YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sosial ədalət və sosial rifah

Yeni Azərbaycan Partiyasının proqramında sosial hədəflər düzgün müəyyənləşdirilib

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biri olan Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış, qarşısına tarixi məqsədlər qoymuş və bu vəzifələri dönmədən, ləyaqətlə yerinə yetirən qüdrətli siyasi təşkilat, illərin sınaqlarından həmişə üzüağ çıxmış ümumxalq partiyasıdır.

Ümummilli Lider Heydər Əliyevə Azərbaycan xalqının inamı və ölkənin düşdüyü ağır vəziyyətdən xilas yolunun Ulu Öndərin rəhbərliyi altında təşkilatlanmaqda görməsi, müstəqilliyini yenicə əldə etmiş dövlətimizi parçalanmaqdan, məhv olmaqdan qurtarmaq üçün xalqın göstərdiyi səylər YAP-ın yaranmasını zəruri etdi.

Təsis olunduğu ilk gündən YAP Azərbaycanın ictimai-siyasi mühitinə yeni ab-hava gətirdi, Azərbaycanda sivil siyasi mübarizə mədəniyyətinin başlanğıcını qoyan ilk partiya oldu. YAP müxalifət partiyası kimi yaransa da, heç vaxt dövlətçiliyə qarşı, Azərbaycanın qanunlarına qarşı, milli maraqlara qarşı müxalifətdə dayanmadı. YAP yaranan gündən Azərbaycanın bütövlüyünü, müstəqilliyini, milli maraqlarını önə çıxartdı və bu yolda sivil siyasi yolla mübarizə aparacağını bəyan etdi.

Ümummilli Lider 1993-cü ilin 15 iyununda xalqın tələbi ilə məsuliyyətli bir missiyanı öz üzərinə götürdü, vətəndaş müharibəsinin qarşısını aldı, milli birliyə nail oldu və müasır Azərbaycan dövlətinin təməlini qoydu. 1995-ci ildə parlamentə keçirilən seçkilərdə isə YAP səslərin böyük əksəriyyətini qazanaraq iqtidar partiyasına çevrildi. Həmin dövrdən bu yana keçirilən bütün seçkilərdə (istər bələdiyyə, parlament, istərsə də prezident seçkilərində) YAP qalib gəlmişdir.

Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin və xalqımızın qarşısında dayanan ən böyük tarixi müssiya şərəflə yerinə yetirildi: 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçı ordusu darmadağın edildi, torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. 2020-ci ilin 10 noyabr tarixindən müstəqil, bütöv Azərbaycan dövlətinin tarixində yeni dövr başlandı, yeni daha yüksək hədəflər qarşıya qoyuldu.

YAP Sədri Prezident İlham Əliyevin irəli sürdüyü “Müasir, qüdrətli və zəngin Azərbaycan naminə” çağırışında səslənən bu hədəflər özünün real təsdiqini ölkəmizin hərtərəfli və davamlı inkişafında tapmışdır. Bu hədəflərə nail olmaq üçün siyasi, hüquqi, iqtisadi və sosial islahatların daha da dərinləşməsi, postmüharibə və postpandemiya dövrü üçün regionda və dünyada baş verəcək yeni çağırışlara hazır olmaq zərurəti partiyamızın 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayında ətraflı müzakirə olunmuşdur.

YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələr qoymuşdur. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.

VII qurultayda bir daha aydın oldu ki, YAP Azərbaycanın hərtərəfli inkişafına töhfə verən böyük sosial bazaya, güclü siyasi-intellektual potensiala malikdir. Bu isə partiyanın məqsəd və vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcəyini şərtləndirir. Məhz yeni dövrün və yaxın gələcəyin tələblərini nəzərə alaraq qurultayda partiyanın yeni proqramının hazırlanması qərara alındı, işçi qrupu yaradıldı. Geniş təhlil, müzakirə və fikir mübadiləsi əsasında hazırlanan bu siyasi sənəd YAP İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edildi.

Yeni Azərbaycan Partiyasının proqramında bütün taleyüklü məsələlər, vəzifələr və hədəflər mükəmməl şəkildə öz əksini tapmışdır. Bu məqsədlərin içərisində sosial ədalət, sosial rifah, insan kapitalının inkişafı, hamı üçün layiqli həyat səviyyəsinin təmin olunması məsələləri partiyanın əsas siyasi prinsipləri kimi təsbit edilmişdir.

