YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tahir Budaqov: Azərbaycan və Ukraynanın iqtisadi əlaqələrində istifadə olunmamış böyük potensial var

Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov bu ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında iqtisadi-ticari əlaqələrin perspektivləri müzakirə edilib.

Ukraynanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu deyən Gennadi Çijikov bildirib ki, ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə dinamik əməkdaşlıq davam edir. Hər iki ölkə enerji, sənaye, kənd təsərrüfatı sahələrində birgə layihələr reallaşdırır. Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi artmaqdadır, lakin bu rəqəm mövcud potensialı əks etdirmir. Ona görə də hər iki ölkənin şirkətlərinin qarşılıqlı investisiya yatırımının artırılması istiqamətində işlər davam etdirilməlidir. Ukraynanın ərzaq və qeyri-ərzaq məhsullarının istehsalına görə Avropa ölkələri arasında öncül yerlərdən birini tutduğunu deyən Gennadi Çijikov vurğulayıb ki, Ukrayna Azərbaycan vasitəsilə üçüncü ölkələrə, o cümlədən İran bazarına çıxa bilər. Bu işdə birgə layihələr həyata keçirmək olar.

İşğal altındakı torpaqlarımızın azad olunması münasibətilə təbriklərini çatdıran Gennadi Çijikov deyib ki, Ukrayna şirkətləri bu ərazilərin bərpa və yenidənqurma işlərində iştirak edə bilərlər. Onların bu istiqamətdə böyük təcrübəsi var.

Azərbaycan və Ukraynanın ümumi tarixə malik olduğunu xatırladan YAP Sədrinin müavini–Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur.

“Azərbaycan və Ukraynanın iqtisadi əlaqələrində istifadə olunmamış böyük potensial var. Ticarət dövriyyəsinin artmasına baxmayaraq, mütləq rəqəmlər bizi qane edə bilməz”, - deyə Tahir Budaqov əlavə edib.

Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini deyən YAP Sədrinin müavini 44 günlük Vətən müharibəsində ölkəmizin haqlı mübarizəsini müdafiə etdiyi üçün Ukrayna dövlətinə təşəkkürünü bildirib.

“Azərbaycanın işğaldan azad edilən əraziləri demək olar tamamilə dağıdılıb. Hazırda orada bərpa və yenidənqurma işləri aparılır. Artıq magistral yollar çəkilib, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, dini və tarixi abidələr bərpa edilib. Şuşa şəhərində beynəlxalq festivallar keçirilib. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycana dost ölkələr işğaldan azad olunan ərazilərimizin bərpa işlərində iştirak edə bilərlər. Biz Ukrayna şirkətlərini işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma işlərində iştiraka dəvət edirik”, - deyə Tahir Budaqov vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş müzakirələr aparılıb.

Sonra YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Kiyevin “UNIT.City” İnnovasiya Parkında yaradılan şəraitlə tanış olub.

Qonaqlara məlumat verilib ki, “UNIT.City” Ukraynanın ilk innovasiya parkıdır. Park Mərkəzi və Şərqi Avropada İT və texnologiya şirkətləri üçün infrastruktur və innovasiya ekosistemini birləşdirən ən böyük platformalardan biridir. “UNIT.City” 25 hektar ərazidə yerləşir. İnnovasiyalar parkı müxtəlif təyinatlı daşınmaz əmlakın bütöv blokunu təşkil edir. Buraya ofislər, yaşayış sahələri, innovativ təhsil müəssisələri, R&D mərkəzləri, VR və AR laboratoriyaları, 3D çap və aşqarların istehsalı üçün müəssisələr daxildir.

Qeyd edək ki, YAP nümayəndə heyətinin üzvləri - partiyanın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Veteranlar Şurasının sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı Ramil Həsən, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli, Azərbaycanın Ukraynadakı səfirliyinin müşavirləri Kamal Xəlilov və Sabir Rzayev, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da tədbirlərdə iştirak ediblər.