YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə Memorial Kompleksi hər zaman vətəndaşlarımızın və əcnəbi qonaqların ziyarət etdiyi məkan olacaq

“Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri əlamətdar hadisələrlə yadda qaldı. Səfər çərçivəsində dövlətimizin başçısı bir sıra obyektlərin təməllərini atdı, eləcə də açılışlar etdi. Cənab Prezidentin hər bir səfəri regionların, o cümlədən Gəncə şəhərinin daha da inkişafı ilə bağlı mühüm addımların atılmasını özündə ehtiva edir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi cinayət törədərək döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərini bir neçə dəfə qadağan olunmuş silahlardan atəşə tutmuşdu. Bu cinayətin nəticəsində xeyli sayda dinc insan həlak oldu, yaralandı, yaşayış evləri dağıdıldı.  Belə ki, Gəncədə 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu. Şəhid olanların 6-sı uşaq idi. Qanlı cinayətin törədildiyi vaxtdan həmin məkan insanların ziyarət yeri olub, həmçinin xarici qonaqların səfərləri təşkil olunub. Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı isə həmin ərazidə inşa olunacaq Memorial Kompleksin təməlini qoyub.

F.Yılıdırımın sözlərinə görə, Memorial Kompleks dörd hektarda yaradılmaqla böyük bir ərazini əhatə edəcək: “Layihəyə əsasən erməni hücumu nəticəsində dağıdılmış binalar olduğu kimi qalacaq. Əlbəttə ki, bu çox doğru addımdır. Çünki bu bizim qan yaddaşımızdır, bu yaddaş silinməməlidir və tariximizdə olduğu kimi yaşamalıdır. Azərbaycan xalqı olaraq regionda sülhün bərqərar olmasını istəyirik. Amma ermənilərin törətdiyi cinayətlər, vəhşiliklər heç vaxt unudulmamalıdır. Bu baxımdan, Gəncədə yaradılacaq Memorial Kompleks böyük əhəmiyyətə malikdir. Bu kompleks hər zaman vətəndaşlarımızın və əcnəbi qonaqların ziyarət etdiyi məkan olacaq. Bununla da, gələcək nəsillər də erməni faşizminin qanlı əməllərinin şahidi olacaqlar”.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etdi: “Dövlət başçısının dediyi kimi, biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Bu gün Ermənistanda faşistlər qəhrəmanlaşdırılır. İkinci Dünya müharibəsində faşistlərə xidmət edən Njdeyə Ermənistanın paytaxtında abidə ucaldılıb. Təbii ki, bu fakt faşizmin təbliğatıdır. Bu gün isə Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan revanşist iddialarla çıxış edirlər. Beynəlxalq ictimaiyyət faşizmin bütün təzahürlərinə qarşı mübarizə aparmalıdır. O cümlədən, erməni faşizminin bütün təzahürləri məhv edilməlidir. Əks halda, bəşəriyyət gələcəkdə də bu bəladan əziyyət çəkəcək. Əgər erməni faşizmi baş qaldırarsa, Azərbaycana təhlükə yaradarsa yenə də başları üzərində dəmir yumruğu görəcəklər. Cənab Prezident qeyd etdi ki, belə bir təhlükəni hiss etsək, dərhal məhv ediləcək. Bütövlükdə isə, faşizmin bütün əlamətlərinə qarşı dünya ictimaiyyəti mübarizə aparmalıdır. Çünki faşizm bəşəriyyətə qarşı bir cinayətdir. Ona görə də, bütün ölkələr bu mübarizədə fəal olmalıdır”.