YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda şəhid Zakir Cəfərovun xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə 109 saylı orta məktəbdə şəhid Cəfərov Zakir Nazim oğlunun şəhadətinin 5-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Keşlə qəsəbəsində şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyub, şəhidin adını daşıyan bulağın təmirdən sonrakı vəziyyəti ilə tanış olublar.

Sonra məktəbdə davam etdirilən tədbirdə əvvəlcə şəhidin adını daşıyan siniflə tanışlıq olub, yaradılmış guşə ziyarət edilib.

Akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Çıxış edən şəhidin anası Kəmalə Abdullayeva, 109 saylı orta məktəbin direktoru Gülnarə Bədəlova, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Könül Nurullayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Nizami rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami Rayon şöbəsinin sədri Məhi Mehdiyev, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, həmçinin şəhidin döyüş yoldaşları Zakir Cəfərovun şücaətindən, döyüş yolundan, eləcə də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar.

Bildiriblər ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Çıxış edənlər şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Qeyd edək ki, şəhid Zakir Cəfərov 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Xocavənd istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlıqlara görə “Şücaətə görə” medalı ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv