YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə öz töhfələrini verməyə hazırdır

“Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf etməkdədir. Ötən illər ərzində tərəflər qarşılıqlı əlaqələrin inkişafı istiqamətində vacib addımlar atıb. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən qarşılıqlı əlaqələrin inkişafından məmnunluq ifadə edilib”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoq mövcuddur. “Bu görüş zamanı da Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına verdiyi töhfələri müsbət qiymətləndirib. Ən önəmli məqam Avropa İttifaqının münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə vermək istəyidir. Bu, o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə öz töhfələrini verməyə hazırdır”.

S.Fətəliyevanın sözlərinə görə, bütün bunlar ölkəmizin yeni şəraitdə Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərində önəmli məqamlardır: “Bütövlükdə, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü bərpa edib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə gücünü daha da artıran amillərdən biridir. Hesab edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafında yeni reallıqlar öz əksini tapır, ölkəmizin Avropa İttifaqı üçün önəmi daha da artır”.

“Ötən ilin dekabr ayında ayında cənab Prezidentin Brüsselə səfəri zamanı önəmli görüşlər oldu. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri ilə görüş keçirildi. Görüşdə regionda kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası və digər məsələlərlə bağlı geniş müzakirələr aparıldı. Bu il fevralın 4-də isə Avropa İttifaqının sədri qismində Fransanın Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə videokonfrans formatında görüş baş tutdu. Regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün Avropa İttifaqının göstərdiyi bu təşəbbüslər çox faydalıdır. Azərbaycan əldə edilən bütün razılaşmalara sadiqdir. Amma Ermənistan da razılaşmalara əməl etməli, vəziyyəti gərginləşdirməyə yönəlik addımlar atmamalıdır. Aİ-nin xüsusi nümayəndəsini qəbul edərkən dövlətimizin başçısı da vurğulayıb ki, keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfi konstruktiv formada davranmalıdır. Eyni zamanda, Avropa İttifaqının işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işinə töhfə vermək istəyi, o cümlədən ölkəmizə 2 milyard avro güzəştli kredit ayırması da təşkilatın bölgəmizlə bağlı təşəbbüslərinin əhəmiyyətli olduğunu təsdiqləyir. Bundan əlavə, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq münasibətlərin inkişafında mühüm rol oynayır”, - deyə S.Fətəliyeva vurğulayıb.