YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsi gələcək hədəflərin müəyyən olunması baxımından böyük önəm kəsb edir

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Prezident İlham Əliyev 12 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə bir çox məqamlara aydınlıq gətirdi və Azərbaycanın prioritet sahələrdə qazandığı uğurlar haqqında müfəssəl məlumat verdi. Bu çıxış gələcək hədəflərin müəyyən olunması baxımından böyük önəm kəsb edir. Azərbaycanda çox geniş sosial layihələr həyata keçirilir. Minimum əməkhaqqı və pensiya, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə sözügedən artımlar 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Müntəzəm olaraq maaşlar qaldırılır. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin.

Müharibədən çıxmış ölkə olaraq iqtisadi artım 5 faizdən çoxdur və qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün planlar öz əksini tapır. Ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Keçənilki böyük xərclərə baxmayaraq ölkənin valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Xüsusilə nəzərə alınmalıdır ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir.  Bu amil bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil. Qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu amil imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etsin. Qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər. İnvestorlar tərəfindən Azərbaycanda mühüm layihələr icra olunur. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulub. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər və bu amil ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür.

Cari ilin büdcəsi tariximizdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il həm azad olunmuş torpaqlarda investisiya layihələri icra ediləcək, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb. Bu məqsədlər üçün böyük vəsait səfərbər olunub. Özəl şirkətlərə, fermerlərə təlimat verilib və artıq orada əkin işləri başlanıb. Dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür.  Kiçik fermer təsərrüfatlarına da kömək göstərilir. Subsidiyalar və metodik tövsiyələr verilir. İstisna edilmir ki, başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək işi təşkil olunacaqdır. Ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcəkdir. Hərbi quruculuq məsələləri hər zaman gündəliyimizdə birinci dərəcəli yer tutur. Təsadüfi deyil ki, dövlət büdcəsini nəzərdən keçirən və hazırlayan vaxt ən böyük xərclər hərbi quruculuq üçün ayrılırdı. Bu işlər mütləq olaraq davam olmalıdır. İlk növbədə, ona görə ki, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar baş verir. Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Ona görə revanşist meyllər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır.

Müharibə dövründə çoxlu sayda döyüş sursatından istifadə olunub, indi onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Müxtəlif xarakterli müasir silah sistemləri alınır. Hərbi texnologiya inkişaf edir və Azərbaycan həmişə ən yaxşı texnologiyaları almaq arzusundadır. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifədir. İkinci Qarabağ müharibəsi bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Azərbaycanın siyasəti tam aydındır - istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcəklə bağlı. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası ilə bağlı işlərə, habelə kommunikasiyaların açılması ilə bağlı olan prosesinə start verilməlidir və nəticədə sülh müqaviləsi imzalanmalıdır. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz zəmanət olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır. Rəsmi İrəvan buna hazır olmalıdır. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq.