YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi qələbəmizlə Xocalı qətliamının günahsız qurbanlarının qisası alındı

Bu il Xocali faciəsinin törədilməsindən 30 il keçir. Bu tarix xalqımızın qan yaddaşı tarixidir. Xocalı soyqırımı tək Azərbaycan tarixində deyil, bütün dünya tarixində insanlığa qarşı törədilmiş ən acımasız kütləvi qırğınlardan biridir. Qədim tarixə malik olan ölkəmiz dəfələrlə bu cür faciələrlə üzləşmişdir. Xocalı dəfələrlə hücumlara məruz qalmışdır.  1992-ci il 26 fevral gecə saatlarında erməni silahlı birləşmələri və Sovet ittifaqının 366-cı motoatıcı alayı şəhəri mühasirəyə alır. Silahsız əhali şəhəri tərk etməyə çalışır. 600 nəfərdən artıq Xocalı sakini qətlə yetirlir. Mindən artıq insan əsir götürülür.

Hadisənin ən dəhşətli tərəfləri ondan ibarətdir ki, insanlar qətlə yetirilərkən, güllələnərkən onların yaşı, cinsi, silahlı olub-olmamağı nəzərə alınmırdı. Xocalı faciəsində 63 uşaq, 106 qadın, 70 yaşlı insan qətlə yetilib. Qətlə yetirilənlərin cəsədləri üzərində belə insanlıqdan uzaq vəhşiliklər törədilib. Minlərlə mülki şəxs əsir götürülüb. Əsirlikdə olan bu insanlar ağılasığmaz işgəncələrə məruz qalıblar.

Xocalı faciəsindən 3-4 gün sonra 200-ə yaxın azərbaycanlı əsir ermənilər tərəfindən dəhşətli şəkildə qətlə yetirilmişdir. Xocalı qətliamının icraçılarından biri olan David Xeyreyan öz kitabında etiraf edir: “Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid körpü düzəltdilər. Mən ölülərin üzərindən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: “Qorxma, ürəklə keç! Bu hal müharibənin qanunlarından biridir”. Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üzərindən adlayıb bataqlığı keçdim... Ayaqlarım və fotokameram qana batmışdı”.

O zamanlar Azərbaycana rəhbərlik edənlər Xocalı soyqırımına biganə münasibət göstərən, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Lakin həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını qəti şəkildə tələb etmişdir.

Ulu Öndərin 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlməyindən sonra Xocalı faciəsinə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi hüquqi-siyasi qiymət verilmiş, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Bu barədə nəinki ölkə daxilində, eyni zamanda dünyanın bir çox yerlərində faciəni dünya ictimayətinə geniş şəkildə çatdırmaq üçün təbliğat aparılır.

Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək. Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir”.

Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi. 44 gün davam edən hərbi əməliyyatlar zamanı uğurlu strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadə nəticəsində ordumuzun bölmələri işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, döyüş texnikaları və təminatı sıradan çıxarıldı, düşmən faktiki olaraq iflic vəziyyətinə gətirildi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gerçəkləşdirərək hərb tarixinə qısa zamanda böyük nailiyyət kimi yenilik gətirdi. Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir qismi işğaldan azad olundu. Ümumilikdə, 20 Yanvar, Qarabağ şəhidlərinin, eləcə də həm Xocalının, həm də xocalıların qisası alındı. Azərbaycan Ordusunun hücumuna, Vətən oğullarının qətiyyəti qarşısında davam gətirə bilməyən düşmən noyabrın 10-da kapitulyasiya haqqında Bəyanatı imzaladı. Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edildi. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan hakimiyyətinin göstərişi əsasında erməni silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması, 44 gündə 100-ə yaxın mülki şəxsin ölümünə, 400-dən artıq insanın yaralanmasına səbəb olan terror aktlarını törətməsinə, eyni zamanda 10 noyabr razılaşmasına uyğun olaraq Ağdam, Kəlbəcər və Laçını boşaldarkən edilən vəhşiliklərə qarşı bəzi ölkələrin biganə münasibəti keçmiş Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasının səbəblərini bütün aydınlığı ilə üzə çıxardı.

Günahsız, əliyalın, bir gecənin qurbanı olan, şaxtalı bir gecədə evindən çıxarılan, dağlarda, meşələrdə həftələrlə qalan Xocalılara qarşı törədilən soyqırımı, gözlərinin önündə əzizlərinin və ata-baba yurdlarının şəhid edilməsi bütün xalqımıza, ümumilikdə bəşəriyyətə, insan amilinə qarşı törədilən faciədir. Bu faciə heç vaxt unudula bilməz. Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edir. Əminik ki, zaman gələcək ki, bütün dünya erməni qəddarlığını, vəhşiliyini lənətləyəcək, Xocalının məruz qaldığı vəhşiliyə hüquqi qiymət veriləcək.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri