YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda həyata keçirilən sistemli islahatlar dövlət idarəetmə sistemi, icra, qanunverici hakimiyyəti və digər institusional sahələri əhatə edir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Məlum olduğu kimi, 10 mart 2020-ci il tarixdə Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı olmuşdur. Milli Məclis qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və inkişaf dinamikasına əsaslanan, ölkəmizin quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. Cənab İlham Əliyev beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına, beynəlxalq təmsilçilik məsələlərinə diqqətin zəruriliyini vurğulayaraq qeyd etmişdir: “O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Onların qarşısında deyil, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Demokratiyadan dərs vermək istəyənlər özləri cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər”.

Eyni zamanda, Azərbaycanda çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir.

Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar kursu, eyni zamanda sosial sahədə də hər gün daha da güclənir. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və ölkədə demoqrafik mənzərə çox müsbətdir. Ona görə də gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılır və gələcəkdə də müvafiq olaraq atılmalıdır. Dövlət başçımızın qeyd etdiyi kimi, gənclər məhz milli ruhda, vətənpərvərlik ruhunda yetişdirilməlidir.

Beləliklə, Azərbaycanda sistemli islahatlar cari ildə də davam etdirilir, dövlət idarəetmə sistemi, icra və qanunverici hakimiyyəti və digər institusional sahələri əhatə edir. Möhtərəm Prezidentimizin Milli Məclisin VI çağırışının birinci iclasında bu mövzuya xüsusi diqqət ayırması, islahatların əhəmiyyətini və uğurlu nəticələrini diqqətə çatdırması göstərir ki, müasirləşməyə, yeniləşməyə, ölkəmizin daha da inkişafına xidmət edən bu siyasi kurs ardıcıldır və gələcək dövrlərdə də uğurla reallaşdırılacaq.