YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər siyasətinin əsas hədəfləri gənclərin inkişafına şərait yaratmaq, imkan və bacarıqlarına uyğun karyera qurmalarına dəstək verməkdir

“Azərbaycan dövlətinin gənclər siyasətinin əsas hədəfləri gənclərin inkişafına şərait yaratmaq, imkan və bacarıqlarına uyğun karyera qurmalarına dəstək verməkdir. Eyni zamanda, əlbəttə ki, gənclərin sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi də dövlətin daim diqqət mərkəzindədir. Hesab edirəm ki, bu sahədə ötən müddətdə çox böyük işlər görülüb”. Bunu Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat qeyd edib ki, bu gün gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakını təmin etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir: “Azərbaycan əhalisinin təxminən dörddə biri gənclərdən ibarətdir. Bu, demoqrafik problemlərin aktual olduğu müasir dünyamızda kifayət qədər yaxşı göstərici hesab oluna bilər. Cənab Prezidentin təsdiq etdiyi müxtəlif dövlət proqramları, imzalanan fərman və sərəncamlar, xüsusilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı üçün əlverişli şərtlər yaratmaq, onların yüksək təhsil almasını, intellektual inkişafını təmin etmək baxımından xüsusi əhəmiyyətə malikdir. Bu gün əldə olunmuş uğurların əsasında məhz gənclərə göstərilən diqqət və qayğı, yeni nəslin ölkənin həyatında fəal iştirakında dövlətin maraqlı olması dayanır”.

R.Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti gənclərə hər zaman böyük etimad göstərdiyini dəfələrlə öz çıxışlarında vurğulayıb. Məhz dövlət başçısının, eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın gənc nəslə həssas münasibəti bu sahədə nəzərəçarpacaq uğurlar qazanmağa imkan yaradıb: “Gənclərin cəmiyyətin aparıcı təbəqəsi olduğu, ictimai-siyasi proseslərdə, mənsub olduğu ölkələrin həyatında mühüm rol oynadığı faktını bütün dünya qəbul edir. Bu, artıq dəfələrlə təcrübədən çıxmış və təsdiqini tapmış bir məsələdir. Lakin heç də bütün ölkələrdə bu vacib enerjini ümummilli mənafelərin reallaşdırılması prosesinə cəlb etməyə nail ola bilmirlər. Hesab edirəm ki, Azərbaycan bu mənada çox uğurlu bir model yarada bilib. Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında əksəriyyəti gənclərdən təşkil olunmuş Azərbaycan ordusunun qazandığı tarixi qələbə bunun ən bariz nümunələrindən biridir. Və ən çox vacib bir məqam da ondan ibarətdir ki, 44 günlük müharibədə Azərbaycan torpaqlarını işğaldan azad edən ordumuzun bölmələrinə, müxtəlif hərbi strukturlarına rəhbərlik edənlər də məhz işğalın ağrılı nəticələrini yaşamış, o dövrdə uşaq yaxud gənc olmuş insanlar idi. Bu, hesab edirəm ki, Azərbaycan dövlətinin nə qədər düzgün siyasət həyata keçirdiyini bir daha təsdiq edir. Cənab Prezidentin son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər" fikri bu mənada çox böyük və dərin məna daşıyır”.

Deputat qeyd edib ki, Azərbaycan gənclərinin bundan sonra da böyük nailiyyətlərə imza atacağına əmin olduğunu vurğulayıb. Qeyd edib ki, bunun üçün ölkədə bütün şərtlər mövcuddur.