YAP-ın sosial siyasət sahəsində məqsədi insana qayğı, onun inkişafı, maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılmasından, sosial ədalət prinsipinin daim qorunması və müxtəlif sosial qruplar arasında kəskin təbəqələşmənin yumşaldılmasından ibarətdir.

Yeni proqramda göstərildiyi kimi, YAP sosial ədalət və insan amili prinsipindən çıxış edərək aşağıdakıları öz fəaliyyətinin əsas istiqamətləri hesab edir:

* dövlətin sosialyönümlü siyasətinin sosial ədalət prinsipinə söykənməsi;

* hər kəsin məşğulluğunun təmin edilməsi, ərzağa əlçatanlığa və sosial müdafiə imkanına malik olması;

* vətəndaşların sosial hüquqlarının təmin olunması üçün əlverişli şəraitin yaradılması;

* kəmiyyət, keyfiyyət, məhsuldarlıq və iqtisadi imkanlar nəzərə alınmaqla əməyə görə mükafatlandırma;

* insan kapitalının inkişafı və yeni ideyaların təşviqi, “qara qızıl”ın insan kapitalına çevrilməsi prinsipinin milli təhsil quruculuğu və insan resurslarının inkişafının əsas prioritetlərindən biri kimi müəyyən edilməsi;

* uşaqlara, ahıllara, əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, şəhidlərin ailə üzvlərinə və müharibə veteranlarına diqqət və qayğı göstərilməsi.

Sosial dövlətin əsas əlamətləri aşağıdakılardır:

- sosial sahədə mükəmməl qanunvericiliyin olması;

- dövlət tərəfindən müxtəlif sosialyönümlü proqramların hazırlanması və həyata keçirilməsi;

- vətəndaş cəmiyyətinin qurulması;

- dövlətin vətəndaşlar qarşısında sosial məsuliyyəti;

- dövlət tərəfindən hər bir vətəndaşın sosial müdafiəsinin təmin olunması və layiqli həyat şəraitinin yaradılması;

- layiqli sosial, iqtisadi, mədəni həyat təminatları əldə etmək üçün hər kəsə bərabər imkanlar yaradılması;

- ölkənin iqtisadi inkişafının yüksək səviyyədə olması.

Tam məsuliyyətlə söyləyə bilərik ki, hazırda Azərbaycan dövlətinin siyasi kursu sosial dövlətə aid edilən bu klassik tələblərə tamamilə cavab verir.

Azərbaycanın 2000-ci illərin əvvəllərindən başlayan sürətli, dinamik, harmonik inkişafı ölkəmizi bir sıra sosial-iqtisadi göstəricilərə görə MDB və Şərqi Avropa dövlətləri sırasında ön plana çıxarmışdır. Azərbaycanın milli iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, xalqın sosial rifah halının artan xətt üzrə davamlı yüksəldilməsi məqsədilə cənab Prezidentin 6.12.2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Milli İqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiq edilmişdir.

Ölkəmizin sosial dövlət olmasını təsdiq edən mühüm indikatorlardan biri də BMT-nin İnsan İnkişafı İndeksi göstəricisidir. Bu göstəriciyə görə Azərbaycan Respublikasında insan inkişafı indeksi 0,751 bal təşkil edir ki, bu da yüksək göstərici sayılır.

Azərbaycan təhsil, səhiyyə, orta ömür uzunluğu, sosial təminat səviyyəsinə görə 188 ölkə arasında 78-ci yerdə qərarlaşaraq MDB ölkələri arasında lider yerlərdən birini tutur.

Azərbaycan Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr qrupuna daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna keçmişdir.

Bir çox sosial inkişaf indikatoruna görə Azərbaycan son 10 ildə böyük irəliləyişlər əldə etmişdir. BMT üzvü olan dövlətlər arasında 2010-cu illə müqayisədə 2020-ci ildə ölkəmiz rifah indeksi üzrə 17 pillə irəliləyərək 78-ci, sağlamlıq indeksinə görə 57-ci, təhsilalma imkanlarına görə 73-cü, məişət şəraitinə görə 68-ci, xoşbəxtlik indeksinə görə 90-cı yerdə qərarlaşmışdı.

Sosial dövlətin qurulmasının əsas şərtlərindən biri həmin dövlətdə sosial ədalətin səviyyəsi sayılır. Heç də təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyasının proqramında əsas prinsiplərdən biri kimi sosial ədalət prinsipi götürülür.

