YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək

“Yanvarın 13-də ölkəmizin həyatında önəmli bir hadisə baş verdi. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Bakıda Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud iştirak ediblər. Təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Prezident qeyd edib ki, “Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük əhəmiyyət verir”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Bildirib ki, qeyd olunan stansiyanın tikilməsi ilə bağlı Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən böyük sərmayədir. “Stansiyanın külək enerjisindən əldə etdiyi 240 meqavatlıq güc 300 min evin elektrik enerjisi ilə təmin olunmasına şərait yaradacaq. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq ki, bu da ildə 400 min ton karbon qazının atmosferə atılmasını azaldacaq. Bu stansiyanın işə salınması Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində istehsal olunan elektrik enerjisinin xüsusi çəkisinin 30 faizə çatdırılmasında mühüm töhfə olacaq. Bu layihə, eyni zamanda, “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsində mühüm addımdır”, - deyə deputat vurğulayıb.