YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlib” mövzusunda videoformatda konfrans keçirib.  

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev konfransı açaraq partiyanın yaradılmasının 29-cu ildönümü və Vətən müharibəsində qazanılmış Qələbənin bir illiyi münasibətilə təbriklərini çatdırıb. Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu haqqında iştirakçılara ətraflı məlumat verən T.Əliyev bildirib ki, 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan tarixi bir gündür. Onun sözlərinə görə, həmin gün yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olmaqdan xilasının əsası qoyulub: “1992-də hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni etmişdi. Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə münasibəti pisləşmiş, respublikamız beynəlxalq aləmdə təklənmişdi. Cəmiyyətdə ümidsizlik əhval-ruhiyyəsi hökm sürürdü. Belə bir faciəli vəziyyətdən xalqı çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin – yeni bir partiyanın yaranması zərurəti ortaya çıxmışdı. Xalq birmənalı şəkildə dərk edirdi ki, Azərbaycanı xilas etməyin yeganə yolu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsidir”.

Konfransda YAP Göygöl rayon təşkilatı sədrinin müavini səlahiyyətlərini icra edən Vüqar İsayev, rayon təşkilatının Balçılı kənd xəstəxanası ərazi partiya təşkilatının sədri Gəray Abuzərov və təşkilatın Hacıməlik qəsəbə İƏD-i üzrə nümayəndəliyi ərazi partiya təşkilatının sədri Səbuhi Məmmədov çıxış edərək vurğulayıblar ki, Ümumilli Lider Heydər Əliyev, Onun layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində Azərbaycan regionun lider dövlətinə və dünyanın sabit, sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs fəxri fərmanlarla təltif ediliblər.