Sosial dövlət dedikdə ilk növbədə sosial müdafiəyə ehtiyacı olan şəxslərin (şəhid ailələri, qaçqın və məcburi köçkünlər, əlillər, qocalar, işsizlər, uşaqlar və s.) qayğısı göz önünə gəlir. Əməyin mühafizəsini və insanların sağlamlığını təmin etmək, ailəyə, ana və uşaqlara dəstək vermək, gəlirlərin yenidən bölüşdürülməsi yolu ilə sosial qeyri-bərabərliyi yumşaltmaq, xeyriyyəçilik fəaliyyəti üçün geniş imkanlar yaratmaq, təhsil və mədəniyyət proqramlarına maliyyə yardımı göstərmək və işsizliklə mübarizəni də bu sıraya əlavə etmək lazımdır.

Böyük məmnunluq hissi ilə söyləmək olar ki, bu vəzifələrin hamısı dövlətimizin daxili siyasətində prioritet istiqamət kimi nəzərdə tutulmuşdur və həyata keçirilməkdədir.

Cənab Prezident İlham Əliyevin 2018-ci ildə başladığı iqtisadi sahədə islahatların davamı olaraq 2019-cu ildə dərin sosial, idarəetmə və struktur islahatları aparılmışdır. Cənab Prezidentin 30-a yaxın fərman və sərəncamını əhatə edən 2 sosial islahatlar zərfi 4,2 milyon vətəndaşımızın sosial rifah halının ciddi şəkildə yaxşılaşmasına maddi təminat yaratmışdır.

Koronavirus pandemiyası və dünya maliyyə-iqtisadi böhranı nəticəsində baş verən bahalaşmanın mənfi təsirlərindən vətəndaşlarımızın sosial rifahının qorunması üçün cənab Prezidentin fərman və sərəncamları əsasında bu ilin əvvəlində 2 100 000 nəfərin sosial rifahını artıran irihəcmli yeni sosial müdafiə zərfi qəbul edildi: minimum əməkhaqqı və pensiyaların minimum məbləği, müavinət və təqaüdlər artırıldı.

Ötən il pensiya təminatı sahəsində aparılan islahatlar nəticəsində ölkə üzrə əmək pensiyalarının minimum məbləği 200 manatdan 240 manata, orta aylıq məbləği 256 manatdan 331 manata yüksəlmiş, yaşa görə orta aylıq pensiya isə 358 manata çatmışdır. Sosial müdafiə tədbirlərinin və sosial rifahın artım dinamikasına nəzər saldıqda görürük ki, 2003-cü ildən bu yana ölkədə minimum əməkhaqqı 9,4 dəfə, orta aylıq pensiya 17,7 dəfə artmış, 2022-ci ildə isə minimum əməkhaqqı 300 manat olmaqla yaşayış minimumunu (210 manat) 70 faiz üstələmişdir.

Azərbaycanın sosial dövlət quruculuğu modeli dünyanın bir çox siyasi institutlarında maraqla öyrənilməkdədir. Azərbaycanın sosial dövlət quruculuğu modelinin ən əlamətdar xüsusiyyətləri kimi aşağıdakıları göstərmək olar:

1. Sürətli sosial-iqtisadi inkişaf tempi. Azərbaycan 2003-2020-ci illərdə sürətli, harmonik inkişaf dövrü keçmişdir. Bu illər ərzində Azərbaycanın dövlət büdcəsi 30 milyard manata yüksəlmiş, valyuta ehtiyatları 54 milyard dollara çatmışdır. Son illərdə koronavirus pandemiyası, ümumdünya maliyyə-iqtisadi böhranının mənfi təsirləri və neftin qiymətinin kəskin aşağı düşməsi inkişaf tempini bir qədər yavaşıtsa da, heç bir geriləmə yoxdur və dövlətimizin sosial müdafiə strategiyası dəyişməz olaraq qalır. 2022-ci ilin dövlət büdcəsinin 46,6 faizindən çoxunun sosial xərclərə ayrılması da dediyimizi sübut edir.

2. Regionların harmonik inkişafı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox haqlı olaraq qeyd edir ki, ölkəmizin inkişafı bütün sahələrdə və bütün regionlarda davam etməli, kompleks xarakterdə aparılmalıdır. Bu məqsədlə 2004-cü ildən başlayaraq hər biri 5 il müddətinə fəaliyyət göstərən regionların sosial-iqtisadi inkişaf proqramları qəbul edilmiş, 3 belə layihə uğurla həyata keçirilmiş, 4-cü layihə isə 2019-2023-cü illəri əhatə edir. Aparılan məqsədyönlü sosial siyasətin nəticəsidir ki, bu gün respublikamızın paytaxtında mövcud olan sosial-mədəni infrastruktur eyni səviyyədə bölgələrdə də yaradılmışdır. Bu inkişaf regionlarda yaşayan əhalinin mədəni, sosial həyat şəraitinin yüksəlməsində özünü göstərməkdədir.

