YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Günümüzün reallıqları yeni mütərəqqi qanunların hazırlanmasını zəruri edir

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Sarsılmaz təməllər üzərində həyata keçirilən siyasət müstəqil Azərbaycanı daha böyük uğurlara imza atmasına səbəb olub. Hələ 2018-ci il aprelin 18-də Prezident İlham Əliyev andiçmə mərasimində islahatların yeni dalğasının anonsu verib, ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsinin başladığını qeyd edib.

“Biz dərin islahatlar dövrünə qədəm qoyuruq”. Dövlət başçısı cənab İlham Əliyevin bu çağırışı ölkədə geniş vüsət alan islahatlar prosesini qanunverici orqanda da uğurla həyata keçirilməsinə səbəb oldu. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, daim Azərbaycanın tərəqqisinə, xalqın yüksək rifahına xidmət edən təşəbbüsləri ilə ictimaiyyətin rəğbətini qazanan Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Hakimiyyətin bütün qollarında islahatlar getdiyi, prosesi asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul edildiyi, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmadığı bir vaxtda qanunverici hakimiyyətin islahatlar kursu ilə ayaqlaşması üçün hakim partiyanın Milli Məclisin buraxılaraq seçkilərin vaxtının qabağa çəkilməsi təşəbbüsü ilə çıxış etməsi, islahatlara yeni sürət qazandırdı.

Xalqın böyük dəstəyi ilə güclü və qüdrətli Azərbaycan naminə ali qanunverici orqan olan Milli Məclis yeni tərkibdə formalaşdı. Milli Məclis ötən dövr ərzində ölkədə həyata keçirilən islahatlara cavab verən bir ali qanunverici orqan kimi özünü təsdiqlədi. 10 mart 2020-ci ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident cənab İlham Əliyev çıxışında deputatlar qarşısında qanunvericilik sahəsində böyük vəzifələr dayandığını bildirdi.

Azərbaycan dövləti demokratik dəyərlərin möhkəmlənməsində maraqlıdır və hüquqi-siyasi sahədə aparılan islahatlar bu prioritetin həllinə yönəlib. Altıncı çağırış Milli Məclisin çoxpartiyalı məclis kimi formalaşması bu çağırışdan irəli gəlir. Ölkəmizdə bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament, eyni zamanda yeni siyasi konfiqurasiya formalaşıb.

Parlament seçkilərindən sonra yeni tərkibdə formalaşan Milli Məclisin rəhbərliyinə müxalifət nümayəndəsinin seçilməsi də Azərbaycan hakimiyyətinin bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı islahatların bundan sonra da davam etdiriləcəyinin göstəricisidir. Ölkə başçısı bildirir ki, tarixdə ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək.

Milli Məclisdə aparılan islahatlar, həmçinin ölkədə mövcud olan siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi daxili siyasi mühitdə yeni mərhələnin başlanmasına təkan verdi. Bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması islahatlara çox mühüm bir töhfə oldu.

Prezidenti cənab İlham Əliyevin VI çağırış parlamentin ilk iclasında proqram xarakterli çıxışında deyir: “Beynəlxalq fəaliyyətlə bağlı demək istərdim ki, bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə də fəallıq kifayət qədər yüksək idi. İndiki dövrdə daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar”.

Milli Məclis üzvlərindən daha bir gözlənti də Azərbaycanın haqq işinin, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, erməni yalanlarının ifşasında dövlətin apardığı ardıcıl və məqəsdyönlü siyasətə parlament üzvlərinin də lazımınca dəstək verməsidir.

Milli Məclisinin hər bir üzvü Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında söylədiyi nitqində bu böyük inamı və etimadı doğrultmağa, xalqımızın və ictimaiyyətin gözləntilərinə cavab vermək üçün daha səmərəli fəaliyyət göstərməyə, üzərlərinə düşən vəzifələri, layiqincə yerinə yetirməyə çalışırlar.

Qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və inkişaf dinamikasına əsaslanan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış edən Milli Məclis yeni çağırışlara layiqincə cavab verməyə çalışır.