YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Moskva Bəyannaməsi xarici siyasətində beynəlxalq hüquqa və ədalətə söykənən Azərbaycanın növbəti diplomatik uğurudur

“Bu günün əsas müzakirə mövzusu ölkə Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri və  Azərbaycanla Rusiya arasında  qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin imzalanmasıdır. Qarşılıqlı səfərlər, imzalanan sənədlər ölkələr arasında münasibətlərin yeni prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında qeyd edildiyi kimi, ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında müttəfiqlik  Bəyannaməsi xüsusi əhəmiyyət kəsb edir.

43 maddədən ibarət olan sənəd iki ölkə arasında əlaqələrin hazırkı dövrə qədər keçdiyi yola baxış fonunda perspektivləri  əks etdirir. Hər dövrün çağırışlarını uğurlu siyasəti ilə cavablandıran Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən sonra  yaranmış yeni reallıqların təsdiqi və qəbulu istiqamətində  səylərini artıraraq buna yüksək səviyyədə nail olur. Bu gün dünya güclərinin Azərbaycanın ədalətli və haqlı mövqeyinə dəstəkləri də bunun bariz nümunəsidir. Azərbaycanın  Zəfərimizdən sonra regionda  sülh və əməkdaşlıq dövrünün başlandığını bəyan etməsi  artıq Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, münasibətlərdə yeni səhifənin açıldığını təsdiqləyir.  Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olan Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etdi. Postmünaqişə dövrünün reallıqlarına qısa baxış fonunda ölkəmizin atdığı hər addımında  ədalətə və beynəlxalq hüquqa əsaslanmasını,  milli maraqlarımızın hər şeydən öndə dayandığını görərik. Moskva Bəyannaməsinin əsas  qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər tarixi köklərə malikdir:  “Moskva Bəyannaməsinin iki ölkənin diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə təsadüf etməsi də rəmzi məna daşıyır. Rusiya Prezidenti Vladimir Putin bu sənədi  Azərbaycan-Rusiya əlaqələrinin gələcəyi üçün “yol xəritəsi”, dövlət başçısı İlham Əliyev münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırılmasını məsuliyyət və imtiyaz  kimi dəyərləndirir. Bu nöqteyi-nəzərdən bildirilir ki, müttəfiqlik Bəyannaməsi təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır”.

Deputat 43 maddənin təhlili fonunda bu fikri də vurğulayıb ki,   Rusiya ilə Azərbaycan  arasında dostluq və mehriban qonşuluq münasibətlərinin  tarixinə,  mədəni, humanitar əlaqələrin,  xalqlarımızın maraqlarına  uyğun hazırlanan sənəd  regional, beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə, möhkəmləndirilməsinə töhfə verəcək: “Hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial,  eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının vacibliyi əsas amil kimi nəzərdə tutulur. Bəyannamədə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli Bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Ümumilikdə sənədin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi   məharətli diplomatiya tələb edir. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində, həmçinin postmünaqişə dövrünün reallıqlarının qəbulunda Türkiyə və Rusiyanın göstərdikləri səylər daim Azərbaycan dövləti tərəfindən yüksək dəyərləndirilir.  Azərbaycan və Türkiyənin qardaşlığını, müttəfiqliyini təsdiqləyən Bəyannamənin imzalanmasına Qarabağımızın tacı, mədəniyyət paytaxtımız Şuşa şahidlik etdi. Bu birliyin, qardaşlığın sarsılmazlığı bir daha dünyaya bəyan edildi”.

M.Həsənov qeyd edib ki, Şuşa Bəyannaməsi kimi Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir: “Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə, ədalətə söykənən  Azərbaycan növbəti diplomatik uğura imza atdı.  Bütün güc mərkəzləri və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi istiqamətlərdəndir. Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin hazırkı inkişaf səviyyəsi göz önündədir. Uğurlarımızın təməlində düşünülmüş və məqsədyönlü, ən əsası müstəqil siyasətimiz dayanır. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur və zaman keçdikcə imzalanan sənədlərin fonunda bu münasibətlər daha da yaxınlaşır. Azərbaycan-Rusiya münasibətləri deyilənlərə bariz nümunədir”.