YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahı rayonunda “Xocalı faciəsi – yaddaşın unudulmayan tarixi” adlı tədbir keçirilib

Pirallahı Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası Pirallahı rayon və təşkilatı, Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı faciəsi – yaddaşın unudulmayan tarixi” adlı tədbir keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı Rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri və Xocalı faciəsinin şahidləri iştirak ediblər.

Tədbir iştirakçıları Xocalı soyqırımı ilə bağlı sərgiyə baxış keçirib, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abbasov bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. “Bu hadisə qəddarlığına görə bəşəriyyət tarixində ən dəhşətli cinayətlərdən biridir və təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən yeganə soyqırımı olmayıb. Bundan əvvəl də xalqımızın başına dəfələrlə oxşar müsibətlər gətirilib. Bu faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri ahıl qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. Dövlətimizin siyasəti və xalqımızın güclü iradəsi nəticəsində Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində böyük addımlar atılıb. Azərbaycan dövləti başda ümummilli lider Heydər Əliyev olmaqla, Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması üçün bütün zəruri tədbirlər görülüb və görülməkdədir. Azərbaycan dövləti başda Ümummilli Lider Heydər Əliyev olmaqla, Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşası üçün bütün zəruri addımları atıb və atmaqdadır.

 Azərbaycan dövləti belə taleyüklü məsələnin həlli ilə bağlı bütün milli resursların, o cümlədən də diaspor qurumlarının imkanlarından həmişə istifadə etmiş, bu istiqamətdə irəli sürülən əksər ictimai təşəbbüsləri dəstəkləmişdir”.

Çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov qeyd edib ki, erməni təcavüzkarlarının törətdikləri bu vəhşiliklər yaddaşlardan heç zaman silinməyəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılması, Azərbaycan reallıqlarının dünyanın hər yerinə yayılması, beynəlxalq aləmin bu faciədən xəbərdar olması istiqamətində çoxşaxəli işlər görüb. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası dünyanın bir çox ölkələrində keçirilir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Şanlı ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalı şəhidlərinin qisası alınıb.

Xocalı şəhər sakini Həcər Ramazanova həmin gecədə baş vermiş qanlı faciənin canlı şahidi kimi danışaraq bildirib ki, bu gün Xocalıda şəhid olmuş insanların ruhları şaddır. Çünki vətən torpağı düşmən işğalından azad olunub.

Sonda məktəblilərin təqdimatında Xocalı soyqırımı ilə bağlı kompozisiyalar nümayiş etdirilib.