3. Qeyri-neft sektorunun inkişafı: Azərbaycanın beynəlxalq neft müqavilələri işə düşəndə və gəlir gətirməyə başlayanda müxalifətyönlü siyasətçilər və bəzi ekspertlər respublikamızda iqtisadiyyatın neftdən asılı olacağını, son nəticədə “holland sindromu”nun yaranacağını deyir, neft tükənməyə başlayanda isə ölkə iqtisadiyyatının fəlakətli dərəcədə çökəcəyi barədə “proqnozlar” söyləyirdilər. Ötən 18 illik inkişaf yolu göstərdi ki, Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası balanslaşdırılmış iqtisadi siyasətə üstünlük verməklə, hərtərəfli iqtisadi artımı daim diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyevin yeni dövrün çağırışlarına cavab verən iqtisadi siyasət taktikası ölkə iqtisadiyyatının çoxşaxəli prinsiplər üzrə inkişafını ön plana çəkir. Neft sektorundan əldə olunan gəlirlərin bir hissəsinin qeyri-neft sektoruna investisiya kimi qoyulması nəticəsində hazırda ölkəmizdə ÜDM-in yarıdan çoxu bu sektorun payına düşür, qeyri-neft sektorunun inkişaf tempi isə neft sektorunu daha çox üstələməkdədir. Kənd təsərrüfatı, emal sənayesi, turizm, nəqliyyat, İKT sektoru getdikcə daha çox rentabelli sahələrə çevrilməkdədir. “Made in Azerbaijan” brendi adı altında onlarca məhsulumuz xarici bazarlarda yer tutmaqdadır.

4. Sosial infrastruktur layihələrinə önəm verilməsi. Azərbaycanın sosial dövlət quruculuğu strategiyasının ana xətti olaraq əhalinin sosial-mədəni ehtiyaclarının yüksək səviyyədə qarşılanması siyasəti nəzərdə tutulur. Bu xəttin reallaşması nəticəsində son 18 ildə ölkəmizdə 3000-dən çox təhsil müəssisəsi, 700-dən artıq tibb müəssisəsi ya yenidən tikilmiş, yaxud da əsaslı təmir olunaraq müasir avadanlıq və cihazlarla təchiz edilərək vətəndaşların istifadəsinə verilmişdir. Bu illər ərzində ölkə ərazisində 16 min kilometr müasir yol çəkilmiş, körpülər salınmış, yüzlərlə mədəniyyət evləri, idman olimpiya kompleksləri tikilmiş, parklar açılmışdır. İnsanların sağlam həyat şəraitini təmin etmək üçün min kilometrlərlə su və kanalizasiya xətləri çəkilmiş, sutəmizləyici qurğular quraşdırılmışdır.

5. Neft kapitalının insan kapitalına çevrilməsi. Sosial dövlətdə daxili siyasətin mərkəzində insan amili dayanır. İnsanın sağlam, xoşbəxt və sosial rifah halında həyat sürməsi dayanır. Uşaqlara qayğı, gəncliyə dəstək, Azərbaycanın rəqabətqabiliyyətli, müasir düşüncə, mədəniyyət və elm çağırışlarına layiqincə cavab verə biləcək kadr potensialının hazırlanması dövlətimizin sosialyönümlü siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan hökumətinin təhsil sahəsində 30-a, səhiyyə sahəsində 20-yə yaxın dövlət proqramı qəbul etməsi və həyata keçirməsi, uşaq hüquqları ilə bağlı 40-dan çox qanunun fəaliyyət göstərməsi, istedadlı Azərbaycan gənclərinin dünyanın aparıcı ölkələrinin qabaqcıl universitetlərində təhsil almalarına təminat verən dövlət proqramının qəbul edilməsi və nəhayət, ASAN xidmətin və DOST mərkəzlərinin yaradılması insan kapitalının güclənməsinə Azərbaycan dövlətinin qayğısının bariz nümunələridir.

