YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir gənclər siyasəti gələcəyimizin təminatıdır

Ölkəmizin müasir dövlətə çevrilməsi istiqamətində bir çox vacib addımlar atılır. Müasirləşmə, əlbəttə ki, dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin fəaliyyətindən asılıdır. Bunun üçün qabaqcıl texnologiyalar öyrənilməli, Azərbaycana gətirilməli və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxış edərkən demişdir: “Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur”.

Doğrudur, məhz 1996-cı il fevralın 2-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə birinci Gənclər Forumunun keçirilməsi ilə Azərbaycanın gənclər siyasətinin əsas istiqamətləri müəyyən olundu. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır.

Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət yetirilir. Bu sahənin inkişafı intellektual inkişafa təkan verir. Xüsusilə bu, gənclərə aiddir. Burada təhsil, bilik ön plandadır. Yəqin, hamı - balaca uşaqlar, yeniyetmələr, tələbələr də tez-tez eşidirlər ki, oxumaq, təhsil almaq lazımdır. Bəziləri bunu qəbul edir, həyatın mənasını oxumaqda, öyrənməkdə görür, doğrudur oxumaq, öyrənmək əsas şərtdir. Bu olmasa, ölkələr inkişaf edə bilməyəcək.

Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq.

Prezident İlham Əliyev cənabları demişdir: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”. Fəallıq isə həyatın bütün sferalarını əhatə etməlidir. Həm təhsildə, həm elmdə, həm mədəniyyət sahəsində.

İnkişaf edən dünya bu gün daha çox informasiya müharibəsinin getdiyi bir səhnədir. İnformasiya axının sürətinə cavab vermək üçün bütün gün ərzində qəbul etdiyin milyonlarla informasiyanı sadəcə doğru və düzgün dəyərləndirməli, analiz etməli və elmimizin bizə imkan verdiyi formada süzgəcdən keçirməliyik. Məhz bu səbəbdən bu gün gənclər kifayət qədər fəallıq göstərir. Azərbaycan artıq dünyanın ən böyük tədbirlərinə ev sahibliyi edir. Bunun gəncliyin inkişafına da ciddi təsiri olduğunu hamımız bilirik. Xaricdə təhsil alan gənclərlə bağlı 2007-2015-ci illəri əhatə edən xaricdə təhsil proqramına uyğun olaraq 3500 təqaüd verilib ki, onlar artıq təhsillərini başa vurub ölkəyə qayıdıblar. Onların uğurlarından söhbət gedəndə Azərbaycan gənci ifadəsi, azərbaycanlı sözü işlədilir. Bu həqiqətən də qürurvericidir.

O ki qaldı, gənclərin ictimai-siyasi mühitə cavab verməsinə, bunu da çox yaxşı bacarırlar. İctimai-siyasi məsələlərdə fəallıq göstərirlər. Uğurlu, müasir, dünyagörüşlü gənclərlə Vətənimiz Azərbaycanı gözəl gələcək gözləyir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan, Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında reallaşdırılan müasir gənclər siyasəti nəticəsində gənclər ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunub. Eyni zamanda, gənclərimiz də Cənab Prezidentə, dövlətə, Vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqəti ilə öz bağlılıqlarını isbat edirlər.

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri