YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri: Azərbaycan və Baltikyanı ölkələr ikitərəfli münasibətlərin inkişafına böyük diqqət yetirirlər

Azərbaycan və Baltikyanı ölkələr dinamik xarakter daşıyan ikitərəfli münasibətlərin inkişafına böyük diqqət yetirirlər. Baltikyanı ölkələr Azərbaycanla müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri saxlayırlar.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 15-də keçirilən plenar iclasında deyib.

Avropa İttifaqının və NATO-nun üzvü olan Baltikyanı ölkələrin Şərqi Avropada böyük geosiyasi əhəmiyyətini qeyd edən Milli Məclisin sədri səfərdə məqsədin ölkələrimiz arasında ikitərəfli siyasi dialoqun dərinləşməsinə töhfə vermək, xüsusən də dövlətlərarası münasibətlərin önəmli bir istiqamətini təşkil edən parlamentlərarası əlaqələrin inkişafı yollarını nəzərdən keçirmək olduğunu diqqətə çatdırıb.

Sahibə Qafarova qeyd edib ki, Latviya, Litva və Estoniyanın rəsmiləri ilə görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin parlamentlər arasında əlaqələrin dərinləşdirilməsi müzakirə olunub. Bildirilib ki, münasibətlərin daha da dərinləşdirilməsi üçün böyük potensial mövcuddur.

Sədr görüşlərdə Azərbaycanın öz ərazilərini Ermənistanın 30 il sürən işğalından azad edərək Zəfər qazanmasını vurğulayaraq, artıq işğaldan azad olunmuş ərazilərdə bu gün genişmiqyaslı quruculuq və bərpa işlərinin həyata keçirildiyi bildirilib.

Milli Məclisin sədri ölkəmizin həyata keçirdiyi layihələr və mövcud investisiya imkanlarından bəhs edildiyini, Zəngəzur dəhlizinin strateji əhəmiyyətinin vurğulandığını da bildirib. Qeyd edilib ki, dəhlizin açılması nəinki region, həm də Avropa İttifaqının üzvü olan ölkələr üçün yeni imkanlar yaradacaq.

Sədr Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın da böyük əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, Azərbaycanın neftlə yanaşı, həm də Cənub Qaz Dəhlizi vasitəsilə Avropanı qazla təchiz etdiyini bildirib.