YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“20 Yanvar – Unudulmaz Qan Yaddaşı” mövzusunda tədbir keçirilib

YAP Yasamal rayon təşkilatında 20 Yanvar faciəsinin ildönümünə həsr olunan “20 Yanvar – Unudulmaz Qan Yaddaşı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. Odur ki, 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur, hörmətlə anılır.

Çıxış edən tarix elmləri doktoru, professor Nuru Məmmədovun sözlərinə görə, 20 Yanvar faciəsi elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu: “20 Yanvar faciəsi olmasaydı, bəlkə də Azərbaycan xalqının müstəqilliyə qovuşması müşkül olardı. Çünki 1990-cı ilin 20 yanvar tarixi bir gündən, bir aydan ibarət olan bir tarix deyildir. Bu tarix Azərbaycan xalqının uzun illərdən bəri apardığı müstəqillik mübarizəsinin nəticəsi idi.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov çıxışında bildirib ki, SSRİ rəhbərliyinin dinc əliyalın insanlara qarşı qırğın törətməsi zorakılıq üzərində qurulmuş bir imperiyanın Azərbaycan xalqının əzmkarlığı və iradəsi qarşısında mənəvi cəhətdən gücsüz olduğunu göstərdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, siyasi savadsızlığı ucbatından hadisəyə qiymət verilmədi və məhz Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində faciə dünya ictimaiyyətinə çatdırıldı.

Çıxış edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov 20 Yanvar faciəsinin Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, 20 Yanvar faciəsi ölkəmizin müstəqilliyinin, azadlığının əldə edilməsində müstəsna rol oynayıb.

20 Yanvar faciəsində şəhid olan Sadıqov Yusif Allahverdi oğlunun bacısı, “Hüseyn Cavid pr. 31” ərazi partiya təşkilatının sədri Sayalı Sadıqova çıxışında həmin gecə şahidi olduğu hadisələrdən danışıb.

Daha sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova bildirib ki, bu qanlı hadisə Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Vurğulayıb ki, məhz bu faciədən sonra xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.

Tədbir Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin 20 Yanvar faciəsinə həsr etdikləri bədii kompozisiya ilə davam edib.

Sonda xatirə şəkli çəkdirilib.