YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soçi və Aşqabadda Ermənistan silsilə məğlubiyyətlər seriyasına növbəti halqanı da əlavə etdi

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Cari il yekunlaşdıqca il ərzində həyata keçirilmiş fəaliyyətlərə nəzər yetirilməsinə böyük ehtiyac vardır. Həm daxili siyasətdə, həm də beynəlxalq arenada əldə olunan şanlı Zəfərdən ötən bir il ərzində böyük işlər görülmüşdür. Azərbaycan öz ərazi bütövlüyünü bir neçə mərhələdən ibarət olan məqsədyönlü işlər, əməli tədbirlər sayəsində təmin edir. Hərbi əməliyyatların qaynar fazası bitmişdir. Lakin proses davam etməkdədir. İqtisadi, siyasi və diplomatik münasibətlər çərçivəsində əlaqələrin qurulması və sülh müqaviləsinin imzalanması mərhələsinə doğru addımlayırıq. Əlbəttə, 30 illik düşmən mövqeyə malik olan xalqların, dövlətlərin bir il ərzində normal münasibətlər qurması ehtimalı çox azdır. Ermənistanın və erməni cəmiyyətinin təxribatçı xarakterlərini nəzərə aldıqda sülh prosesinin ləng və ağır irəliləməsini normal hal kimi qəbul etmək lazımdır. Lakin Azərbaycan dövlətinin, rəhbərinin və xalqının yaratdığı yeni reallıq qətiyyətlə həyata keçirilir. Çünki onun alternativi yoxdur.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çox əsrlik tarixi münasibətlər məcmusu vardır. Azərbaycanda təhsil müəssisələrində rus dilinin tədrisi və Rusiyada təhsil alan gənclərimiz tarixi münasibətlərin müasir dövrlə və gələcəklə arasında körpü rolunu oynayırlar. Xalqlarımız arasında həm dostluq-qohumluq əlaqələri, həm də formalaşmış möhkəm etimad mühiti mövcudur. Müxtəlif sferaları özündə birləşdirən 7 istiqamətli strateji yol xəritələri hər iki dövlət tərəfindən təsdiq olunmuşdur. Azərbaycan xalqı və Prezidenti Rusiya ilə münasibətlərin dinamikasından çox məmnundur. İkinci Qarabağ Müharibəsindən sonra əlaqələrin normalaşdırılması və sülhyaratma prosesində Rusiyanın mövqeyi alqışlanandır. Biz və o cümlədən də bütün dünya bilir ki, post-müharibə dönəmində Rusiya olmadan hər hansı bir real nəticə əldə etmək mümkünsüzdür.

Ermənistanın noyabr ortalarında dövlət sərhəddində həyata keçirmək istədiyi təxribatın qarşısı qətiyyətlə alınmışdır. Aydın məsələdir ki, Vətən Müharibəsində şanlı ordumuzun vurduğu ağır zərbələrdən sonra hələ də özünə gələ bilməyən Ermənistan ordusu Azərbaycana qarşı bu təxribatlardan heç bir nəticə əldə etməyəcək. Lakin Ermənistan regionda müharibənin hələ bitmədiyini, dünya birliyinə münaqişənin sanki davam etdiyini sübut etməyə çalışır. Münaqişənin siyasi həllinin əldə olunması istiqamətində digər dövlətlərin müdaxiləsi Ermənistanın məqsədidir. Bir az da dəqiqləşdirsək, ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında danışıqların bərpa edilməsi və mövcud status-kvonun daha otuz il uzanmasına çalışan Nikol Paşinyan bu dəfə də niyyətinə çata bilməyəcəkdir. Özünün də dediyi kimi bütün dünyanı öz dırnaqarasında yaşlı gözləri ilə bezdirən erməni baş nazir özü belə başa düşür ki, münaqişə bitməlidir. Sonuncu Soçi görüşündə qəbul olunmuş üçtərəfli bəyanata nəzər yetirdikdə aydın olur ki, ATƏT-in Minsk qrupunun adının çəkilməməsi münaqişənin həllində digər tərəflərin iştirakının dəstəklənməsindənsə, iki dövlət arasında münasibətlərin, əlaqələrin qurulmasına işarədir. Azərbaycan Prezidenti dəfələrlə münaqişəni geridə qoymağa hazır olduğumuzu və yeni reallıqlar fövqündə yeni dövrü dəstəklədiyini ifadə etmişdir.

Noyabrın 26-da Moskvada üçlü formatda dövlət başçıları və Ermənistan baş nazirinin iştirakı ilə keçirilən görüşün sonunda qəbul olunmuş bəyanata nəzər yetirdiyimiz zaman açıq görə bilirik ki, təxribatçı Ermənistan öz niyyətinə nə döyüş meydanında, nə sərhəd pozuculuğunda, nə də diplomatik masada çata bilməmişdir. Maraqlı məqam ondan ibarətdir ki, Moskvaya yola düşməmişdən əvvəl Nikol Paşinyan tam fərqli bəyanatlar verir, Zəngəzur dəhlizi ilə bağlı ağılasığmaz ifadələrdən istifadə edirdi. Lakin birmənalıdır ki, daxili seçicilərinə verdiyi bütün “cəsarətli” bəyanatların sonunda özünü həm çətin, həm rəzil vəziyyət salan Paşiyan yeni reallıqlarla barışmalıdır. Görüşün sonunda Rusiya Prezidentinin bağışladığı sülhü özündə ehtiva edən zeytun budağının da Ermənistan cəmiyyəti və revanişt hisslərlə yaşayanlar üçün dərin mənalı bir ismarıc olduğu qənaətindəyəm.

Artıq uzun bir müddətdir ki, Dağlıq Qarabağ ifadəsi, status kəlməsi nəinki bir rəsmi açıqlamada, bəyanatda, hətta Ermənistan tərəfinin rəsmi şəxslərinin şifahi ifadələrində də özünə yer tapmır. Görünür Müzəffər Ali Baş Komandan İlham Əliyevin status ifasinə göstərdiyi yeri bütün dünya anlamaqdadır. Sonuncu bəyanatın mətnində Qarabağ ifadəsinin ümumiyyətlə əks olunmaması bundan sonra həll olunacaq məsələlərin siyasi deyil, hümanitar və texniki olduğuna işarədir. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirməsi və insidentlərin baş verdiyi ərazilərdə onların mövcud olmadığını deməsi çox incə məqamdır. Prezident Rusiyanın bölgədə sülhyaratma missiyasından narazı olmadığını ifadə etməklə Ermənistanın qərbə sözün bütün mənalarında ağız açmasına və yeni iştirakçıların prosesə qatılmasına da öz münasibətini bildirmiş oldu. Ermənistanın baş naziri bu mənasız gedişi ilə Rusiyanın həm qəzəbini qazandı, həm də Azərbaycanın dünyaya münaqişənin növbəti mərhələsinin həllində, milli maraqlar çərçivəsində istənilən iştirakçı ilə işləməyə hazır olduğunu ifadə etməsi üçün imkan yaratdı. Ermənistan qərbin təşkil edəcəyi Brüssel görüşünə can atmaqla özünün geçikdirdiyi, süni manelər yaratdığı delimitasiya, demarkasiya məsələlərini və Zəngəzur dəhlizinin reallaşdırılmasını tezləşdirdi. Cənab İlham Əliyevin yenilikləri görmək üçün çox gözləməyin lazım olmayacağını vurğulaması da hadisələrin sürətli inkişaf dinamikasından xəbər verir.

Soçi görüşündən sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabaddakı görüşünə gedən Prezident cənab İlham Əliyev ölkəmizin qısa müddət ərzində əldə etdiyi iqtisadi uğurlar barəsində ətraflı məlumat vermişdir. Əlbəttə, iqtisadi ekspertlər cənab Prezidentin çıxışını şərh edəcəklər. Lakin mən İƏT çərçivəsində həyata keçirlmiş görüşlərin siyasi mahiyyətinə toxunmaq, bəzi mətləbləri diqqətinizə çatdırmaq istərdim. Ən əsas məqam ondan ibarətdir ki, Vətən Müharibəsindən sonra Müzəffər Ali Baş Komandan kimi qəbul olunan cənab İlham Əliyev ötən bir il ərzində siyasi və diplomatik davranışları ilə həm də regional sülhə töhfə verdiyini dünyaya nümayiş etdirdi. Zəngəzur dəhlizinin açılması ilə Turan birliyinə öz tarixi töhfəsini verəcək Azərbaycan xalqı və rəhbəri Türkmənistanın paytaxtı Aşqabadda böyük şövqlə qarşılandı. 26 noyabr bəyanatında növbəti dəfə istədiyini əldə etmiş bir lider olaraq möhtərəm İlham Əliyevin hər görüşü, hər addımı böyük marağa səbəb olmuşdur.

İƏT-də təmsil olunan dövlətlərin bir hissəsi həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Aşqabad görüşü zamanı KTMT-ya daxil olan bir qrup dövlət və hökümət başçılarının Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi şanlı Zəfər münasibəti ilə təbrik etməsi Ermənistanın silsilə məğlubiyyətlər seriyasına növbəti halqanı da əlavə etdi. Bu, o demək idi ki, bundan sonra da hər hansı bir hərbi əməliyyat başlayarsa, KTMT-ya üzv olan dövlətlər Ermənistanın yalançı göz yaşlarına inanmayacaqlar. Necə ki, Vətən müharibəsində inanmamışlar. Aşqabad görüşü əsnasında Azərbaycan Prezidentinin iki qardaş ölkə olan Türkiyə və Pakistan rəhbərləri ilə olan səmimi görüşləri ilə də yaddaqalan olmuşdur.

İran İslam Respublikasının yeni seçilmiş prezidenti Seyyid İbrahim Rəisi ilə cənab Prezidentin görüşü bütün dünya mediyasının marağına səbəb olmuşdur. Cəmi bir necə ay əvvəl cənub qonşumuzun suveren haqqlarımıza saymazyana yanaşması dövlətimizin sərt mövqeyinə tuş gəlmiş və nəticədə dünyanın ən müasir döyüş qabiliyyətinə malik ordusuna və siyasi iradəsinə sahib dövlətimizin qarşısında İran geri addım atmışdır. Əslində Aşqabad görüşü çox konstruktiv keçdi. İran suveren hüquqlarımıza hörmət etdiyi müddətdə yaratdığımız yeni reallıqlar İran dövlətinin və xalqının yalnız tərəqqisinə xidmət edəcəkdir. Bu görüşdə bir daha İran İslam Respublikası ilə əməkdaşlığın, yaxın dostluq münasibətlərinin arzulandığı ifadə olunub. İran dövlətinin də suveren hüquqlarımıza hörmətlə yanaşmasını ifadə etməsi və bu istiqamətdə konkret addımların atılması yenidən tarixi münasibətlərə malik dövlətlərimizin firəvan gələcəyə birgə addımlayacağına olan ümidləri artırmışdır.