YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda şəhid ailələri ziyarət olunub

Oğuza hər gəlişində ziyarətini Oğuzun “Şəhidlər Xiyabanı”ndan başlayan Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bu müqəddəs yeri tərk etdikdən sonra birbaşa Oğuzun kəndlərində yaşayan şəhid ailələrinə baş çəkib. Məqsəd şəhidlərin doğmalarını dinləmək, xahiş və istəklərini öyrənmək, onlara dəstək olmaqdır.

Əvvəlcə rayonun Dəymədərə kəndindən olan şəhid Məmmədov Abid Asif oğlunun ailəsi ziyarət olunub. Şəhidin atası Asif Məmmədov bildirib ki, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan övladı yeganə oğlu olub. Şəhidin anası Rübabə Məmmədova Aqiyə Naxçıvanlıya Oğuzdakı şəhid ailələrini hər bayramda, əlamətdar günlərdə, daim diqqətdə saxladığı üçün minnətdarlığını bildirib. Şəhidin anası övladının döyüşlərdə göstərdiyi şücaətdən, Vətənə bağlılığından danışıb. Bildirilib ki, övladı şəhidlik zirvəsinə ucalandan sonra Asif Məmmədov şəkər və yüksək təzyiqlə müşahidə olunan nevroloji xəstəliyə tutulub, dövlətin diqqət və qayğısı nəticəsində onun müalicəsi müxtəlif xəstəxanalarda təşkil edilərək, ağırlaşma hallarının qarşısı vaxtında alınıb. Deputat Aqiyə Naxçıvanlı ailənin şəhidin atasının respublikamızın hər hansı nevroloji yönümlü sanatoriyalarından birində müalicəsinə dair müraciətini qeydə alaraq qısa zaman ərzində bununla bağlı köməklik göstərəcəyini bildirib.

Qeyd edək ki, Abid Məmmədov Murovdağda Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, Dəymədərə kənd qəbiristanlığında dəfn olunub. Şəhidin xatirəsinə kəndin girəcəyində bulaq kompleksi tikilib.

Ziyarət olunan digər ailə Padar kəndindən şəhid Şirəlizadə Süleyman İlham oğlunun ailəsi idi. Deputat şəhidin ailə üzvlərinin problem və qayğıları ilə maraqlanıb. Ailə onlara hər yerdə hörmət ehtiramla yanaşıldığını, dövlətimizin şəhid ailələrini heç bir zaman diqqətsiz qoymadığını bildirib. Buna misal olaraq deputat A.Naxçıvanlının şəhid ailələrinə ziyarətini göstərilib.

Qeyd edək ki, Süleyman Şirəlizadə Vətən müharibəsində igidlik və mərdlik göstərərək Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Prezidentin sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Növbəti baş çəkilən şəhid ailəsi tank komandiri gizir Tural Məmmədovun ailəsi oldu. Şəhidin atası Arif Məmmədov övladı ilə bağlı xatirələrini bölüşərkən bu fikirləri deyib: “Turalı hərbi hospitaldan evə göndərmişdilər. Boğazından ciddi yaralanmışdı. Hec suyu belə rahat içə bilmirdi, o ki qalmışdı anası ona bişirən yeməkləri yesin. Gecə yarısı durdu, gəlib məni oyatdı və israrla dedi: “Ata məni hərbi hissəyə apar, mən qardaşlarımı tək qoya bilmərəm”. Onsuz da Tural evdə qalmayacaqdı. Əlacsız qalıb onu apardım. Bu isə onun son gedişi oldu.Onun gedərkən dediyi sözlər isə baş daşına həkk olundu: Yaxşı atanın oğlu olmaqdansa, yaxşı oğul atası olmaq yaxşıdır, Ata!”

Sonda şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildiriblər.

Qeyd edək ki,şəhid Tural Məmmədov 2016-cı ildə Aprel döyüşlərində və Vətən müharibəsində qəhrəmanlıqla iştirak edib, Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. O, ölümündən sonra Prezidentin sərəncamlarına əsasən, 4 medala layiq görülüb.