib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın milli gəlirlərində xüsusi yer tutan neft-qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib. Enerji resurslarının düzgün iqtisadi prioritetlərə yönəldilməsi dayanaqlı inkişafın təmin olunması və sosial proqramların uğurlu icrasında mühüm rol oynayıb. Ölkəmizə ilk neft gəlirləri daxil olan zaman yoxsulluq 50 faiz idisə hazırda bu rəqəm 5 faiz təşkil edir. Neft gəlilərinin düzgün idarə olunması və iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi qeyri-neft sektorunun inkişafında əsaslı amil kimi çıxış edərək hazırda ölkə iqtisadiyyatında aparıcı yer tutmasına səbəb olub. Azərbaycan iqtisadiyyatının inkişafında neft-qaz sektoru ilk illərdə lokomotiv rolunu oynayaraq ölkənin uzunmüddətli inkişafı üçün əsaslı təməllər yaradıb. Ötən illər ərzində neft satışından əldə edilmiş vəsait hesabına zəruri sosial və kommunal infrastrukturların yenidən qurulması, müxtəlif sahələrə dövlət investisiyalarının cəlb olunması, büdcə gəlirlərinin təmin olunması, qeyri-neft sektorunda mühüm layihələrin həyata keçirilməsi, eləcə də regional və beynəlxalq tipli layihələrin maliyyələşdirilməsi, gələcək nəsillərin ehtiyacları üçün saxlanılan Dövlət Neft Fondunun gəlirlərinin formalaşması təmin olunub.

Məhz neft gəlirlərinin düzgün və ədalətli bölüşdürülməsi nəticəsində bölgələrdə kommunal xidmət və sosial infrastruktur təminatı yaxşılaşdırılıb, yeni iş yerləri və müəssisələr açılıb, sənaye istehsalının inkişafı məqsədilə sənaye məhəllələri, iri şəhərlərdə sənaye parkları yaradılıb, bu proseslər əhalinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsinə səbəb olub. 2004-2023-cü illər ərzində 2,5 milyondan artıq yeni iş yeri yaradılıb, orta aylıq əməkhaqqının, orta aylıq pensiyanın, minimum əməkhaqqının artırılması istiqamətində dövlət tərəfindən uğurlu sosial proqramlar icra olunub.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf  Strategiyası”, “Azərbaycan 2030 : sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” və digər konseptual dövlət sənədlərinin hazıralanaraq icra edilməsi məhz neftsiz iqtisadiyyat quruculuğu əsasında milli inkişafın təmin edilməsinə yönəlib. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan özünün iqtisadi güc resursları ilə iqtisadi-maliyyə ehtiyaclarını tamamilə təmin edə bilən və heç bir xarici amildən asılı olmayan dayanıqlı iqtisadiyyata sahibdir.