YAP hesab edir ki, Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafı müasir tələblərə cavab verən elm və təhsilə əsaslanmalıdır. Buna görə də:

* insan kapitalının milli sərvətdə iştirak payının artırılması;

* peşəkarlıq, sosial vərdişlər və rəqəmsal bacarıqların qarşılıqlı bağlılığına söykənən “ömürboyu təhsil”ə xüsusi əhəmiyyət verilməsi;

* erkən və məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi;

* ümumi təhsilin məzmunca gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi;

* inteqrativ tədris təcrübəsinin inkişafı və onun əsasında ölkənin beynəlxalq qiymətləndirmələrdə qabaqcıl yer tutmasının təmin olunması;

* rəqəmsal bacarıq və vərdişlərin formalaşdırılması;

* yüksək keyfiyyətli təhsil almaq, elmi biliklərə yiyələnmək imkanlarının və inklüziv təhsilin genişləndirilməsi, bu sahədə müasir texnologiyalardan geniş istifadə edilməsi;

* həssas ailələrdən olan təhsilalanlara maddi dəstəyin verilməsi, Təhsil Tələbə Krediti Fondunun imkanlarının genişləndirilməsi;

* kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması;

* gənclərdə dövlət idarəçiliyi sahəsində əhəmiyyətli olan bilik, bacarıq və təcrübənin formalaşdırılması, “Yüksəliş” proqramının imkanlarının artırılması;

* peşə hazırlığı sisteminin inkişafı çərçivəsində beynəlxalq tələblərə uyğun mütəxəssislərin hazırlanması;

* distant təhsil də daxil olmaqla, təhsilin müasir formalarının tətbiqinin dəstəklənməsi;

* təhsilin idarəedilməsinin təkmilləşdirilməsi;

* ali təhsil müəssisələrinin muxtariyyətinin artırılması;

* smart universitet modelinin tətbiqi, universitet kampuslarının yaradılması;

* ali təhsil müəssisələrinin beynəlxalq tələblərə uyğun akkreditasiya sisteminin formalaşdırılması;

* xaricdə təhsil sisteminin imkanlarından milli kadr hazırlığında istifadənin genişləndirilməsi;

* təhsil-elm-biznes vəhdətinin təmin edilməsinin dəstəklənməsi;

* ali təhsil müəssisələrinin fəaliyyətində beynəlxalq rəqabətə davamlılığın təmin olunması partiyanın hədəflərindəndir.

Azərbaycan dövləti sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqənin, o cümlədən, qaçqın və məcburi köçkünlərin məşğulluğunun təmin edilməsinə xüsusi həssaslıqla yanaşır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2017-ci il martın 9-da Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə söyləmişdir: “Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunmuşdur. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşdür. Dövlət proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılmışdır. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox halda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar”.

Görülən işlərlə yanaşı, qarşıda daha böyük çağırışlar və vəzifələr dayanır. Dünyanın transformasiya dövründə yaşayırıq, artıq IV Sənaye İnqilabı qapımızı döyməkdədir. Yeni çağırışlara hazır olan gənc nəslin yetişdirilməsi də YAP-ın qarşıya qoyduğu vəzifələrdən biridir. Dünya əmək birjasında bir çox ənənəvi peşələr yavaş-yavaş sıradan çıxır, hər gün yeni peşələr yaranır, yeni iş istiqamətləri ortaya çıxır. Bu peşələrin bəziləri (veb-master, distribüter, dizayner, İT-mütəxəssis, logistik, imicmeyker və s.) artıq bizim leksikonumuza və iş həyatımıza daxil olsa da, bir çox peşənin (cobber, valveoloq, layf-kouç, kouçer, kopirayter, mediabayer, treyder və s.) adı belə cəmiyyətimizə tanış deyildir.

Bu il fevral ayının 2-də keçirilən Gənclər gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda qarşıda duran yeni sosial-iqtisadi çağırışlara hazır olmamızın vacibliyinə toxunan YAP Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Biz onu da bilməliyik ki, ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni bu peşələrə ehtiyac qalmayacaq. Ancaq Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Avropa məkanında ölkələrdə ya əhali sabitdir, ya da ki, azalır, bizdə isə artır. Müstəqillik dövründə 7 milyondan 10 milyonadək artıbdır. Bütün bunlar yeni iş yerləri deməkdir. Amma biz görürük ki, IV Sənaye İnqilabı iş yerlərinin ləğvinə gətirəcəksə - bu, artıq danılmaz faktdır - ona görə IV Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Hazır olmasaq, o işlər itiriləcək, işsizlərin sayı artacaq, biz yeni işlərə hazır olmayacağıq. Bu, təkcə işsizliyin normal səviyyədə saxlanması deyil, bu, inkişaf deməkdir”.

Sosial dövlətin əsas xüsusiyyətlərindən biri də layiqli həyat səviyyəsinin təmin olunması məsələsidir.

Partiyamızın proqramında qeyd edildiyi kimi, davamlı inkişaf inklüziv cəmiyyətin formalaşmasına təkan verməli və hər bir vətəndaş bunu öz həyatında hiss etməlidir. Layiqli həyat səviyyəsinin təmin edilməsi üçün:

* əməkhaqqı artımının əmək məhsuldarlığının artımı ilə uzlaşdırılması;

* bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunması;

* məşğulluq sahəsində özəl sektorun payının artması üçün təsirli tədbirlərin görülməsi;

* əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahının yüksəldilməsi;

* gəlirlərin və qeyri-formal məşğulluğun leqallaşdırılması istiqamətində işlərin görülməsi partiyanın əsas məqsədlərindəndir.

YAP daim inkişafda olan, özünü təkmilləşdirən, dünyada gedən proseslərə adekvat reaksiya verməyi bacaran və yeniliklərə açıq bir partiyadır. Partiyamızın proqramında qeyd edilidiyi kimi, yaradıcı təfəkkür, kreativ düşüncə, təşəbbüskarlıq və innovativ inkişaf müasir dünyada peşəkar fəaliyyətin meyarıdır. Səmərəlilik, rasionallıq, çeviklik, müasirlik və aktuallıqla səciyyələnən kreativ yanaşma siyasi münasibətlərə də sirayət edir.

Rəqəmsal texnologiyaların üstünlüyü şəraitində siyasi münasibətlərdə kreativ yanaşma ön plana keçir. Müasir dövrdə siyasi mübarizə və rəqabətin virtual məkanda aparılması meyli getdikcə güclənir. YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin təşviqi və geniş tətbiqinin dəstəklənməsidir.

Layiqli həyat səviyyəsinin təmin olunması yaşayış minimumu, minimal əməkhaqqı, orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın artım dinamikası ilə şərtlənir. Azərbaycanda yaşayış minimumu 2003-cü ildəki 35 manatdan 2022-ci ildə 210 manata çatdırılmış, başqa sözlə, 6 dəfə artmışdır. Minimum əməkhaqqı 2002-ci ildəki 5,5 manatdan 2022-ci ildə 300 manata yüksəlmiş, yaxud 54,5 dəfə artmışdır. Orta aylıq əməkhaqqı isə 2003-cü ildəki 80 manata rəğmən bu ilin sonuna 808 manat təşkil edəcəkdir və bu, həyat səviyyəsinin artım tempini xarakterizə edən ən yaxşı göstəricilərdən biridir. Pensiya sahəsində aparılan islahatlar nəticəsində pensiyanın minimum məbləği (240 manat) yaşayış minimumu (210 manat) səviyyəsini üstələmişdir, başqa sözlə, bütün pensiyaçılar yoxsulluq həddindən çıxmışlar.

Sosial dövləti xarakterizə edən parametrlərdən biri də sosial müdafiə tədbirlərinin ardıcıllığı və təminatlılıq səviyyəsidir. Azərbaycan dövləti tərəfindən 38 istiqamətdə sosial müdafiə tədbirləri həyata keçirilir, əməkhaqqı, pensiya, müavinət (yaşa, işsizliyə, ailə başçısını itirməyə, əlilliyə, şəhid ailəsinə, veteranlara, xəstəliyə, hamiləliyə, doğuşa, çoxuşaqlılığa və s. görə), təqaüd (tələbələrə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə, şəhid ailələrinə, yaradıcı şəxslərə və s.) verilir, icbari təhsil və tibbi xidmət dövlət vəsaiti hesabına həyata keçirilir, sığorta xidmətləri genişləndirilir. Sovet əmanət kassalarında qalmış pulların qısa müddətdə və yüksək indeksasiya şərtləri daxilində qaytarılması faktı da Azərbaycanın sosial dövlət xarakterindən irəli gələn bir hadisədir.

Bütün cəmiyyətin rifah halının yüksəldilməsi vacib məsələlərdəndir. Sosial dövlət dövlətçiliyin inkişafının yeni bir mərhələsi olub, maddi nemətlər bolluğu yaratmaqla hər bir vətəndaşın yüksək rifah halını təmin edir. Ümumi daxili məhsulun həcminin artması, dövlət büdcəsinin çoxalması, investisiya qoyuluşu imkanlarının genişlənməsi cəmiyyətin bütün təbəqələrindən olan insanların sosial rifah halının yüksəlməsinə imkan yaradır.

