YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qadını bütün dövrlərdə dövlətə sədaqəti və fədakarlığı ilə seçilib

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Xalqımızın mənəvi dəyərlərinin formalaşmasında, qorunmasında və inkişafında qadınlarımızın xüsusi rolu var. Zəriflik, incəlik, müqəddəslik rəmzi olan Azərbaycan qadını iradəsi, mərdliyi, saflığı, ən əsası isə sədaqəti ilə dünyaya nümunə olub. Xalqımız mərdlik, qəhrəmanlıq mücəssəməsi Nigar, Həcər, Tomris, Nüşabə kimi qəhrəman qadınlarımızla daim qürur duyub. Azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, Şərqin ilk diplomat qadını Sara xatun, Şuşada ilk ədəbi məclis yaratmış Xurşudbanu Natəvan və digər qadınlarımız əfsanəyə çevrilərək Azərbaycan qadınının rəngarəng palitrasını yaradıblar. Vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə tariximizin şanlı səhifələrində yer alan, Qarabağ uğrunda gedən döyüşlərdə igid oğullarımızla çiyin-çiyinə azğın düşmənə qarşı mübarizə aparan Salatın Əsgərovanın, Gültəkin Əsgərovanın, Arəstə Baxışovanın sələfləri bu gün 8 Mart - Beynəlxalq Qadınlar Gününü qalib ölkənin qadınları kimi qeyd edirlər. Azərbaycan qadınlarının bütün dövrlərdə nümayiş etdirdiyi iradə, fədakarlıq, dərin düşüncə, müdriklik, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək olub. Milli-mənəvi dəyərlərə sadiq qalan, zəriflik, incəlik, müqəddəslik rəmzi olan Azərbaycan qadını daim yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış edib, dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışıblar.

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.

Ulu öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi, lider qadınlar yetişdirirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra mühüm addımların atılmasından sonra qadınlar öz hüquqlarının tam sahibinə çevriliblər. Bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Cəmiyyətimizdə ictimai-siyasi və sosial-mədəni yaşam tərzinin formalaşmasında, dövlət quruculuğunda yorulmadan çalışan qadınların fəaliyyəti göz qabağındadır. Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Müasir Azərbaycan tarixində zəngin təcrübəsi, böyük humanizmi, xeyirxahlığı, nəcibliyi ilə ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qadın hərəkatının yeni səhifəsini yazır. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Məsuliyyətli missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanır. Həyatının mənasını Vətəninə və xalqına xidmətdə görən ölkənin birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Hər bir azərbaycanlı qadına nümunə olan ölkəmizin birinci xanımı sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Mehriban xanım Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakteri ilə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açıb. O, UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Azərbaycan mədəniyyətini bütün dünyada tanınmasına nail olub. Mehriban Əliyevanın elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı Azərbaycan qadınının modern tələblərə uyğun obrazı bu nəcib xanımın timsalında dünyaya nümayiş etdirilib. Mehriban xanım Əliyevanın beynəlxalq görüş və tədbirlərdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil etməsi, səsini ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırması, təltif olunduğu beynəlxalq mükafatlar Azərbaycan qadınının dünyadakı böyük nüfuzunun daha bir təsdiqidir.

Bu gün Azərbaycan qadını bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inandığı, etibar etdiyi vəkildir. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Azərbaycan qadınının qazandığı nailiyyətlər bu gün qadın fəallığı ənənələrini yaşadır, məsuliyyəti artırır, gələcək nəsillər üçün davamlı inkişafa yol açır.