YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqlar dayanır

“Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensiala əsaslanan inkişaf modeli var. Bu gün dövlətimiz müasir dövrün çağırışlarına uyğun öz milli maraqlarını qoruyaraq çoxşaxəli müstəqil xarici siyasət yürüdür”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Qeyd edib ki, bütün bunların təməlində Prezident İlham Əliyevin düşünülmüş, əsaslandırılmış və qətiyyətli siyasəti dayanır: “Məhz bu siyasət nəticəsində Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınması ölkəmizin nüfuzunun yüksəlməsini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Azərbaycanın xarici siyasətinin əsasını milli maraqlar, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionun sabitliyinin, təhlükəsizliyinin qorunub saxlanması təşkil edir”.

P.Kərimzadə bildirib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü ölkədir. Regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. “Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurların əsasında Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilata sədrlik etməsi Azərbaycanın müstəqillik tarixində mühüm siyasi hadisələrdən biridir. Həmçinin 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına qlobal anlamda çox çətin bir dönəmdə sədrliyi öz üzərinə götürməsinə baxmayaraq, çox effektiv və konstruktiv sədrlik nümayiş etdirdi”, - deyə deputat qeyd edib.

Deputatun sözlərinə görə, beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına öz töhfəsini verən Azərbaycanın mühüm tərəfdaşlardan biri Rusiya Federasiyası ilə hərtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf edir: “İctimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq dinamik inkişafa öz müsbət töhfəsini verir. Rusiya Azərbaycanın tarixi qonşusu, dünyanın ən güclü dövlətlərindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Bu gün Rusiyada milyonlarla azərbaycanlı yaşayır, müxtəlif sahələrdə çalışırlar.

Bu da onu göstərir ki, Azərbaycan-Rusiya münasibətləri dinamik yüksəliş mərhələsindədir. İki dövlət arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Prezident İlham Əliyevin Rusiyaya etdiyi rəsmi səfər də bunu təsdiqlədi. Qeyd edək ki, Prezident İlham Əliyevin Rusiyaya həm rəsmi səfərə dəvət olunması, həm Rusiya prezidenti tərəfindən çox böyük ehtiramla qarşılanması, həm də Moskvada keçirilən görüşlərin ali səviyyəsi iki ölkə arasındakı münasibətlərin ilk növbədə dərin siyasi məzmununun və Azərbaycanın dövlət başçısının yüksək nüfuzunun bariz təcəssümüdür.

İşgüzar görüşün əsas hadisəsi hər iki dövlət rəhbəri tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanması oldu. Əslində müttəfiqlik sənədinin imzalanması qısa müddətdə ərsəyə gələn yeni bir məsələ deyil. Belə sənədlərin hazırlanması və razılaşdırılması uzunmüddətli və gərgin iş tələb edir. Ölkə Başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu bəyannamə tərəflər arasında münasibətləri müttəfiqlik səviyyəsinə çıxarır”.

P.Kərimzadə əlavə edib ki, Moskva Bəyannaməsi tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir və hər iki tərəfin üzərinə öhdəliklər qoyur: “43 bənddən ibarət olan sənədə əsasən, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək öhdəliyi götürür. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Azərbaycan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb: “Lakin onların arasında bu gün imzalanmış bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq”.

Tarixi Şuşa Bəyannaməsi kimi, Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir”.