Sosial dövlət vətəndaş-cəmiyyət-dövlət münasibətlərinin yeni bir forması, daha yüksək səviyyəsi olub, hər bir vətəndaşın, onun ailə üzvlərinin həyatı və rifahı naminə layihələrə üstünlük verir, insanların öz potensial imkanlarını reallaşdırmaq üçün hüquqi və iqtisadi müstəvidə qanuni şərait yaradır.

Doğrudan da, Azərbaycan bir sosial dövlət kimi öz vətəndaşlarının sosial, iqtisadi, hüquqi və mənəvi azadlıqlarını təmin edir, cəmiyyət üzvləri arasında sosial bərabərsizliyi minimuma endirməyə çalışır, sosial ədalətə, sosial sülhə və sosial əməkdaşlığa söykənən yeni münasibətlərin yaranmasına səy göstərir və buna nail olur.

İnsan həyatının keyfiyyətli və faydalı olması üçün vacib şərtlərdən biri, bəlkə də birincisi sağlamlıqdır. Heç təsadüfi deyildir ki, bütün dünyada sağlam yaşamaq hüququ insanın ən fundamental hüquqlarından biri kimi tanınır. Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşamasının təmin olunması, tibbi xidmətin keyfiyyəti və bu xidmətlərə pasiyentlərin əlçatanlığı Prezident İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən biridir.

Tibbi xidmətlərə əlçatanlığın təmin olunması, tibbi xidmətlərin vaxtında və keyfiyyətli göstərilməsi üçün səhiyyə idarəçiliyinin ən optimal forması sayılan icbari tibbi sığorta sisteminə keçid Prezident İlham Əliyevin sosial sahədə apardığı ən fundamental islahatlardan biridir. İcbari tibbi sığorta səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq, sağlam rəqabət mühiti yaratmaqla yanaşı, maliyyələşdirmə xərclərini də dövlət, işəgötürən və işləyən arasında paylaşmaqla daha mütənasib ödəmə sistemi təklif edir.

İcbari tibbi sığorta 3 il ərzində pilot şəklində Mingəçevir, Yevlax və Ağdaş şəhərlərində uğurla sınaqdan çıxandan sonra 2020-ci ildə ölkəmizin şimal bölgəsini əhatə edən 20 rayonda icbari fəaliyyətə başladı. Hazırda isə koronavirus pandemiyasının törətdiyi çətinliklərə baxmayaraq Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta böyük uğurla vətəndaşlarımızın xidmətindədir.

Əhalinin sağlamlığının qorunması və səhiyyə sahəsində YAP-ın hədəfləri aşağıdakılardır:

* səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının artırılması və onun səmərəli istifadəsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi;

* səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi;

* səhiyyənin idarə olunmasında həddən artıq mərkəzləşmədən imtina edilməsi;

icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi;

* əhalinin bütün təbəqələrinin tibbi xidmətlərə və dərman vasitələrinə əlçatanlığının təmin edilməsi;

* yoluxucu xəstəliklərin profilaktikası işinin gücləndirilməsi;

* ana və uşaqların sağlamlığının qorunmasına dair hüquqi-təşkilati mexanizmlərin təkmilləşdirilməsi;

* səhiyyədə müasir innovasiyaların tətbiqinin genişləndirilməsi;

* keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artmasına nail olunması;

* ölkənin əsas dərman vasitələri və tibbi ləvazimatlarla davamlı təminatı məqsədilə daxili istehsalın artırılması;

* əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tibb müəssisələrinin səviyyələr üzrə bölgüsünün aparılması, tibbi xidmətlər üzrə standartların hazırlanması və bu sahədə keyfiyyətə nəzarət sisteminin qurulması;

* işğaldan azad edilmiş ərazilərdəki tibbi xidmətin ölkənin səhiyyə sisteminə tam inteqrasiya edilməsi.

