YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-İran əlaqələrinin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Biz belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə xüsusi önəm veririk.

Bu fikirlər Azərbaycan Respublikasının Prezident İlham Əliyevin İslam İnqilabının Qələbəsi Günü münasibətilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə ünvanladığı təbrikdə yer alıb.

Təbrik məktubunda deyilir: “Bu gün ikitərəfli əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Ali səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin çərçivəsinin gündən-günə genişlənməsi bunun bariz nümunəsidir.

Aşqabadda Sizinlə qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü məmnuniyyət hissi ilə xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr münasibətlərimizin daha da inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına töhfə verəcəkdir”.

Prezident İlham Əliyev Azərbaycan-İran münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inamını ifadə edib.