YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxpartiyalı parlamentin formalaşması demokratiyanın inkişafında önəmli addımdır

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

2020-ci ilin mart ayının 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. İclasda prezident İlham Əliyev proqramxarakterli, dərin məzmunlu çıxış etdi. Həmin gün öz işinə başlayan altıncı çağırış Milli Məclisin bütün deputatlarını ürəkdən təbrik edən Prezident onlara uğurlar arzuladı və ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəklərinə əminliyini ifadə etdi.

Fevralın 9-da keçirilmiş parlament seçkilərinin hər bir seçki prosesi kimi ölkəmizin həyatında önəmli hadisə idi və növbədənkənar keçirilən bu seçkilərin əsas xüsusiyyəti ölkədə islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. 1300-dən çox namizədin iştirak etdiyi seçki prosesi həm uğurla keçmiş, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir.

Seçkiləri müşahidə etmək üçün respublikaya bir çox beynəlxalq təşkilatlar, müşahidəçilər dəvət edilmişdi və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmiş və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir. Qeyd etmək yerinə düşər ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermiş, yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bildirmişdir. Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması demək idi.

Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Siyasi sistemin təkmil¬ləş-dirilməsi işində Milli Məclisin çox böyük rolu olmalıdır. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

Əlbəttə siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Eyni zamanda Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da ölkəmizdə siyasi dialoq mühitinin, siyasi partiyalar arasında əməkdaşlığın inkişafına xidmət edən uğurlu addımlardandır. Şöbənin nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə çoxsaylı görüşlər keçirir, partiyalararası siyasi dialoqun əldə olunmasına öz töhfələrini verirlər.

Çıxışında yeni seçilmiş parlament üzvlərinə dəyişən reallıqlar çərçivəsində yeni, mütərəqqi məzmunlu qanunların hazırlanmasını, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin lazım olduğunu, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməli olduğunu bəyan edən prezident ölkədə şəffaflıq, kölgə iqtisadiyyatına qarşı gedən proseslər, respublikada gənclər siyasəti, davamlı sosial siyasət, informasiya mühafizəsi, beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılması barədə də öz tövsiyyələrini verdi.

Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlamentin formalaşması demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası Milli Məclisdə yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Prezident İlham Əliyevin tövsiyyəsi ilə partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Bu günə qədər belə bir hal olmamışdır. Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac yaranmışdı.