Partiyamızın 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayı siyasi, iqtisadi, sosial sahələrdə qarşıya qoyulan yeni hədəfləri bəyan etməklə yanaşı, bu hədəflərə çatmaq üçün ideoloji platformanı da müəyyən etmişdir. Bu platformanın əsasında milli birlik, bütün siyasi qüvvələrin ölkənin ictimai həyatında fəal mövqe tutması, vətəndaş həmrəyliyinə töhfə verməsi dayanır. Partiyamızın Sədri, Azərbaycan Raspublikasının Prezidenti cənab İlham Əliyev qurultaydakı nitqində bu məsələləri cəmiyyətin diqqətinə çatdıraraq demişdir: “Mən bu gün qarşıda duran bəzi vəzifələr barədə öz fikirlərimi həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşməklə, əlbəttə ki, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırıram. Buna ehtiyac var. Çünki bir daha demək istəyirəm ki, biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun”.

44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması ilə bərabər, həm də bölgədə yeni reallıqlar yaratmışdır. Davamlı və möhkəm sülhün əldə olunması, bölgədə əməkdaşlığın və tərəqqinin bərqərar olunması, Zəngəzur dəhlizinin və digər kommunikasiya xətlərinin açılması ilə əlaqədar yaranan yeni iqtisadi şərait regionun dünya iqtisadiyyatının maraq dairəsinə düşməsini şərtləndirir. Bu reallığı biz yaratmışıq və biz idarə edirik.

Bölgənin ən mütəşəkkil və qüdrətli siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının böyük qələbədən sonra keçirilən VII qurultayında regionda yaranan yeni reallıqlar müzakirə olunmuş və qarşıda duran vəzifələr partiyanın proqramında öz əksini tapmışdır. İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, təhlükəsiz vəziyyətə gətirilməsi, orada iqtisadi və sosial əhəmiyyətli infrastrukturun yaradılması, məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıtması üçün lazımi şəraitin yaradılması partiyanın proqramında yaxın dövrün əsas vəzifələri kimi qarşıya qoyulmuşdur.

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın həyatında mühüm tarixi hadisədir. Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi sahəsində YAP-ın hədəfləri partiyanın proqramının 4-cü fəslində öz əksini tapmışdır və bu hədəflər Qarabağda və Zəngəzurda layiqli yaşayışın bərpası üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması, bu ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsi, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması, regionun sürətli iqtisadi inkişafının təmin olunması üçün stimullaşdırıcı tədbirlərin görülməsi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının hazırlanması və həyata keçirilməsi kimi mühüm taleyüklü və tarixi əhəmiyyətli məsələləri əhatə edir.

Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il keçmişdir. Bir il ölkənin və cəmiyyətin həyatında çox kiçik bir zamandır, ancaq bu qısa zaman ərzində partiyamızın və dövlətimizin rəhbəri, xalqımızın lideri cənab İlham Əliyevin rəhbərliyi altında olduqca böyük nailiyyətlərə imza atmışıq: Şuşa Bəyannaməsi imzalanmış və qüvvəyə minmişdir, Füzuli aeroportu tikilmiş və istifadəyə verilmişdir. Ağdam, Füzuli şəhərlərinin baş planları təsdiq olunmuşdur və digər rayonlarımızda da quruculuq-abadlıq layihələri həyata keçirilməkdədir, Şuşaya Zəfər yolu çəkilmişdir, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının elektrik enerjisi təminatı həyata keçirilmişdir, Murov dağının üzərindən Kəlbəcərə müasir yol tikintisi uğurla davam edir, Zəngilan və Laçın aeroportları tikilir, Zəngilanın Ağalı kəndində “ağıllı kənd” pilot layihəsi tamamlanmışdır və qısa müddətdə məcburi köçkün soydaşlarımızın 30 illik həsrətinə son qoyulacaqdır.

Biz bu işləri birlikdə etdik, cənab Ali Baş Komandanın rəhbərliyi altında lider-xalq-ordu birliyi sayəsində tarixi uğurlara imza atdıq. Qarşıda bizi daha böyük vəzifələr və nailiyyətlər gözləyir. Bu vəzifələrə çatmaq üçün bütün Azərbaycan vətəndaşlarının arzularının və maraqlarının ifadəçisi olan Yeni Azərbaycan Partiyası uzun illər dövlətimizin qüdrətlənməsində və xalqımızın rifahının güclənməsində təşəbbüskar, birləşdirici, flaqman vəzifəsini uğurla həyata keçirəcəkdir. Xalqımızın lideri cənab İlham Əliyevin irəli sürdüyü və partiyamızın yeni proqramının devizi kimi qəbul etdiyimiz “Biz birlikdə güclüyük!” şüarı bizi daha böyük qələbələrə aparacaqdır.

Musa Quliyev,

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri