YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində milli maraqlarımız daim öndədir

Azərbaycan dövləti balanslaşdırılmış, çoxvektorlu xarici siyasət həyata keçirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin xarici siyasətində bütün ölkələrlə, o cümlədən qonşu ölkələrlə mehriban, bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər mühüm yer tutur. Bu baxımdan, Azərbaycanın Rusiya Federasiyası ilə yüksək səviyyəli əlaqələri mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya hazırkı rəsmi səfəri isə iki dövlət arasında münasibətlərin güclənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, bu səfər çərçivəsində - fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalayıblar. Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni iki dövlət arasındakı etimadlı münasibətlərin obyektiv nəticəsi kimi də dəyərləndirmək olar. Bəyannamə qarşılıqlı faydalı münasibətlərin inkişafına, regional təhlükəsizliyə müsbət təsir göstərəcək, Azərbaycan-Rusiya münasibətlərinin istər iqtisadi, istərsə də siyasi müstəvidə inkişafına böyük töhfə verəcək. Ümumiyyətlə, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb.

Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. Xüsusilə, dünyanın böyük ölkələrindən olan və ən əsası ən yaxın qonşumuz olan Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu baxımdan, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə imzalanan Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Bəyannamə olduqca genişdir. 40-dan çox bənd var və iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir. Şübhəsiz ki, bu sənəd Azərbaycanın milli maraqlarına uyğundur və Prezident cənab İlham Əliyev bundan sonra da xalqımızın maraqlarına uyğun siyasətini qətiyyətlə davam etdirəcək. 

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri