YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhalinin rahat və problemsiz həyat tərzinin təmin olunması əsas prioritetlərdəndir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin ikinci böyük şəhəri olan Gəncəyə 18 dəfə rəsmi səfər edib. Bu özlüyündə dövlət başçısının Gəncəyə olan xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Gəncə şəhərinin kompleks inkişaf planı təsdiq edilib, bir çox layihələr həyata keçirilib və müxtəlif layihələrin icrası uğurla davam edir.

Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Şəhərdə tikilən yeni və eyni zamanda əsaslı təmir edilən yarımstansiyaların istifadəyə verilməsi ilə elektrik enerjisinə olan tələbat tamamilə ödənir. Eyni zamanda qazlaşdırma layihəsi tam icra edilib. Çox maliyyətutumlu layihə olan içməli su layihəsi isə uğurla icra edilir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq.

Gəncəyə gedən həm avtomobil yolları, həm də Gəncə-Bakı dəmir yolu xətti tamamilə müasirləşdirilib. Gəncə-Bakı dəmir yolu xətti əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Bu insanların rahatlığı üçün də çox önəmli bir məsələdir. Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Lokomotiv deposuna çox böyük ehtiyac var. Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Həmçinin, Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulub.

Gəncənin səhiyyə və təhsil infrastrukturu da yenilənib. Belə ki, Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Eyni zamanda şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatının xüsusi önəm daşıdığı bir dövrdə bu təhsil mərkəzinin müasirləşdirilməsi çox böyük əhəmiyyətə malikdir.

Baxmayaraq ki, ölkə qarşısında bir çox problemlər var və bu problemlər təxirəsalınmaz həllini gözləyir, ancaq Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dövlət tərəfindən dəstəklənir. Bir neçə il bundan əvvəl Gəncə Filarmoniyasının açılması şəhərinin mədəni həyatına böyük töhfə verməklə yanaşı Gəncənin ümumi görünüşünə də gözəl töhfədir.

Ölkə başçısının Gəncəyə sonuncu səfəri zamanı istifadəyə verilən Dram Teatrı da memarlıq baxımından çox möhtəşəm binadır və burada artistlər, truppa üzvləri, tamaşaçılar üçün gözəl şərait yaradılıb. Gəncənin mədəni həyatı çox zənginləşir. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.

İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı mühüm əhəmiyyət kəsb edir. Kəlbəcərə gedən yeganə yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Bu yol ancaq yaz-yay mövsümlərində rahat istifadə edilə bilər. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır. Bundan əlavə Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq.

Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrasında Gəncə şəhəri həmişə xüsusi yerə malik olubdur. İnşa olunan yeni obyektlər, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Dövlət azad edilmiş torpaqlar, yəni Qarabağ və Zəngəzur ilə yanaşı, bütün başqa şəhər və rayonların inkişafına diqqət ayırır.

Cənab Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı “ASAN xidmət” Mərkəzi açılışını etməsi və Gəncə İdman Sarayının tikintisi ilə tanış olması hər bir məsələnin dövlət başçısının xüsusi nəzarətində olduğundan xəbər verir. Bir neçə il bundan əvvəl Gəncədə “ASAN xidmət” Mərkəzi açılmış, ancaq tələbatın böyük olması nəzərə alınaraq ikinci “ASAN xidmət” Mərkəzi yaradılmışdır. “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıq, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Ölkə başçısı müsahibəsində bu haqda danışarkən də qeyd etdi ki, əgər növbə yaranırsa və insanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmur. Cənab prezidentin bu fikirləri bir daha sübut edir ki, əhalinin rahat və problemsiz həyat tərzinin təmin olunması əsas prioritetlərdəndir.

Bundan əlavə, Gəncədə inşa edilən İdman Sarayı gəncəlilərə edilən bir hədiyyədir və Gəncə İdman Sarayı Azərbaycanın ən böyük idman kompleksi olacaqdır. Bütün əsas idman növləri bir yerdə cəmləşib. Burada həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel fəaliyyət göstərəcəkdir.

Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində ölkə başçısının toxunduğu əsas məqamlardan biri də İkinci Qarabağ müharibəsi dövründə Gəncənin cinayətkar Ermənistan ordusu tərəfindən dəfələrlə terrora məruz qalması faktıdır. Ümumilikdə Gəncəyə 13 raket atılıb, onlardan 8-i partlayaraq insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Ermənistanın törətdiyi bu hərbi cinayət dünya tərəfindən tanınmalıdır.  Məhz bunun üçün müvafiq işlər görülür. Gəncədə inşa olunacaq Memorial Kompleks də bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. İnşa olunacaq Memorial Kompleks böyük bir, təqribən dörd hektar ərazini əhatə edəcək.

Dağıdılmış binalar olduğu kimi saxlanılacaq ki, baş verənlər yaddaşlardan silinməsin. Bu erməni vəhşiliyi unudulmamalıdır. Sülh olmalıdır, ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Müzəffər Ali Baş Komandan müsahibəsində bir daha vurğuladı ki, erməni faşizmini məğlub edilib və elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın.

Faşistlərin qəhrəmanlaşdırılması yolverilməzdir. Cəllad Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Qaragin Njde faşist və cəllad olub, günahsız azərbaycanlıları, bundan əlavə İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Faşizmin baş qaldırmasına yol vermək olmaz.

Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Erməni faşizminin bütün təzahürləri yer üzündən silinməlidir. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər.