YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı 1993-cü və 2003-cü illərdə öz müdrik qərarları ilə parlaq gələcəyini təmin etdi

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Böyük hind dövlət xadimi Indira Qandi deyərdi ki, biz özümüz dünyada görmək istədiyimiz dəyişikliyin özü olmalıyıq. Ətrafımızda baş verənləri nəzərdən keçirdikdə bugünümüzün dünənimizə bənzəmədiyini görür və əmin oluruq ki, sabahımız da bugünümüzə oxşamayacaq. Elə bir templə inkişaf edirik ki, nailiyyətlərimiz hər keçən gün daha da artmaqdadır. Biz xalq olaraq başqaları tərəfindən deyil, bizə layiq olanı əldə etmək üçün uzun və çətin yollardan keçmişik. Məhz bu məqsədlə 1990-cı ildə tankların qarşısına əliyalın çıxdıq, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə yenidən gətirmək üçün mübarizə apardıq və bacardıq. Arzularımız naminə 2003-cü ildə Ulu Öndərin səsinə səs verdik, sözünə əməl etdik. Biz öz dünyamız olan Azərbaycanı dəyişmək üçün sabaha inamla və İlhamla dedik! Bəli, öz gələcəyimiz, övladlarımızın gələcəyi naminə, vətən naminə, torpaq naminə vaxtilə İlham Əliyev deyənlərin sayəsində biz bu gün “Qarabağ Azərbaycandır!” deyirik.

Yurda, torpağa bağlı, milli-mənəvi dəyərləri uca tutan Azərbaycan xalqı tarixin bütün mərhələlərində öz içindən lider, öndər formalaşdıra bilmişdir. Lider xalqı, xalq isə rəhbərini dəstəkləyərək mühum tarixi dövrlərdən uğurla keçməyi bacarmışdır. Öz xalqının tarixi keçmişini, formalaşma mərhələlərini bilməyən, öyrənməyən, tarixi şəxsiyyətlərini tanımayan bir təfəkkür sabaha nikbin baxa bilməzdi. Hər gələn yeni sosial-iqtisadi formasiya, özündən bir öncəki dövrün davamıdır. Əgər keçid mərhələsi uğurla davam edirsə, deməli sükanın arxasında ən ləyaqətli davamçı dayanmışdır. Buna misal olaraq inkişafın Azərbaycan modelini və cənab Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevi ləyaqətlə əvəz etməsini göstərə bilərik. Xalqın müdrik qərarı və liderin uzaqgörən siyasəti Azərbaycanda inkişafın bütün sahələrdə sürətlə davam etməsinə xidmət edir.

Mən Ulu Öndərin müalicəyə getdiyi o günləri yaxşı xatırlayıram. Cəmiyyətdə yaranmış narahatçılıq da gözlərimin önümdədir. Çox ağır geosiyasi hadisələrin baş verdiyi anlarda dərin, sərt və fırtınalı dənizlərdə üzən Azərbaycan adlı gəminin kapitanı özü də istəmədən gəmisini tərk edirdi. Lakin bu dəfəki tərketmə məcburi xarakter daşıyırdı. Taleyini, mənalı həyatını xalqına, onun işıqlı gələcəyinə qurban vermiş dünya siyasətinin fiziki cəhətdən yorulmuş nəhəng çinarı ömrünün son anlarında belə xalqını və əlləri ilə qurub yaratdığı dövləti unutmurdu. O, qələmə aldığı son müraciətində “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram”. Bu çağırış sanki cəmiyyətdə olan bütün qeyri-müəyyənliyi aradan qaldırdı. Yadımdadır ki, o zaman da biz bir yumruq ətrafında birləşdik. Onda da işıq gələn tərəfə getdik. O, adi işıq deyil idi. Günəşin şəfəqlərinin izinə düşüb İlhamla irəliləyirdik. Biz bilirdik ki, yolumuz açıq, amalımız aydın, niyyətimiz isə təmiz, pak, safdır. Günlər ayları, aylar illəri ötdükcə Ulu Öndərin xalqına son məktubunda yazdığı hər sözün, hər kəlmənin necə böyük reallığı özündə əks etdirdiyini biz görürdük. Ulu Öndər yazırdı ki, “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. İndi ətrafınızda baş verənlərə xəyalən baxmağınızı xahiş edirəm. Hadisələri dəyərləndirdiyimiz zaman görəcəyik ki, sözün bütün mənalarında əldə etdiyimiz uğurların hamısı Ulu Öndərin arzularıdır. Şuşa Zəfərindən sonra cənab Prezidentin ata vəsiyyətinə toxunması, bu məqamı qabartması da təsadüfi deyildir. Ulu Öndərdən cənab Prezidentə yalnız ata vəsiyyəti miras qalmayıb. Azərbaycan xalqı, onun işıqlı gələcəyi, sevincli-kədərli günləri, arzuları, Qarabağ Zəfəri, Zəngəzur dəhlizi, böyük və güclü Azərbaycan, tarixi torpaqlarımızda dalğalanan şanlı bayraqlar Ulu Öndərin özü qədər inandığı İlham Əliyevin çiyinlərinə qoyduğu çox ağır, lakin şərəfli məsuliyyətdir.

