YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər, müqəddəs şəhər Ağdam

Mətanət Ağamirli

Əməkdar jurnalist

Müzəffər sözü əslində Zəfərin müəllifi anlamına gəlir. Amma  Müzəffər sözü məlum hadisələr baxımından həm də Zəfərin müəllimi kimi  anlaşıla bilər.

8 noyabr Şuşa Zəfərindən başqa alnına qismət kimi həkk olunan  gör neçə MÜZƏFFƏRİMİZ var.  Onların da Zəfər müəllimi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Azərbaycan prezidenti həm də ona görə Zəfərin müəllimidir ki, həmin Böyük Zəfərdən cəmi 12 gün sonra bir güllə belə keçmədən, bir can belə qurban vermədən Ağdamın  xilasını təmin etdi.

 Ağdam haqqında "27 il Ağdamsız" düşüncələrimdə bu ifadə vardı – Müzəffər! Çünki işğaldan öncə də Ağdamın  haqqında düşüncə elə bu cür idi – Müzəffər! Ağdam hansı tərəfdən baxsan qalib görünürdü, qalib olmağı sevən bir cəmiyyət idi.  Elə o bərk yerindən çat vermişdi Ağdam! Sındırmışdılar namərdlər onun qalib qamətini, son 30 ildəki Qarabağ, Ağdam  tarixini bütün müasirlərimiz yaxşı bilir...

Qarabağın itirilməsi Ağdamın işğalı ilə sona çatmışdı...   1988-ci il fevralın 22-də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başladılan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşma yaxşı yadımdadır. Əsgəran qəsəbəsi yaxınlığında erməni millətçiləri Ağdamlı iki gəncimizi — Əli Hacıyevi və Bəxtiyar Quliyevi qətlə yetirdilər. Həmin dönəmdən xatırladığım Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın Ağdam gənclərinin qarşısında yerə sərdiyi baş örtüyü var... Bir də Ağdam gənclərinin bu dəyəri tapdayıb keçə bilməyən, boğazlarında düyünlənən qisası...

Həmin qeyrət rəmzinə bükülüb torpağa kömülən 6 min ŞƏHİDDİR Ağdam! 28 ildə hər biri 6 min dəfə ölüb dirilən ağdamlılardır  Ağdam! Unudulmayacaq itkilərimiz və  28 il sonra yenidən  dirçəlmək, böyük qayıdışdır Ağdam!

Doğma şəhərimin  uşaqlıq xatirələrimdə qalan simasının məhv edilməsi,  40-45 il öncəki xatirələrin pərən-pərən düşməsi bir ayrı əzabdır.  Amma yenidən aparılan bərpa-quruculuq İşləri, yeni baş plan,  qayıdış, canlanma, dirçəliş - bütün bunların şahidi olmaq da Tanrının lütfü... 

2020-ci ilin sentyabrın sonuna qədər mərmilərin partlaması Tərtərdə, Goranboyda, Bərdədə eşidilirdisə, indi İrəvanda ermənilərin canına qorxu salır... Xəyal etməzdik!  Xəyal etməzdik ki, indi bu yol Ağdamdan keçib Şuşanın da boynuna dolanıb üzü Zəngəzur Naxçıvana gedəcək. Şərqin Qapısından bütün Türk dünyasına açılacaq.  Qarabağa Böyük Qayıdış yolu Ağdamdan keçir, çünki bu yol Ağdamda qırılmışdı.

Mayın 28-də Respublika Günündə Ağdam şəhərinin baş planının rayonun özündə təşkil edilən təqdimatı şübhəsiz təkcə rəmzi xarakter daşımırdı. Çünki Ağdam həm də azadlığın havasıdır. 

Bərdə–Ağdam magistralının çəkilişi sürətlə davam edir. Ağdamın ilk sivil məktəbinin, yaşayış evinin, Zəfər muzeyinin özülü qoyulub. Qarabağ xanlarından yadigar qalmış “İmarət” kompleksinin bərpasına və İşğal müzeyi yaradılmasına qərar verilib. Bu isə Qarabağın, onun döyünən ürəyi olan Ağdamın həqiqi sahiblərinin əbədi bu yerlərə qayıtması deməkdir!

28 il  yuxularımda gedib gəzdiyim doğma şəhərimin işğaldan azad olunmasının bir ili tamamdir.  Ötən illərdə  hər gün xəyal etdiyim

bu azadlığın əbədiliyinə,  müqəddəs torpağımızın qalib görkəmini bərpa edib yenidən əzəmətli tarixini davam etdirəcəyinə əminəm! 

Ağdam Qafqazın Xerosiması olmaqdan qurtulacaq, qəlbində min yara olsa da bərpa olunacaq, qalib görkəmini də qaytaracaq. Damlarını yenidən ağ tikək Ağdamın, qoy, bundan sonrakı taleyi də ağ olsun!

Bizi müqəddəs, ulu əcdadlarımızın, bir də 6 min şəhidimizin ruhu bağışlasın! Bağışlasın, hallalıq versin ki, bu müqəddəs torpaqlarda halal ev-eşiyimizə qayıdıb halal həyatımızı başlaya bilək!

Qarabağın süqutu Ağdamın işğalı ilə baş vermişdi, Qarabağın qüruru da Ağdamın bərpası ilə təmin olunacaq! Müzəffər Ali Baş komandan İlham Əliyevin dediyi kimi, Ağdam Azərbaycandır!

DİGƏR Xəbərlər Arxiv