YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələr bütün Azərbaycan gəncliyini əhatə edir

Coşqun Hidayətov

YAP Gənclər Birliyinin üzvü

Tarixdə çox az siyasətçilər və dövlət başçıları vardır ki, ölkə vətəndaşlarının hər birinin qəlbində taxt qursun, xalqının sonsuz sevgisini qazansın. Məhz Ümummilli Lider Heydər Əliyev belə dövlət başçısı olmuşdur. Ulu Öndər xalqının qəlbində elə yüksək zirvəni fəth etmişdir ki, uşaqdan-böyüyə kimi ona təkcə dövlət başçısı olaraq yox, həmçinin Heydər Baba olaraq xitab edirdilər. Nəzərə alsaq ki, Azərbaycan özündə qədim milli dəyərləri saxlayan dövlətdir, ağsaqqala, böyüyə verilən dəyər məhz bizim milli genetik kodlarımızdan gələn dəyərimizdir. Ulu Öndərə Heydər Baba deyə xitab edilməsi, xalqın ona qarşı duyduğu səmimi sevginin, ölkənin, bütün Azərbaycan xalqının babası olaraq görməsinin göstəricisi idi. Bu sevgini isə hansısa status, vəzifə və mövqe ilə almaq qeyri-mümkündür. Ulu Öndər xalqa olan sevgisini hər zaman xalqının yanında olması ilə göstərmiş,  rəhbər vəzifədə olduğu zaman fəaliyyəti ilə Azərbaycan və xalqı üçün töhfələr vermişdir. Özünün də qeyd etdiyi kimi gücünü, qüdrətini məhz Azərbaycan xalqından alırdı.

1990-cı illərin əvvəllərində ölkəmiz, həm dərin iqtisadi böhran içərisində, həm də müharibə şəraitində idi. 1990-cı ilin 20-si yanvar günü XI Qızıl ordunun Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi cinayətlərə ən sərt reaksiya verən, bunu bütün dünyaya bəyan edən məhz Ulu Öndər oldu. Yalnız Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı.

90-cı illərin başlanğıcından Ermənistan Silahlı Qüvvələri tərəfindən tarixi Azərbaycan torpaqları işğala məruz qalır, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilirdi. Məhz belə bir zamanda uzaqgörən Azərbaycan xalqı Ulu Öndərin yenidən hakimiyyətə gəlməsini xahiş etdi. Ulu Öndər hər zaman olduğu kimi, bu çətin gündə də xalqını tək qoymadı. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının prezidenti seçildi. Azərbayacan xalqı artıq mövcud çətin günlərin sona yetəcəyinə, yeni gözəl günlərin onları gözlədiyinə inanırdı. Ölkədə həyata keçirilməyə çalışılan qiyamın qarşısı alındı. 1994-cü ilin mayında atəşkəs sazişi imzalandı. Azərbaycan neftinin Avropa çatması üçün Bakı-Tiblisi-Ceyhan neft kəmərinin əsası qoyuldu.

Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncinə, Azərbaycan gəncliyinə xüsusi önəm verirdi. Gənclər siyasətinin də əsası məhz Ulu Öndər tərəfindən qoyuldu. Azərbaycan Gənclərinin II forumunda “XXI əsr gənclərin əsridir” – deyərək, gənclərə verilən dəyəri və onların ölkənin inkişafı üçün üzərlərinə götürdüyü məsuliyyəti göstərmiş oldu.

2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi.  Ulu Öndər Heydər Əliyev tərəfindən sağlam təməllər üzərində qurulmuş Azərbaycan Respublikası cənab Prezident İlham Əliyev tərəfindən daha da gücləndi. Bütün sahələrdə ölkəmiz daha da inkişaf etdi. Dünyanın qabaqcıl ölkələri sırasında yer aldı. İlham Əliyevin siyasi iradəsi, siyasi savadı bütün dünya liderlərini heyran qoymağa başladı.

27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusu 30 ildir işğal altında olan Qarabağın azad olunması uğrunda əks hücum əməliyyatına başladı. 44 gün müddətində ordumuz xüsusi qəhrəmanlıq göstərərək Qarabağı işğaldan azad etdi. Torpaqların işğaldan azad olunması prosesində əsas missiyanı isə cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişmiş gənclik yerinə yetirmiş oldu.

Vətən müharibəsindən sonra artıq regionda yeni reallıqlar var. Xalqımız Vətən müharibəsində olduğu kimi, Qarabağın dirçəldilməsi prosesində də həmrəylik göstərir, Azərbaycanın daha da güclənməsi üçün fəaliyyət göstərdikləri sahədən asılı olmayaraq səylə çalışırlar.

Azərbaycanın daha da güclənməsi prosesində “Dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyasının və onun üzvlərinin əvəzsiz xidmətləri olmuşdur. 1992-ci ilin 21 noyabrında ulu öndər Heydər Əliyev tərəfindən YAP-ın əsası qoyulmuşdur. Yarandığı gündən bu günə kimi üzvlərin əsas amalı dövlət maraqlarını, milli maraqları hər şeydən üstün tutmaq, dövlət başçısı ətrafında sıx birləşərək ölkənin daha da güclənməsi prosesində fəal iştirak etmək və s. ümummilli maraqlar olmuşdur. Hazırda 800 minə yaxın üzvü özündə birləşdirən YAP regionun ən böyük siyasi partiyasıdır. YAP və üzvləri digər müxalif partiyalar və üzvləri ilə sağlam münasibətlər qurmuşdur. YAP Gənclər Birliyi isə təkcə YAP üzvü olan gənclər üçün yox, bütün Azərbaycan gəncləri üçün özünün bütün imkanlarını təqdim edir. Həyata keçirdiyi layihələr bütün Azərbaycan gəncliyini əhatə edir. Azərbaycan gəncləri öz üzərlərində daim çalışır, müasir zamanın tələblərinə uyğun biliklərə yiyələnir, əldə etdiyi bilik və bacarıqları ölkəmizin inkişafı naminə səfərbər edirlər.

DİGƏR Xəbərlər Arxiv