YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad olunan ərazilərdə sənaye parklarının yaradılması bu torpaqlara qayıdacaq sakinlərin məşğulluq məsələsinin öncədən həll edilməsi deməkdir

Azər Badamov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan son 30 ildə ermənilərin dağıdaraq viran qoyduğu əraziləri qarış-qarış yenidən qurur, bərpa edir. 44 günlük Vətən müharibəsindən sonra bu ərazilərimizdə görülən işlərin miqyası çox genişdir və bu, Böyük Qayıdışımızın tezliklə baş verəcəyindən xəbər verir. Şuşanın baş plana uyğun yenidənqurma və bərpası sürətlə aparılır. Zəngilan rayonun Ağalı kəndi yeni konsepsiyada tikilərək tezliklə öz sakinlərini qarşılayacaqdır. Füzuli Beynəxalq Hava Limanı 8 ayda tikildi və artıq beynəlxalq hava reysləri həyata keçirilir. Ərazilərin minalardan təmizlənməsi işlərinın əhatə dairəsi genişlənir. Hansı ərazilərdə təhlükəsiz şərait təmin olunursa, o ərazilərdə işlərə start verilir. Avtomobil yolları şəbəkəsi və dəmir yolların tikintisi yüksək səviyyədə təmin edilir. Deyə bilərik ki, dövət büdcəsindən milyardla manat vəsait cəlb etməklə Azərbaycan öz gücü hesabına işğaldan azad edilmiş ərazilərə yenidən həyatın qaytarılması üçün səfərbər olunub. Görülən işlərin miqyası və sürəti onu deməyə imkan verir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə güclü iqtisadi, texniki və kadr potensialı formalaşmışdır. Deyə bilərik ki, Lüksemburqun ərazisindən 3 dəfə böyük olan işğaldan azad olunmuş ərazilərimizi heç kimin köməyi, dəstəyi və heç kimdən asılı olmadan təkbaşına sıfırdan yenidən qururuq. Bu ərazilərimizin yenidən qurulması və bərpası işləri cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu bölgəyə etdikləri çoxsaylı səfərləri ilə başlanır və açılışları həyata keçirilir.

Cənab Prezidentin və birinci xanımın növbəti səfəri 13 fevralda Ağcabədiyə və ruhlar şəhəri adlandırılan Ağdama olmuşdur. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prioritet elan olunsa da, digər regionların tarazlı inkişafı da gündəmdədir. Həmin ərazilərdə yeni müəssisələr açılır, yeni infrastruktur layihələri istifadəyə verilir. Ağcabədiyə səfəri çərçivəsində də ölkə başçısı Ağcabədi taxıl Aqroparkda yaradılan şəraitlə tanış olmuşdur. Heç də sirr deyil ki, bu gün aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlığı fərdi təsərrüfatlardan bir neçə dəfə çoxdur. Fərdi təsərrüfatlarda ölkə üzrə taxılın illik orta məhsuldarlığı 30 sentnerə yaxın olduğu halda aqroparklarda və iri fermer təsərrüfatlarında bu rəqəm 70 sentnerə yaxınlaşır. Bu o deməkdir ki, iri fermer təsərrüfatlarında məhsul istehsalına elmi yanaşma tətbiq olunur və bütün aqrotexniki xidmətlər vaxtında icra olunduğundan yüksək məhsuldarlığa nail olunur. Ağcabədi taxıl Aqroparkı da taxılın və digər kənd təsərrüfatı məhsullarının istehsalında yaxından iştirak etməklə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir.

Müasir infrastruktur yaradılmadan iqtisadi inkişafdan və insanların rifahının yaxşılaşmasından danışmaq çətin olur. Cənab Prezidentin Ağcabədidə açılışlarını etdiyi yeni yol layihələri və yarımstansiya bu ərazilərin sürətli inkişafına və yüksək rahatlığın təmin olunmasına imkan verəcəkdir. O cümlədən Daxili Qoşunların yeni inşa edilən hərbi şəhərciyində yaradılmış yüksək şərait və müvafiq silah və texnikalarla təchizat ictimai asayişin qorunmasına və o cümlədən təhlükəsizliyin təmin olunmasında daha peşəkar xidmətin təşkilinə şərait yaratdacaqdır. Daxili Qoşunların şəxsi heyəti 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad olunmasında yaxından iştirak etmişdir. Bu hərbi hissələrdə yaradılan yeni şərait Daxili Qoşunların şəxsi heyətinin daha peşəkarcasına və operativ xidmət aparmasına, Ali Baş Komandanın hər bir tapşırığının yüksək səviyyədə icra olunmasına imkan yaradacaqdır.

Cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ iqtisadi rayonuna səfəri çərçivəsində növbəti dayanacağı ruhlar şəhəri və Cənuibi Qafqazın Xirosiması adlandırılan Ağdam olmuşdur. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri plana uyğun şəkildə icra olunur. İlk növbədə, ərazilər minalardan təmizlənir. Növbəti mərhələdə isə yol infrastrukturu və enerji təminatı məsələləri həll olunur.  Elektrik enerjisi ilə fasiləsiz təminat digər işlərin də sürətini artırır. Çünki müasir dövrdə elektrik enerjisi ilə dayanıqlı təchizat təşkil olunmadan nə yeni müəssisələrin qurulmasından, nə də insanların qayıdışından danışmaq mümkündür. Bu gün işğaldan azad olunmuş ərazilərimiz ölkə başçımız tərəfindən yaşıl enerji zonası elan olunmuş və qısa bir zamanda hidroqovşaqların yenidən bərpasına başlanmış, yeni yüksəkgərginlikli elektrik xətlərin müasir şəkildə optik kabellə təchiz olunaraq tikintisi davam etdirilir, müasir yarımstansiyalar inşa edilərək elektrik enerjisi ilə dayanıqlı təminat təşkil olunur.  Ağcabədidə istifadəyə verilmiş 110-35-10 kilovoltluq yeni yarımstasiya, həm də Ağdam-1, Ağdam-2 yarımstansiyaları və Qarabağ Rəqəmsal İdarəetmə Mərkəzi Qarabağ iqtisadi rayonunun elektrik enerjisi ilə dayanıqlı təminatını təmin etməklə yeni müəssisələrin ərsəyə gəlməsinə və Böyük Qayıdışın sürətlənməsinə töhfə verəcəkdir. Elektrik enerjisi ilə fasiləsiz təminat işıqlı gələcəyin qurulması deməkdir. Gələcəkdə bu ərazilərdə yeni generasiya gücləri yaradılacaq. Bu istiqamətdə yeni su, günəş və külək stansiyaları tikiləcəkdir ki, bu da ümumi şəkildə Azərbaycanın enerji imkanlarını genişləndirməklə ixrac gücümüzü artıracaqdır. Cənab Prezidentin və birinci xanımın Ağdama səfəri çərçivəsində yeni yaradılan Ağdam Sənaye Parkında iki müəssisənin təməli qoyuldu. Beləliklə, bu parkda 5 rezident tikinti işlərinə başlamışdır. Sahibkarlarımız bu ərazilərdə investisiya layihələri həyata keçirirlər və bu işlərdə maraqlıdırlar. İşğaldan azad olunmuş ərazilərdə investisiya qoyacaq sahibkarlıq subyektləri üçün xüsusi güzəştlər tətbiq olunur. Həm də bu ərazilərin iqtisadi potensialı çox yüksəkdir. Dövlət bu işləri öz gücü hesabına edəcəkdir. Amma özəl sektorun da bu işlərdə iştirakı Böyük Qayıdışımızı daha da sürətləndirəcəkdir. Düşünürəm ki, bu ərazilərə kapitalını yatıracaq hər bir sahibkar qısa bir zamanda yeni gəlirlər əldə edəcəkdir. Bu proses daha da genişlənməlidir. Cənab Prezident öz çıxışında ölkə sahibkarlarına bir daha çağırış edərək işğaldan azad olunmuş ərazilərdə investisiyaların yatırılmasında və yeni müəssisələrin yaradılmasında iştirak etməklərini tövsiyə etdi. Təbii ki, Sənaye Parklarımızın 7-yə çatması ölkəmizin sənayeləşməsi prosesini sürətləndirəcəkdir.

Son illər ölkəmizin qeyri-neft sektorunda görülən işlərin uğurlu nəticələrini yola saldığımız ilin iqtisadi göstəricilərində də görürük. Məsələn, 2021-ci ildə ölkə üzrə qeyri-neft sənayesinin istehsalı 20%-ə qədər, cari ilin yanvar ayında isə 24%-dən çox artmışdır. Düşünürəm ki, yaxın gələcəkdə həm Ağdam, həm də Araz vadisi Sənaye Parklarının istifadəyə verilməsi ölkəmizin qeyri-neft sənayesi sektorunda yeni səhifə açacaqdır. Sənaye Parklarının istifadəyə verilməsi yeni istehsal sahələrinin ərsəyə gəlməsi və həm də bu ərazilərə qayıdacaq sakinlərin məşğulluq məsələsinin öncədən həll edilməsi deməkdir. Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının dirçəldilməsi ümumi ölkə iqtisadiyyatının sürətli inkişafına gətirib çıxracaqdır.

Cənab Prezident Ağdama səfəri çərçivəsində “Park Forest Ağdam” mehmanxanasının, 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam mərkəzi xəstəxanasının təməllərini qoymuş, Qarabağ iqtisadi rayonuna daxil işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyi üçün yaradılan müasir şəraitlə tanış olmuşdur. Ağdam şəhərində ərsəyə gələcək bu müasir binalar və müəssisələr ağdamlıların öz doğma yurdlarına tezliklə qayıdışını təmin edəcəkdir. Ağdamlılar da işğaldan azad olunmuş digər rayonların sakinləri kimi 30 ilə yaxın bir müddətdə qaçqınlıqda ağır həyat şəraitini yaşayıblar. Düzdür, qaçqınlarımızın müəyyən bir hissəsi üçün dövlətimiz müasir yaşayış kompleksləri inşa etməklə yaşayış üçün həyat-şəraiti müasirləşdirmişdir. Amma doğma yurd həsrəti və bu ərazilərdə yaradılacaq yeni şəraitlər heç nə ilə əvəz olunmayacaq və tezliklə Böyük Qayıdışımızın tərkib hissəsi olaraq bəzi yaşayış məntəqələrimizə mərhələli şəkildə qaçqın və köçkünlərimizin qayıdışı təmin olunacaqdır.

Heydər Əliyev Fondu da işğaldan azad olunmuş ərazilərdə dini-milli mənəvi dəyərlərimizin və tarixi abidələrin bərpasında yaxından iştirak edir. O cümlədən, Ağdama səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam cümə məscidində aparılan bərpa işlərinin gedişatı ilə tanış olmuş, İmarət kompleksinə baxış keçirmişdir.  Ümumiyyətlə qeyd etmək olar ki, Heydər Əliyev Fondu tərəfindən Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə ermənilər tərəfindən dağıdılmış məscidlərimizin bərpası çox təqdirəlayiqdir. Bu, həm də bizim dinimizə, tariximizə və milli-mənəvi dəyərlərimizə olan yüksək ehtiram və hörmətimizdən irəli gəlir.

Sonda qeyd etmək istəyirəm ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimiz müasirləşərək cənnətə çevriləcək.