YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir

Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir. Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir.  2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz nümunəsidir. Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir. Azərbaycanın Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarı Azərbaycandır. Cənub Qaz Dəhlizi təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsidir.

NATO ilə münasibətlər uğurla inkişaf edir. 2021-ci il dekabr ayında Prezident İlham ƏIiyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu il fevralın 15-də Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Y.Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir planlaşdırılırdı. Müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir. Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ticarət dövriyyəsi 3 milyard dollardan artıqdır. Bəzi maraqlı şəxslərin, siyasi qrupların bu müqavilənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları tam yanlış və əsassızdır. Bu kimi iddialar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında yanlış rəy formalaşdırmaq cəhdinin nəticəsidir.

Təhmasib Rüstəmov

Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri