YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi islahatların reallaşmasında İlham Əliyev və YAP böyük fədakarlıq nümunəsi göstərmişlər

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Hesab edirəm ki, Azərbaycan Respublikasının tərəqqisinin və qısa müddətdə sürətli sıçrayışının ən böyük səbəbi sistemli həyata keçirilən meqa miqyaslı islahatlardır. Cənab Prezident tərəfindən verilmiş tapşırıqlar və hər sözü, hər kəlməsi tezis olan çıxışlar müasir dövlətçiliyimizi inkişaf etdirən ən vacib amillərdəndir. Vətən Müharibəsinə qədər bir çox sahədə olduğu kimi siyasi sferada da islahatlar labüd idi. Sosial, humanitar islahatların ardınca və bu islahatların siyasi davamı olaraq parlamentdə yeniliklərin həyata keçirilməsi həlli vacib məsələlərdən idi. Növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət idi.

Uzun illər ölkə siyasətində fəaliyyət göstərən biri kimi deyə bilərəm ki, 2020–ci ildə həyata keçirilmiş növbədənkənar parlament seçkiləri digərlərindən köklü surətdə fərqlənirdi. Hakimiyyət orqanları ilə xalq arasında körpü rolunu oynayan Milli Məclisin sonrakı fəaliyyəti də əsaslı və müsbət istiqamətdə fərqlənə bilmişdir. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşmışdır. Əlbəttə, seçkilərdə məğlub olan qüvvələr və demokratik seçkiləri mənimsəyə bilməyən kəslər ola bilər. Lakin müxtəlif fikirli və siyasi baxışlı adamların cəmləşdiyi ölkənin qanunverici orqanında təmsilçilik imkanları artıb. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da genişlənib. Bütün sağlam düşüncəyə malik, dövlətçilik ənənələrini mənimsəmiş siyasi qüvvələr seçkilərdə iştirak ediblər. Bu da islahatların uğurla həyata keçməsində vacib amildir. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu dəfəki parlamentin rəhbər strukturlarında müxalifətdən olan deputatların təmsil olunması həyata keçirilən islahatların miqyasından xəbər verir. Ötən iki il əyani göstərir ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olub. Dəyişən reallıqlar, əldə etdiyimiz Zəfər və yeni əməkdaşlıq formatları mütərəqqi məzmunlu qanunların hazırlanmasını da zəruri edib. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin irəli sürülməsini aktuallaşdırır. İqtisadi, sosial-humanitar islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunların qəbul edilməsi hökumətin də fəaliyyətini sürətləndirib.

Növbədənkənar parlament seçkilərinin keçirilməsində başda ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev olmaqla Yeni Azərbaycan Partiyası böyük fədakarlıq nümunəsi göstərib. Parlamentdə hakim mövqeyə malik olmağına baxmayaraq seçkilər haqqında qərar verərək və islahatların önünü açaraq doğma partiyamız bir daha sübut etdi ki, o, cəmiyyətimizin sosial müdafiəçisi və ulu öndər Heydər Əliyevin siyasi irsinin mənəvi mühafizəçisi kimi xalqımızın öz liderinin ətrafında birləşməsi işində titanik rol oynamaqdadır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməzdi. İstər Prezident Administrasiyası nümayəndələrinin bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirməsi, istərsə də YAP–ın müxtəlif dövrlərdə ölkədə fəaliyyət göstərən 50-dən artıq siyasi partiyanı özünün və Ali Baş Komandanın siyasətinin ətrafında birləşdirməsi islahatlar prosesinə ciddi dəstək vermiş oldu. Sevindirici haldır ki, ölkədə fəaliyyət göstərən milli siyasi duruşa malik partiyaların bütün vacib maddi-mənəvi ehtiyacları dövlətimiz tərəfindən qarşılanmaqdadır. Bu da milli siyasi mühitin formalaşdırılması və milli maraqlar uğruna şəxsi və partiya maraqlarının qurban verilməsi deməkdir. Bu, dəmir yumruq ətrafında vahid siyasi bütövləşmənin bariz təzahürüdür.

Parlamentdə siyasi islahatlardan sonra paralel olaraq müxtəlif istiqamətlərdə kadr siyasətinin yenilənməsi və layiqli kadrların mühum vəzifələrə gətirilməsi qarşılarında yeni hədəflər olan deputatların da işlərini asanlaşdıra bilib. Kadr islahatlarının aparılması çox vacib hala çevirilib. Təəssüf ki, bəzi yerli və mərkəzi icra hakimiyyəti orqanlarında müşahidə olunan xoşagəlməz hallar insanları hakimiyyətdən uzaqlaşdırmağa yönəlmişdi. Bu kimi hallara imkan vermək olmazdı. Həyata keçirilən islahatlar dərhal öz müsbət nəticələrini verdi. Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Etiraf etmək lazımdır ki, ötən seçkilərdə yeni tərkibdə formalaşmış parlament yaxşı mənada fərqlənir. Cənab Prezidentin də öz nitqində vurğuladığı kimi yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bu, aparılan islahatların mahiyyəti idi. Deputatlar öz fəaliyyətləri ilə cənab Prezidentin islahatlar kursunu dəstəkləməli və insanları bu haqlı siyasətə öz işləri ilə inandırmalıdırlar. Hesab edirəm ki, ötən iki il ərzində deputatlarımız bu vəzifənin öhdəsindən ləyaqətlə gəlmişlər. Təbii ki, qüsurlar var, çatışmazlıqlar mövcuddur. Bu kimi halların aradan qaldırılması istiqamətində də işlər aparılır. Yeni parlament yeni təfəkkürlə xidmət etməyi bacarır.

Vətən Müharibəsi xalqımızın milli-mənəvi dəyərlər ətrafında birləşə bildiyini bütün dünyaya nümayiş etdirdi. Şuşa zirvəsinə birgə səfər edən müxtəlif siyasi partiyaların nümayəndələri də milli maraqlar naminə birləşə bilməyin qürurunu birgə yaşadılar. Yeni reallıq və qələbədən sonra Azərbaycan xalqı qalib xalq kimi yaşayır və bundan sonra da yaşayacaqdır. Əldə etdiyimiz ən böyük uğurlar siyasi sabitlik, təhlükəsizlik, şəffaflıq, böyük iqtisadi sıçrayış, regionlarımızın sosial-iqtisadi inkişafı və əlbəttə, Şanlı Zəfərimizdir. Bundan sonra da əldə olunmuş uğurların qorunub saxlanmasında bütün vətəndaşlar və o cümlədən vətəndaşlar tərəfindən seçilən deputatlar da fəal iştirak etməlidirlər.

DİGƏR Xəbərlər Arxiv