YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskva Bəyannaməsi Azərbaycanın uğurlu xarici siyasətinin daha bir göstəricisidir

Fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə Müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Bəyannaməni imzalaması ölkə Prezidentinin apardığı uğurlu və məharətli xarici siyasətin daha bir göstəricisidir. Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, ölkə Prezidentinin apardığı müstəqil xarici siyasətin əsasında hər zaman milli, dövlət və xalq maraqları dayanır: “Aparılan bu siyasət Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz və nailiyyət qazandırıb. Azərbaycana olan yüksək etimadın nəticəsidir ki, bu gün Azərbaycan dünyada BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına çox məharətlə sədrlik edir. Azərbaycan pandemiya zamanı bəşəriyyətə ən çətin bir dövrdə iki mühüm təsisata eyni anda sədrlik edirdi, həm Qoşulmama Hərəkatına, həm də Türk Şurasına. Bu bir daha Azərbaycanın uğurlu xarici siyasət yürütdüyünü təsdiq edir. Azərbaycan heç bir bloka qoşulmur və qonşuları ilə münasibətləri yüksək xəttlə inkişaf etdirir. Prezident İlham Əliyevin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda dünya ölkələri, o cümlədən qonşu ölkələr ilə apardığı siyasət Vətən müharibəsi zamanı da öz müsbət nəticəsini göstərdi”.

S.Hüseynova qeyd edib ki, Azərbaycanın qonşu ölkələri ilə münasibətləri yüksək səviyyədə qurulub. “Bu gün Azərbaycan hətta Ermənistanla da münasibətlərin normallaşmasında maraqlıdır. Vətən müharibəsindən sonra Azərbaycanla qardaş Türkiyə arasında Şuşa bəyannaməsi imzalandı və bu bəyannamə Azərbaycanın təhlükəsizliyinə əlavə zəmanət verir. Azərbaycan qonşu Gürcüstan və İranla da yüksək səviyyədə əlaqələr qurub. Bu günlərdə Avropa İttifaqı ilə keçirilən görüşlər, Bakıda keçirilən Qaz sammiti və orada iştirak edən Avropa ölkələri rəsmilərinin Azərbaycan haqqında söylədiyi yüksək fikir və rəylər bir daha təsdiq edir ki, Azərbaycanın Aİ ilə də əlaqələri yüksələn xəttlə inkişaf edir. Azərbaycanın NATO ilə də uğurla inkişaf edən münasibətləri mövcuddur və fevralın 15-də Prezident İlham Əliyev ilə telefon danışığı zamanı NATO baş katibi Azərbaycanın Avropanın etibarlı qaz təchizatçısı olmasına və qaz təchizatınının artırılmasına görə də təşəkkür etdi. Bütün bu münasibətlər fonunda Azərbaycanın Rusiya ilə imzaladığı bəyannamə bir daha aparılan balanslaşdırılmış xarici siyasətimizin mühüm tərkib hissəsidir”..

Deputat əlavə edib ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yüz illərlə tarixi var, diplomatik münasibətlərimizin qurulmasının isə bu il 30 ili tamam olur: “Bu illər ərzində Azərbaycan və Rusiya münasibətləri dinamik şəkildə inkişaf edib. Ötən müddət ərzində iki ölkənin strateji tərəfdaşlığını müəyyən edən çoxsaylı sənədlər imzalanıb. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda ölkələrimiz arasında ticarət dövriyəsi 16 faiz artaraq 3 milyard dolları aşıb və bu il də artması gözlənilir. Eyni zamanda Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün əsas bazardır. Rusiyada çoxsaylı Azərbaycan diasporu mövcuddur. Eyni zamanda iki ölkə arasında mədəni və humanitar sahələrdə yüksək səviyyəli əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Azərbaycanda rusi dilinə böyük diqqət göstərilir, 340-dan artıq rusdilli məktəb fəaliyyət göstərir, ali təhsil müəssisələrində rusdilli fakultələr mövcuddur və eyni zamanda Rusiyanın nüfuzlu ali təhsil ocaqlarının Azərbaycanda filialları fəaliyyət göstərir. Moskva Bəyannaməsi Azərbaycan ilə Rusiya arasında olan bu yüksək səviyyəli münasibətləri həm təsdiqlədi, həm də müttəfiqlik səviyyətinə çatdırdı. Eyni zamanda Azərbaycan özünün təhlükəsizliyi üçün əlavə zəmanət əldə etdi”.