Möhtərəm Prezident dünyanın müasir çağırışlarını dərindən dərk edən və o istiqamətdə tarazlı siyasət xəttini doğru seçməyi bilən liderdir. Müstəqil siyasətə gedən yolun azad iqtisadiyyatdan keçdiyini gözəl bilən Prezidentin ilk qərarları da məhz bununla bağlı olmuşdur. Güclü iqtisadi inkişaf, xarici sərmayələrin cəlb olunması üçün ölkənin hər bölgəsində infrastruktur layihələrin gerçəkləşməsi labüd idi. Bu məqsədlə bir sıra uğurlu layihələr həyata keçirilmişdir. Elə 2004-cü ildən həyata keçirilən Regionların Sosial-İqtisadi İnkişafı ilə bağlı Dövlət Proqramları bu amala xidmət edirdi. Paytaxt Bakı və regionların siması sürətlə dəyişir və biz hər günü daha çox müasir dünya çağırışlarına yaxınlaşırıq. Bizim buna iqitsadi rezevrlərimiz geniş imkanlar yaradır. Bu gün vaxtilə Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən neft strategiyasında Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti kimi Möhtərəm Prezidentin əvəzsiz xidmətlərinin töhfələrini görürük.

Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan peşəkar diplomat, uğurlu və nüfuzlu dövlət xadimi, xalqın etimadını və rəğbətini qazanmış şəxsiyyət, elm, siyasət, dövlət quruculuğu və beynəlxalq münasibətlər sahəsində mahir mütəxəssis, Ulu Öndər Heydər Əliyev məktəbinin və siyasi kursunun varisi, milli həmrəyliyi, sağlam əməkdaşlıq mühitini və siyasi dialoqu təşviq edən demokratik lider kimi özünü dəfələrlə təsdiq etmişdir. O hər zaman milli maraqlara söykənən siyasət həyata keçirərək öz xalqının etimadını doğrultmuşdur. Vətən Müharibəsində əldə olunan şanlı Zəfər isə hesab edirəm ki, onun 18 illik Prezidentlik dövrünün ən parlaq səhifəsi və kuliminasiya nöqtəsidir.

Rusiya Siyasi Araşdırmalar İnsititunun direktoru Sergey Markov bu yaxınlarda verdiyi müsahibəsində qeyd etmişdir ki, “İlham Əliyev 21-ci əsrin ordusunu yaradaraq Ermənistanın hələ də 20-ci əsrə məxsus ordusunu məhv etdi”. Sözün bütün mənalarında cənab Prezidentin özünün də dediyi kimi seçildiyi andan hər gün keçmiş Dağlıq Qarabağ münaqişəsi haqqında düşünüb, hazırlaşıb və sonda da ən məqbul nəticəyə nail olmuşdur. Ordu rəhbəritək döyüş meydanında savaşmaqla diplomat kimi beynəlxalq təşkilatlarda, siyasi xadim kimi verdiyi müsahibələrdə çox ciddi mövqe nümayiş etdirərək müharibənin və daha sonrasında münaqişənin taleyini həll etmiş oldu.

Azərbaycan ciddi uğurlar əldə etmək üçün bütün dünyada etibarlı dostlara sahib olmalı idi. Bu məqsədlə atılmış addımların hamısı müsbət nəticələr vermişdir. BMT, AŞPA, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı, Türk Dilli Xalqların Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər beynəlxalq təşkilatlarda Azərbaycan öz mövqeyi ilə təmsil olunuraq milli maraqlarına söykənən siyasət yürüdür. Ölkəmiz illərdir özünün rastlaşdığı ədalətsiz addımların digər dövlətlərə qarşı atılmaması üçün mübarizə aparır. Bu, cənab Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsidir ki, əməkdaşlıq etdiyimiz bütün tərəfdaşlarla qarşılıqlı hörmət və ehtiram mühiti formalaşdıra bilmişik. Bir zamanlar səsimizin, sözümüzün duyulmadığı dünyada böyük diplomatik məharətə malik cənab Prezidentin siyasəti sayəsində dünya ölkələrinin ən sadə məsələlərdə belə ortaq məxrəcə gələ bilmədiyi bir zamanda BMT-nin 193 ölkəsindən 130-nun yekdil səsi ilə təşəbbüslərin irəli sürməsi və qəbul olunması böyük tarixi uğurlarımızdandır. Biz son illər yalnız hərb meydanında deyil, diplomatik sferada da tarixə qızıl hərflərlə yazılan nailiyyətlər əldə etmişik. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, dünyanı bəlalardan xilas etmək üçün heç də böyük və super gücə malik olan dövlətlərdən olmaq lazım deyil. Qlobal məsələlərdə dünya əhalisinin ortaq maraqlarını müdafiə edən Azərbaycan kimi dövlətlər əslində elə böyük dövlətlərdən hesab olunmalıdır. Azərbaycan istər koronovirusla mübarizədə, istər dünyada baş vermis ədalətsizliklərə kəskin mövqe nümayişi ilə, istərsə də erməni faşizminin başının əzilməsi ilə bağlı dünyaya əvəzsiz töhfələr verməyi bacarmış dövlətdir. Əldə olunan bütün uğurlar kimi diplomatik uğurlarımızın da banisi İlham Heydər oğlu Əliyevdir.

Möhtərəm Prezident İlham Əliyev eyni zamanda da təmsil etdiyimiz, milli birliyimizin simvolu olan Yeni Azərbaycan Partiyasının sədridir. Ölkədə milli həmrəyliyin, vahid maraqlar uğrunda siyasi təmərküzləşmənin təmin olunmasında YAP-ın sədri kimi də möhtərəm İlham Əliyevin müstəsna xidmətləri vardır. İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlar başlanmışdır. Dünyanın bütün böyük siyasi hərəkatları zaman-zaman özlərini yeniləyirlər. Vaxt keçir, dünya inkişaf edir. İnsanların siyasi hərəkatlardan gözləntiləri də dəyişə bilir. Məhz bu səbəbdən əsas ideyaları saxlamaqla doğma partiyamız da özünü dəfələrlə yeniləmişdir. Sonuncu dəfə 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır. Əlbəttə, YAP cəmiyyətimizin sosial müdafiəçisi və Heydər Əliyev ideyalarının mühafizəçisi kimi hər zaman böyük nüfuza malik olmuşdur. Həyata keçirilmiş islahatlar partiyanın nüfuzunu daha da artmışdır. YAP Suraxanı rayon təşkilatının sədri, uzun illərdir bu siyasi idealogiyanın daşıyıcısı kimi xüsusi vurğulamaq istərdim ki, cənab Prezidentin fəaliyyəti, həyata keçirdiyi işlər onun ən böyük təbliğatıdır. Prezidentin rəhbərliyi altında ölkəmizin inkişafı naminə zəfərlərin partiyası olan Yeni Azərbaycan Partiyası da öz töhfələrini bütün mənalarda verməkdədir.

Dünya fizika elminin ən görkəmli nümayəndəsi Albert Eynşteyn deyirdi ki, əməyinin nəticəsini dərhal görmək istəyirsənsə, çəkməçi olmalısan. Necə ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən gerçəkləşdirilən Milli Qurtuluşumuzun nəticəsi Şuşada qaldırılan şanlı bayrağımız oldu, bu əldə etdiyimiz və israrla davam etdirdiyimiz mübarizəmizin nəticəsini də biz illər sonra böyük siyasi, iqtisadi dividentlər olaraq əldə edəcəyik. Əziz dostlar, dünyanı siyasi xadimlər idarə edirlər. Azərbaycan lideri yaratdığı yeni reallıqlar əsasında dünyanı konkret fakt qarşısında qoyub. Obrazlı desək, fələyin çərxi xeyirimizə dönüb. İndi biz öz suverenliyimizi, müstəqilliyimizi və ərazi bütövlüyümüzü ordumuzun qüdrəti ilə yanaşı “Şuşa Bəyannaməsi”, “Bakı Bəyannaməsi” vasitələri ilə qarantiya altına ala bilmişik. Bu gün Avropanın ən etibarlı enerji təminatçısı kimi qəbul olunuruq. Dünyanın müxtəlif ölkələrinə maddi, mənəvi, siyasi və iqtisadi yardımlar edirik. Əldə etdiyimiz uğurları və təcrübələri dünya dövlətləri ilə paylaşırıq. Koronavirusla mübarizədə Azərbaycan modeli, Regionların Sosial-İqtsadi İnkişafı üzrə Dövlət Proqramları, Asan Xidmət, Dost xidməti, əhalinin sosial müdafiəsi istiqamətində atılmış onlarla addım və əlbəttə, 5-ci nəsil silahlarla təhciz olunmuş 21-ci əsrin  ordusu ilə dünyaya nümunəyik. Yuxarıda qeyd etdiyim kimi dünənimiz bu günümüzə bənzəmir. Bizə bu tarixi zəfərləri və sonsuz uğurları bəxş edən cənab Prezident İlham Heydər oğlu Əliyevə sonsuz minnətdarlığımızı bildiririk. Azərbaycan xalqı öncə 1993-cü ildə, daha sonra 2003-cü ildə öz müdrik qərarı ilə özünün parlaq gələcəyini təmin etdi.

DİGƏR Xəbərlər Arxiv