YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qarşıya qoyulan bütün hədəflərə çatacaq

“Son 18 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı şəkildə reallaşdırılan genişmiqyaslı islahatlar iqtisadiyyatın dinamik inkişafını təmin edib. Qısa zaman kəsiyində Azərbaycanın iqtisadi müstəqilliyə nail olması böyük uğurdur. Bu gün ölkəmiz heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil, əksinə, özü daxildə olduğu kimi, xaricdə də fəal investisiya siyasəti həyata keçirir. Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, ölkəmizdə iqtisadi və sosial siyasətin adekvatlığı təmin edilir. Belə ki, respublikanın iqtisadi-maliyyə imkanları artdıqca sosial sferada əhalinin rifah halının yaxşılaşmasını hədəfləyən təşəbbüslərin miqyası da genişlənir. Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində ölkəmizi fərqləndirən bu cəhətə diqqət çəkərək vurğulayıb ki, bizim, ümumiyyətlə, iqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır. Müsahibədə Prezident İlham Əliyev artıq tarixdə qalan 2021-ci ilin iqtisadi yekunlarına diqqət çəkib və müxtəlif istiqamətlərdə qazanılan uğurlardan məmnunluğunu ifadə edib”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi ötən ildə Azərbaycanın sosial, iqtisadi, siyasi, diplomatik və hərbi sahədə qazandığı uğurlara və onların fonunda qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir baxış kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası ilə müşayiət olunan 2021-ci il qlobal iqtisadiyyat üçün çətin keçib. Bu da pandemiyanın fəsadları ilə bağlıdır. Pandemiya səbəbindən qapanmalar dünyada iqtisadi fəallığa, ölkələrin gəlirlərinə mənfi təsir göstərib. Təsadüfi deyildir ki, qlobal pandemiyanın yaratdığı çətinliklər qarşısında artan xərclərini qarşılaya bilməyən 150-dən çox ölkə kömək üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət etmək, hətta özlərinin sosial xərclərini ixtisara salmaq məcburiyyətində qalıb. Azərbaycan isə həm pandemiyanın, həm də 44 günlük müharibənin yaratdığı çətinlikləri fəsadlarsız dəf etməyə nail oldu. Ölkəmiz heç kimdən kömək istəmədi, əksinə, özü donor qismində çıxış etdi.  Müsahibədə də vurğulandığı kimi, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı bərpa dövrünü keçdi. Pandemiya şəraitini və ölkəmizin müharibədən təzə çıxmasını nəzərə alsaq, respublikanın bərpa prosesini uğurla keçməsi və inkişafa istiqamətlənməsi milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, “təhlükəsizlik yastığı”nın kifayət qədər güclü olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində diqqəti faktlara yönəldərək vurğulayıb:  “İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır”.

Deputatın sözlərinə görə, müsahibədə dövlət başçısı ötən ildə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri ilə yanaşı, digər regionların da sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verdi. Eyni zamanda, regionda baş verən proseslər, ölkəmizin beynəlxalq müstəvidə həyata keçirdiyi siyasət diqqət mərkəzində oldu. Azərbaycan BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində regionda yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır. Biz görürük ki, beynəlxalq birlik artıq bu reallıqlarla barışmaqdadır. Bu gün BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Cənab Prezident ATƏT-in Minsk qrupunun gələcəyi ilə bağlı da fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Onlar bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Həmsədrlər bundan sonra nə ilə məşğul olmalarını özləri fikirləşməlidirlər. Bütövlükdə, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir. Bu amil ölkəmizin regionda yaratdığı reallıqların ardıcıl olaraq həyata keçəcəyini deməyə əsas verir.

“Eyni zamanda, Ermənistanın indiki və keçmiş rəhbərliyi Prezidentimizin xəbərdarlığından ciddi nəticələr çıxarmalıdırlar. Əgər qarşı tərəf sülh çağırışlarına cavab verməsə, hərbi təxribatları davam etdirərsə Azərbaycanın dəmir yumruğunu başları üzərində görəcəklər”, - deyə deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv