YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər daha da inkişaf etdiriləcəkdir

Səbinə Xasayeva

Milli Məclisin deputatı

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə  imzaladıqları “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə iki ölkə arasında formalaşmış münasibətlərin möhkəmləndirilməsi və yeni müstəviyə çıxarılması baxımından müasir tariximizdə xüsusi əhəmiyyət daşıyır.

43 bənddən ibarət  olan və   qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edən  Moskva Bəyannaməsi ilə iki qonşu və dost ölkə arasında münasibiətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksələcəkdir.

Bəyannaməyə əsasən hər iki ölkə öz münasibətlərini müttəfiqlik, qarşılıqlı fəaliyyət, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

Bəyannamədə qeyd olunduğu kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası  öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Onlar həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm verirlər. Onlar ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər.

Bəyanatda nəzərdə tutulan maddələrdən biri də Rusiya və Azərbaycan parlamentlərinin arasındakı əməkdaşlığını dərinləşdirməkdir. Düşünürəm ki, bu maddə ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsində parlament diplomatiyasının rolunu artıracaq və beynəlxalq təşkilatlarda mövqelərimizin möhkəmlənməsinə töhfəsini verəcək. Rusiyanın Azərbaycanla imzalandığı müttəfiqlik haqqında Bəyannamə çox ciddi sənəddir.

Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni iki dövlət arasındakı etimadlı münasibətlərin obyektiv nəticəsi kimi də dəyərləndirmək olar. Bəyannamə qarşılıqlı faydalı münasibətlərin inkişafına, regional təhlükəsizliyə müsbət təsir göstərəcək, Azərbaycan-Rusiya münasibətlərinin istər iqtisadi, istərsə də siyasi müstəvidə inkişafına böyük töhfə verəcək.Ümumiyyətlə, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb.

Müstəqil dövlətlər üçün dövlətlərarası münasibətlər qarşlıqlı etimada, inama əsaslananda inkişaf hər ikisi üçün müxtəlif sahələrdə təmin edilir. Azərbaycanla Rusiya arasında münasibətlər bu baxımdan diqqəti çəkir.

Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda, əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Bu ildə də artım perspektivi var. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir. Heç şübhəsiz bu da yüksək göstəricidir. Ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafında da şimal qonşumuzla əlaqələr mühüm rol oynayır. Bu sahədə istehsal olunan mallar daha çox Rusiya bazarlarına ixrac olunur.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiyaya rəsmi səfərləri dövlətlərarası münasibətlərin inkişafını təmin etməklə iqtisadi, mədəni və digər sahələrdə daha intensiv səviyyədə qurulur ki, bu da qarşılıqlı etimad müstəvisində dövlətçilik və milli maraqlar baxımından gərəkliyi ilə diqqəti çəkir. Rus dili münasibətlərimizin və gələcək əlaqələrimizin mühüm əsasıdır. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. Azərbaycanda 15 mindən çox tələbə ali məktəblərdə rus dili bölmələrində oxuyur. Rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar. Yüz minlərlə azərbaycanlı Rusiya Federasiyasında, minlərlə rus əsilli vətəndaş Azərbaycanda yaşayır. Bu, o deməkdir ki, milli münasibətlər nə qədər həssas qurularsa, yaşadılarsa, Vətəndən kənarda yaşayanlar özünü o qədər təhlükəsiz hiss edər. Azərbaycan Respublikasının Prezidenti hər bir azərbaycanlının prezidentidir, Azərbaycanda yaşayanlarla bir sırada Azərbaycandan kənrda yaşayanların da taleyinin, yaşamının mühafizəkarıdır.

Rusiyanın neçə-neçə şəhərində Azərbaycanın tarixi şəxsiyyətlərinin abidəsi ucaldılıb. Bu, azərbaycançılığın yayılması, təbliği, yaşadılması vasitələrindən biri kimi dəyərləndirilir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfərində, bu səfərdə Rusiya Federasiyasının Prezidenti ilə təkbətək görüşündə dedi: “Rusiya Federasiyası Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayıb. 2020-ci ilin noyabrında Sizin fəal iştirakınızla imzalanmış üçtərəfli Bəyanat bu çoxillik münaqişəni nizamlamağımıza imkan verdi. Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk...”.

Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata ciddi əməl etməməsi bu bəyanatın imzalanmasının vasitəçisi kimi Rusiyanı, bu baxımdan Rusiya Federasiyasının Prezidenti Vladimir Putini ciddi düşündürməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında bu mahiyyət də duyulandır. Hər bir azərbaycanlı bu mahiyyəti Vətən müharibəsində qazanılan Zəfərin məntiqi davamı bilir.

Moskva Bəyannaməsinin əhəmiyyəti olduqca böyükdür və Azərbaycanın maraqlarına cavab verən sənəddir. Azərbaycanın ikitərəfli münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır, imzalanmış Bəyannamə Azərbaycanı daha da gücləndirir. Bəyannamənin dövlətimiz və ölkəmiz üçün ən mühüm əhəmiyyətindən biri də Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistanın vəziyyətdən sui-istifadə imkanlarını məhdudlaşdırır. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi və Rusiya ilə imzalanmış Moskva bəyannaməsi arasında çox ciddi fərq var. Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə, Rusiya ilə imzalanmış sənəd isə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Türkiyə ilə imzalanmış sənəddə bir çox məsələlər Rusiya ilə imzalanmış sənəddə əksini tapmayıb. Şuşa bəyannaməsinə görə Azərbaycan və Türkiyə xarici siyasət məsələlərini koordinasiya edirlər, bir birinə yardım göstərirlər (hərbi yardım da daxil olmaqla). Rusiya ilə imzalanmış bəyannamədə bu cür müddəalar yoxdur.

Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Şuşa Bəyannaməsindən sonra Moskva Bəyannaməsinin imzalanması Azərbaycanın milli maraqlarını tam əks etdirir. Azərbaycanı daha da gücləndirir.

Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir.

Azərbaycanla Rusiya arasında diplomatik əıaqələrin 30 illiyi ərəfəsində bu rəsmi görüş və imzalanmış Bəyannamə  ölkələrimiz üçün, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün müsbət təsir göstərəcək, diplomatik münasibətlərin daha da şəffaflaşmasında olduqca əhəmiyyətli olacaqdır.